Medianews.az
Azərbaycan dilinə cavabdeh olan nazirik - <span style=color:red>Yeni struktur yaratmalıdır
223 baxış

Azərbaycan dilinə cavabdeh olan nazirik - Yeni struktur yaratmalıdır

İyulun 31-də Prezident İlham Əliyev “Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”yə əlavələr edilməsi haqda fərman imzalayıb. Fərmana əsasən, nazirliyin vəzifələri sırasına bunlar da daxil edilib: - Müvafiq sahədə Azərbaycan dilinin tətbiqinə, Azərbaycan dili haqqında normativ hüquqi aktlara, o cümlədən Azərbaycan dilinin normalarına əməl olunmasına nəzarəti həyata keçirmək. - Azərbaycan dilinin inkişafının təmin edilməsi, habelə Azərbaycan ədəbiyyatının xaricdə, xarici ədəbiyyatın Azərbaycan Respublikasında tanıdılması və təbliği işini həyata keçirmək. Mədəniyyət Nazirliyi bu fərmandan irəli gələn hansı addımları atmalıdır? Azərbaycan dilinin tətbiqinə, dil haqqında normativ hüquqi aktlara, o cümlədən dilimizin normalarına əməl olunmasına nəzarəti həyata keçirmək üçün ilk növbədə hansı tədbirlərin görülməsinə ehtiyac var? Mövzu ilə bağlı Medianews.az-a danışan Prezident təqaüdçüsü, Əməkdar jurnalist, professor Qulu Məhərrəmli bildirib ki, dövlət başçısının Mədəniyyət Nazirliyinin fəaliyyətində Azərbaycan dilini mühüm bir istiqamət kimi müəyyənləşdirməsi çox məntiqlidir: "Ona görə ki, bizdə Azərbaycan dilinin işlənməsi ilə bağlı ciddi problemlər var. Bununla bağlı konkret məsuliyyət daşıyan müəssisələr isə demək olar ki, yox idi. Düzdür, Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu var, ondan əvvəl Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi, Azərbaycan Tərcümə Mərkəzi var idi. Amma konkret olaraq məsuliyyəti öz üzərinə götürən və bunun üçün cavabdehlik daşıyan təşkilat demək olar ki, yox idi. Elmi problemlərlə, dil normaları ilə məşğul olanlar var. Ancaq geniş mənada dilin sosial statusu ilə bağlı, dilin işlənməsinə cavabdehlik mənasında konkret bir qurum yox idi. Ona görə də “Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”yə əlavələri çox məntiqli hesab edirəm. Burada önəmli olan ana dilinin işlənməsi ilə bağlı bütün aspektlərin əhatə olunmasıdır: dil normaları, onun statusu, bu dil daşıyıcılarının ədəbi dil normalarına əməl etməsi, bunun üçün cavabdehliyin müəyyənləşməsi..." Q.Məhərrəmli qeyd edib ki, müstəqillik dövründə Azərbaycan dilinin inkişafı ilə bağlı 20-dən çox dövlət sənədi qəbul olunub: "Ana dili haqqında qanun var. Amma bunlar bir çox halda reallaşdırılmır. Bunun üçün məsuliyyət daşıyan şəxslər cəzalandırılmır. Dil sahəsində bir növ özbaşınalıq hökm sürür. Ona görə indi Mədəniyyət Nazirliyinə həvalə olunub, nazirlik bununla məşğul olmalıdır. Mədəniyyət Nazirliyi nə edə bilir? İlk növbədə nazirlikdə dövlət başçısının fərmanında göstərilən istiqamətləri öz fəaliyyətində əsas götürəcək yeni strukturun, ən azı şöbənin yaradılmasına ehtiyac var. Nəzərə alaq ki, burada söhbət təkcə dil qaydalarının gözlənilməsindən yox, həm də Azərbaycan ədəbiyyatının xaricdə, xarici ədəbiyyatın isə Azərbaycanda təbliğindən, yəni tərcümə işlərindən gedir. Bu isə vaxtilə mövcud olmuş Azərbaycan Tərcümə Mərkəzinin funksiyalarından biridir. Ona görə, şübhəsiz ki, struktur olmadan keçinmək çətindir. Bütün hallarda hesab edirik ki, Ana Dili Günü ərəfəsində belə bir fərmanın imzalanması Azərbaycan dilinə dövlət qayğısının bir təzahürüdür. Bundan sonra məsul şəxslər konkret istiqamətləri rəhbər tutub o xətlə getməlidirlər. Yəni biz artıq ana dilinin işlənməsi, onun qaydalarının gözlənməsi ilə bağlı cavabdeh şəxs kimi təkcə Nəsimi adına Dilçilik İnstitutunu yox, həm də daha yuxarı statuslu Mədəniyyət Nazirliyini görürük". Nailə Qasımova, Medianews.az

Bizə qoşulun