1987-ci ildən Azərbaycan Yazıçılar Birliyinə rəhbərlik edən Xalq yazıçısı Anarın hələ də sədr postunda qalması bəzi qələm adamları tərəfindən tənqid olunur. İddialara görə, AYB-də yenilənmə və islahatlara ciddi ehtiyac var. Anardan sonra qurumun gələcəyi necə olacaq? AYB-yə yeni nəfəs gətirəcək kimlər ola bilər? Yazıçılar Birliyi bu formatda davam etməlidirmi, yoxsa qurum ləğv edilməlidir?
Medianews.az bu barədə yazıçılar arasında sorğu keçirib.
Cavabları təqdim edirik.

Yazıçı Alpay Azər:
“Dəyərli yazıçımız Anardan sonra bu quruma sədr ola biləcək iki namizəd ağlıma gəlir. Səlim Babullaoğlu, Fərid Hüseyn. Savad, dünyada gedən ədəbi prosesləri izləyən, təşkilatçılıq qabiliyyəti olan üstəlik, yaradıclıqda öz istedadını sübut etmiş bu iki şəxsdən başqa heç kim ağlıma gəlmir. Qaldı ki, AYB-yə, fəaliyyətini davam etdirməlidir”.

Şair Cəlil Cavanşir:
“1987-ci ildən Azərbaycan Yazıçılar Birliyinə rəhbərlik edən Xalq yazıçısı Anarın hələ də sədr postunda qalması məni qətiyyən narahat etmir. AYB-də heç bir yenilənməyə və islahatlara ehtiyac görmürəm. AYB bu halıyla möhtəşəmdir, hətta Azərbaycan ədəbiyyatının alınmaz qalasıdır, Anar müəllim də qəhrəman qalabəyidir. Anardan sonra qurumun gələcəyi olmayacaq. AYB-nin gələcək sədri isə Nəriman Həsənzadə olsa daha yaxşı olar. Arzum budur ki, Yazıçılar Birliyi bu formatda davam etsin, gələcək sədri də Nəriman Həsənzadə olsun”.

Yazıçı Ömər Xəyyam:
“AYB-nin bilavasitə kiminsə yaradıcılığına yaxşı, ya da pis - heç bir təsiri yoxdur. Əgər sən cümlə qura, yaza bilmirsənsə, Birliyin sədri Seymur Baycan oldu ya ki Qılman İman - nə təvafütü? Yaxud başqa sual: Məsələn, yazıçı olduğuna görə kim sənə pul verməli idi ki, Anar o pulu alıb qoyur cibinə? Yaxud: Kiməsə yazıçı olduğuna görə ev verilirsə, niyə əsəbiləşirsən? Düşünürsən ki, ev verilən haman binəva yazıçı deyil? Və yazıçı olmayan birinə "yazıçı" olduğuna görə ev verilib? Bəs yaxşı, niyə əsəbiləşirsən? Yazıçılar Birliyi hakim sistemin defunksional mexanizimlərindən biridir və heç olmasa, verdiyi evlərdə - yazdıqlarını sən bəyənməsən də, mən bəyənməsəm də, şair oturur, yazıçı oturur... AYB-ni "haqq/sənət" üstə qınayanların davası Anarın, eləcə də Birliyin digər vəzifəlilərinin yaradıcılığı ilə yox, əslində, onların imtiyazları, pul/paraları ilədir. "Anar elə elədi", "Səlim müəllim filan yerə getdi", "Rəşad müəllim kostyum aldı..." - belənçi ucuz iradlar boş başların danqıltılarıdır; məişət qayğılarından doğan atmacalardır və bu cür ucuz qeybətin sənətin/yaradıcılığın özünə heç bir aidiyyatı yoxdur. Açığı, günü bu gün çoxdan ölmüş söhbətə görə narahat olanların psixoloji sağlamlığına şübhə edirəm. Uzaq keçmiş deyil ki... - eyni yolda neçə istedad qurban getdi... Həmid, Murad, Seymur... Ömrünü bu "davaya" həsr etmək, bir növ, düşmən uydurub onunla döyüşmək, ölmüş eqonun dibinə su tökmək və özünün məzmunsuzluğuna məna yükləmək... - heç nə! Faydalı iş əmsalı olmayan boşboğazlıq! Küy, qarğaşa. Üstəlik, bir xeyli "vəsiqəsiz" də bu dava/dalaşla, umu/küsüylə özünün yoxluğunu ovundurur və fərqində deyil ki, onun "var oluşu" üçün məhz AYB var olmalıdır. Məhz AYB. Bəli. Məhz bu "döyüş"lə var olan, xatırlanan imzalar var... Əgər yazmağa mane olan adamı, istedada verilməyən dəyərin yerini axtarırsınızsa, o dəqiq AYB-də oturmur. ...ayebeyəcən o qədər döngə, o qədər küçə, o qədər sədr var ki... Ümumiyyətlə, yaradıcı fərdin - yəni özünü "yaradıcı" kimi təqdim edən fərdin problemi Yazıçılar Birliyidirsə, o fərd, ən yaxşı halda, status yaza bilər... onu da yaza bilsə”.

Yazıçı Nicat Həşimzadə:
“Bu dəqiqə öz gələcəyim necə olacaq , heç bilmirəm. Sözün düzü, AYB-nin gələcəyi indiki halımda mənə heç maraqlı deyil”.
Medianews.az