İqlim dəyişikliyi 2050-ci ilədək insanların fiziki aktivliyinə və ümumi sağlamlıq vəziyyətinə ciddi mənfi təsir göstərəcək.
Bu barədə "The Lancet Global Health" nəşri araşdırmalar nəticəsində məlumat yayıb.
Araşdırmalar göstərir ki, yüksəktemperaturlu hava şəraitində idmanla məşğul olmaq həyat üçün təhlükə yarada bilər. Digər tərəfdən, istilər səbəbindən yaranan passiv həyat tərzi şəkərli diabet, ürək-damar xəstəlikləri, müəyyən xərçəng növləri və psixoloji pozuntuların riskini artırır.
Tədqiqatlara əsasən, aylıq orta temperaturun 27.8°C-ni keçdiyi hər dövr qlobal fiziki aktivliyi 1.5%, aşağı və ortagəlirli ölkələrdə isə 1.85% azaldacaq. Fiziki hərəkətsizliyin artması qlobal əmək məhsuldarlığına illik 2.4-3.68 milyard dollar civarında ziyan vura və vaxtından əvvəl ölüm hallarını sürətləndirə bilər. Bu vəziyyətdən ən çox isti iqlim zonalarında yerləşən ərazilər zərər çəkəcək.
Tədqiqatçı Kristian Qarsia-Vitulski qeyd edir ki, yüksək hərarət insanların hərəkətliliyini məhdudlaşdırmaqla yanaşı, sosial bərabərsizliyi də dərinləşdirir. Çünki risk altındakı regionların iqlimə adaptasiya olmaq imkanları kifayət qədər məhduddur. Hazırda planet əhalisinin təxminən üçdə biri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi fiziki aktivlik normalarına əməl etmir./oxu.az