“Efirlərə çıxanda şərt qoyurlar ki, problemdən danışmayın...”
“Atama Eldəniz adını Xalq şairi Səməd Vurğun verib. Görkəmli aktyor Həsənağa Salayev atamın doğma dayısı olub. Həsənağa Salayev də Abdulla Şaiq, Səməd Vurğunla yaxın dost olub. Onlar bir-birinin evinə gedib-gəlib, bayramları qeyd ediblər. Bir dəfə də belə yığışanda gecə saatlarında Həsənağa Salayevin qapısını döyüb deyiblər ki, “bacının oğlu doğulub”. Badələri atamın dünyaya gəlməsinin şərəfinə qaldırıblar. Səməd Vurğun ona deyib ki, bacınoğlunun adını mən qoyacam. Badəni əlinə qaldırıb deyib ki, “Aybənizimiz var, Gülbənizimiz var, bu da olsun Eldəniz”. Atam da hər zaman fəxr edib deyirdi ki, “mənim adımı Səməd Vurğun qoyub”. Hətta mən uşaqlıqda bu sözü evdə o qədər eşitmişdim ki, xatirəmdə qalmışdı. Mən rus sektorunda oxuyurdum, dedilər ki, şeir öyrənin gəlin. Müəllim soruşdu ki, hansı şeiri öyrənmisən? Heç nə öyrənməmişdim. Dedi ki, Səməd Vurğundan şeir de. Mənim də atamın sözü yadıma düşdü, dedim ki, “Eldənizin adını Səməd Vurğun qoyub”. Uşaqlar başladı gülməyə. Müəllim üstümə qışqırdı ki, bu nədir deyirsən? Dedim ki, evdə bunu eşitmişəm. Açıqlamasını müəllimə daha dəqiq deyə bilmədim. Atam daha sonra məktəbə gedib, müəllimi başa saldı. Bundan sonra müəllimin mənə münasibəti də dəyişdi”
Bunu 
Medianews.az-a açıqlamasında mərhum Xalq artisti, sevilən aktyor Eldəniz Zeynalovun qızı Gülbəniz Zeynalova deyib.

Sənətkarın qızı bildirib ki, uzun illərdir atası ilə bağlı hazırlanan verilişlərə getmir. 
Bunun da səbəbləri var:
“Atam heç vaxt unudulmayıb. Sağ olsun efirlərimiz atamı hər zaman yada salır. Hər dəfə ad günlərində, anım günlərimdə atam xatırlanır. Televiziyalardan bir bilsəniz mənə və qardaşıma nə qədər zəng gəlir. Hər dəfə bizi dəvət edirlər. Sadəcə olaraq biz getmirik. Bəlkə də buna görə bir çoxu elə bilir ki, Eldəniz Zeynalov yada salınmır. Əksinə! Burada yeganə günahkar bizik. Qardaşım Məmməd rəhmətə gedəndən sonra ümumiyyətlə efirlərə çıxmıram. Həm də bir az incikliyəm. Atamı yad edirlərsə bizi də yad etməlidirlər. Atam bizim üçün yaşayırdı. Kirayələrdə qalıram, hətta kirayə pulunu belə vermədiyim üçün evdən çıxarıblar. Bəzən efirlərə çıxanda şərt qoyulur ki, filan mövzudan danışın. Eyni şeyi nə qədər danışmaq olar? Problemlərimizdən, maddi vəziyyətimizin pis olmasından, sıxıntılarımızdan danışmağa icazə vermirlər. Belə olan halda mən boş-boşuna niyə efirlərə çıxıb danışmalıyam ki?”.
Əli Əsgər
Medianews.az