Türkiyədə altı il öncə görmə qabiliyyətini itirən 75 yaşlı Huriye Sarıoğlu kornea(gözün buynuz qişası) transplantasiyası əməliyyatından sonra görməyə başladı.
Medianews.az xəbər verir ki, əməliyyatı türkiyəli həkim Yusif Yıldırım həyata keçirib.
O, bildirib ki, xəstənin hər iki gözündə ciddi görmə itkisi var idi. Əməliyyat onun həyat keyfiyyətini əhəmiyyətli dərəcədə artırıb. “Korneanın yalnız xəstəlikli daxili qatını dəyişdik. İndi sağ gözü yaxşı görür, sol gözü üçün də əməliyyat planlanır”, – deyə o əlavə edib.
Həkim vurğulayıb ki, kornea transplantasiyaları görmə itkisini aradan qaldırmaq üçün effektiv üsuldur və bunun üçün orqan və toxuma köçürməsinin yayılması həyati əhəmiyyət daşıyır.
Əməliyyatdan sonra Huriye Sarıoğlu yaşadığı sevincini belə ifadə edib: “Altı ildir görmürdüm, çox çətin günlər keçirdim. Əməliyyatla yenidən işığa qovuşdum. Bu, orqan köçürülməsi sayəsində mümkün oldu. Hamını bu mövzuda həssas olmağa çağırıram”.
Medianews.az

