05.08.2025, 12:18
455 baxış
Azad
“Qarabağ” tarixi fürsətin astanasındadır
“Qarabağ” futbol klubu tarixi bir fürsətin yenidən astanasındadır. Lakin komanda ən güclü olmalı dönəmində, ən formada olmayan vəziyyətlərindən birini yaşayır.
Püşk bu dəfə həqiqətən üzümüzə gülüb. 3-cü mərhələdə rəqibimiz, ümumiyyətlə bu mərhələyə gəlib çatması möcüzə olan, maksimum Avropa uğurları elə seçmə mərhələlərlə limitlənən klubdur.
Play-off-a çıxacağı halda, potensial rəqiblərindən birinə səfərdə 7, digərinə 3 qol vurduğu komandalar “Qarabağ”ı gözləyir. Bukmeykerlər ÇL-in əsas mərhələsinə ən real namizəd kimi “Qarabağ”ı göstərirlər. Təkcə axşamkı oyun üçün belə, rəqibin qazanma əmsalı 5.42-dən başlayır.
Həqiqətən, “Qarabağ” klubunun bu səviyyələrə gəlib çatması bizi sevindirir. Biz sözsüz ki, klubumuza da, klubun təmsil etdiyi şəhərə də, məşqçi, oyunçularına və rəhbərliyinə dərin təşəkkür edir və hörmət edirik.
Amma “Qarabağ”ın transfer siyasəti, atdığı addımlar azarkeşləri narahat edir. Klubun transfer siyasəti ucuz oyunçu alıb, baha satmaq — alverçi məntiqinə əsaslanır. Ən formada olan oyunçunu göndərib, yerinə tutarlı transfer etməmək heç bir məntiqə sığmır.
Guya məlumat gəzir ki, oyunçular Azərbaycana gəlmək istəmirlər. Bu uydurma bəhanə haradan çıxıb axı? Azərbaycan Suriya-zad deyil ki? Normal, təhlükəsiz ölkədir. Klub hər il Avropada oynayır. Avropada oynamaq istəyən yüzlərlə oyunçu var. Necə yəni futbolçu Azərbaycana gəlmək istəmir? Bu, məncə yaxşı bəhanə deyil.
Musaya da, Nərimana da azərbaycanlı oyunçu kimi yanaşmamız və hörmətimiz yüksəkdir. Onlar daha da yaxşı ola bilərlər. Amma reallıq odur ki, biz ÇL istəyiriksə, daha güclü hücumçu transfer etməliyik. Belə bir şans həmişə, hər zaman olmur.
Ümid edirəm ki, “Qarabağ” yenə də yoluna davam edər, elə Nərimanla ÇL qruplarına gedib, bizi susdurar. Doğma komandama uğurlar arzu edirəm.
Fərid Pərdəşünas,
bloqçu