Dünya sürətlə dəyişir və bu dəyişiklik qaçılmaz idi. Artıq heç kim köhnə qanun və qaydalarla idarə olunmaq istəmir; bu, böyük dövlətlərə də, kiçik dövlətlərə də eyni dərəcədə aiddir. Əslində, 44 günlük müharibə təkcə müasir döyüş metodlarının ilk qığılcımı deyil, həm də yeni beynəlxalq münasibətlər sisteminin yaranacağına dair ciddi bir işarə idi. Müharibə bitəndən dərhal sonra yazırdım ki, hər şey dəyişəcək: böyük müharibələr qapıdadır, dövlətlər artıq nəhəng təşkilatlar şəklində yox, daha çevik, kiçik qruplar halında hərəkət edəcək. Hesab edirəm ki, yeni dünya düzənində tərəflər hələ tam formalaşmayıb. 2020-21-ci illərdə qeyd etdiyim kimi, artıq "balanslı siyasət" yürütməklə qorunmaq mümkün olmayacaq.
Rusiyanın Ukraynaya təcavüzü ilə proseslər daha çılpaq və amansız xarakter almağa başladı. Donald Trampın hakimiyyətə gəlişi isə pərdəarxası gedən oyunları açıq müstəviyə keçirdi. Tramp ilk addımlarında Qrenlandiya, Kanada və Panamanı hədəf taxtasına qoydu. ABŞ mətbuatı bu ambisiyaları "nəhayət", "axır ki" kimi başlıqlarla tirajladı. Maraqlıdır ki, Trampın gəlişindən sonra Ukrayna işğalına görə dünyanın hədəfində olan Putin sanki arxa plana keçdi; Tramp baş verənlərin bütün məsuliyyətini Bayden administrasiyasının üzərinə yüklədi.
Rusiyada bəzi politoloqlar postsovet ölkələrinə həmişə "dırnaqarası" baxıblar. İndi isə onlar sanki yarışa girərək bu ölkələrin müstəqilliyini açıq şəkildə sorgulayırlar. Əlbəttə, bu iddialar absurddur, lakin məsələ bizim nə deməyimiz deyil, dünyanın hansı təhlükəli yola girməsidir. Məsələn, ABŞ-ın Venesuela prezidentinə qarşı apardığı əməliyyat və onun oğurlanaraq aparılmasına, məhkəmə qarşısına çıxarmasına cavab olaraq, digər regionlarda oxşar ssenarilər hazırlanır. Dünənə qədər Tayvanı hərbi yolla necə tutmağı planlayan Çin, bu gün artıq Tayvan rəhbərliyini "oğurlamaq" məşqləri edir. ABŞ faktiki olaraq Qrenlandiyanı ilhaq etməyə hazırlaşır, Avropa isə çətin seçim qarşısındadır: ya mübarizə aparmalı, ya da mumalıdır. Tramp o dərəcədə ciddidir ki, müqavimət göstərən ölkələrə qarşı gömrük rüsumlarını artırır. Ən paradoksal məqam isə odur ki, bu ölkələrin çoxunda ABŞ hərbi bazaları mövcuddur. Onlar bu bazaları çıxarsalar, Rusiya təhdidi ilə üz-üzə qalacaqlar. Almaniyanın gah Rusiyanı təhdid görüb, gah da "Rusiya əslində Avropa ölkəsidir, onunla dil tapmalıyıq" deməsi məhz bu çarəsizliyin əlamətidir. Deyir, çirkini öpməyiblər, özün namuslu sayıb. Eynən Avropa İttifaqı kimi. Bir tərəfdən Rusiya "öpür", bir tərəfdən ABŞ "namusun korlayır". İndi təhlükəsizlik, müdafiə, təhdidə qarşı müqavimət yadlarına düşüb.
Azərbaycan Prezidentinin son müsahibəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrə birgə hərbi təlimlər keçirməyi təklif etməsi təsadüfi deyil. Rusiyadan gələn son "çağırışlar" fonunda bu bəyanatın mahiyyəti daha aydın görünür. Faktiki olaraq, şimaldan gələn təhdidlər Türkiyə istisna olmaqla, demək olar ki, bütün TDT üzvlərini hədəf alır.
Azərbaycanda bir çoxları elə hesab edir ki, Şuşa Bəyannaməsi təhlükəsizliyimiz üçün mütləq qarantiyadır. Lakin indiki geosiyasi reallıqlar fonunda bu, bir qədər mübahisəlidir. Bəyannamənin mətni NATO-nun 5-ci maddəsi kimi praktiki və operativ deyil. Tərəflərin müzakirə aparması və BMT nizamnaməsinə uyğun addım atması nəzərdə tutulur ki, bu da hadisələrin indiki sürəti ilə müqayisədə çox ləng mexanizmdir. Hesab edirəm ki, bu istiqamətdə daha kəskin və praktiki addımlara ehtiyac var.
Niyə Türkiyənin təkbaşına zəmanəti yetərli olmaya bilər? Çünki biz Türkiyənin strateji prioritetini dəqiq anlamalıyıq: bu, Yaxın Şərqdir, yoxsa Cənubi Qafqaz? Türkiyə Yaxın Şərqdə əsas oyunçulardan biridir, lakin Orta Asiya və Cənubi Qafqazda eyni gücü qoruya biləcəyi müzakirə mövzusudur. Hətta Türkiyənin özü, NATO üzvü olmasına rəğmən, Pakistan və Səudiyyə Ərəbistanı ilə hərbi ittifaq imkanlarını araşdırır, danışıqlar aparır. Bu o deməkdir ki, biz təhlükəsizliyimizə dar çərçivədən yox, daha geniş pəncərədən baxmalıyıq. Bəlkə də böyük güclər (ABŞ, Rusiya, Çin) Cənubi Qafqazla bağlı gizli bir anlaşmaya varacaqlar, uzalaşacaqlar və təhlükə bizdən yan keçəcək. Amma indiki dünyada heç nəyə 100 faiz zəmanət yoxdur.
Hesab edirəm ki, gələcəkdə böyük dövlətlərin veto hüququ ilə iflic olmuş BMT kimi strukturların yerini, konkret hərbi-iqtisadi maraqları olan çevik koalisiyalar tutacaq.
Səxavət Məmməd