Medianews.az
“Onlayn media dünyanın heç yerində qəzetlərin axırına çıxmayıb, bizdən başqa” - <span style=color:red>Elçin Şıxlı
246 baxış

“Onlayn media dünyanın heç yerində qəzetlərin axırına çıxmayıb, bizdən başqa” - Elçin Şıxlı

Bir vaxt Qafqazın ən güclü rusdilli qəzeti Azərbaycanda çıxıb - “Zerkalo”. 11 il əvvəl qapanıb, indi yalnız onlayn media kimi fəaliyyət göstərir. 1990-cı ildən həftədə bir dəfə, 1999-2014-cü illərdə gündəlik nəşr olunmuş qəzeti, çap versiyasını bərpa etmək şansı varmı? Medianews.az saytı sualı qəzetin baş redaktoru Elçin Şıxlıya ünvanlayır. Baş redaktorun cavabı qısa olur: “Şans var, şərait yoxdur”. Azərbaycanda onlayn medianın qəzetlərin axırına çıxdığını düşünənlər az deyil. Hərdən bu mövzuda sərt polemikalara da rast gəlirik sosial şəbəkələrdə. Ancaq E.Şıxlı fərqli düşünür. “Onlayn media dünyanın heç bir yerində qəzetlərin axırına çıxmayıb, bizdən başqa” – deyə o, Medianews.az-a açıqlamasında vurğulayır. E.Şıxlının fikrincə, qəzetçilik sahəsini dirçəltmək mümkündür. Tutalım, Sizə klassik medianı, qəzetçilik sahəsini dirçəltmək şansı, səlahiyyəti verilir, onda nədən başlayar, hansı addımları atardınız? Saytın sualına cavab olaraq E.Şıxlı bildirir ki, bundan ötrü ayrıca proqram hazırlanmalıdır. “Həmin proqramın təfərrüatı, nələri ehtiva etməli olması isə geniş mövzudur, bunu bir müsahibəyə, açıqlamaya sığışdırmaq çətindir” deyir baş redaktor. Və ən qəribəsi. Əslində qəribə də deyil, dövrün aynasıdır. Yeri gəlmişkən, oxucuya xatırlatmaq yadımızdan çıxıb: E.Şıxlı həm də fəaliyyətini dayandırmış “Ayna” qəzetinin baş redaktorudur. “Ayna”-“Zerkalo” - bir vaxtlar dövrümüzə Azərbaycan və rus dillərində güzgü tutmuş iki qəzet. Qəribə olan nədir? İki qəzetin baş redaktoru, Azərbaycanın ən tanınmış qəzetçilərindən biri... indi qəzet almır. Bu, Medianews.az-ın “Hər gün internet mediasını müntəzəm izlədiyinizə şübhəmiz yoxdur. Bəs qəzet necə, alırsınızmı?” sualına verilən cavabdan aydın olur. “Qəzet almıram. Nə qəzet var, nə də satıldığı yer” - E.Şıxlının cavabı belədir. E.Şıxlı 1957-ci il təvəllüdlüdür. Onun bir sıra nəsildaşları jurnalistikada qazandığı geniş təcrübəni gənc jurnalistlərə ötürmək imkanından məhrum kimi görünür. Ən müxtəlif səbəblərə görə. Bir səbəb də odur ki, guya yeni jurnalistikanın bu təcrübəyə o qədər də ehtiyacı yoxmuş... - Bəs, Elçin bəy, Siz necə, təcrübənizi gənc jurnalistlərə ötürə bilirsinizmi? - Mütəmadi şəkildə xeyr. Öyrənməyə isə həmişə ehtiyac var. - Bu ay milli mətbuatımızın 150 illiyidir. Bəlkə Azərbaycan mediasının 15 il sonrası ilə bağlı proqnoz verəsiniz oxucularımıza... - Proqnoz verməyi xoşlamıram. - Aydındır. Müsahibəyə görə çox sağ olun. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun