Medianews.az
Bezosun dəbdəbəli toyuna etirazlar: <span style=color:red>“Şəhər varlılara satılır”
163 baxış

Bezosun dəbdəbəli toyuna etirazlar: “Şəhər varlılara satılır”

“Amazon” şirkətinin sahibi, milyarder Ceff Bezosun İtaliyanın Venesiya şəhərində planlaşdırdığı dəbdəbəli toy mərasimi yerli əhali və fəallar arasında narazılıq doğurub. Medianews.az xatırladır ki, Ceff Bezos keçmiş televiziya aparıcısı Loren Sançeslə evlənir. Üç günlük toy mərasimi zamanı məşhur San Corco adası tamamilə icarəyə götürüləcək. Toyun dəqiq təfərrüatı açıqlanmasa da, İtaliya mediası mərasimin çərşənbə axşamından cümə axşamına qədər davam edəcəyini yazır. Qonaqlar sırasında Oprah Uinfri, Mik Caqqer, İvanka Tramp, pop ulduzu Keti Perri, Leonardo Di Kaprio və Eva Lonqoriya kimi məşhurların olduğu deyilir. Onlar Bezosun 500 milyon dollar dəyərindəki superyaxtasında təşkil olunacaq şənliklərə qatılacaqlar. Ancaq bu tədbir şəhərin bir hissəsində narahatlıq yaradıb. “No Space for Bezos” (“Bezosa yer yoxdur”) adlı qrupun üzvləri toyun mahiyyətcə şəhərin "özəlləşdirilməsi" və istismarı kimi qiytmətləndirir. Qrupun fəallarından biri belə deyib: “Bezos şəhərdən şəxsi toy zalı kimi istifadə etmək istəyir, sanki burada vətəndaşlar yaşamır”. Etirazçılar toyun bəzi ərazilərin bağlanmasına, sakinlərin hərəkət imkanlarının məhdudlaşmasına və kanallarda iri yaxtaların istifadəsi ilə bağlı ekoloji narahatlıqlara səbəb olduğunu vurğulayırlar. “Bu, Venesiyanın ehtiyacı olan şey deyil. Şəhər artıq həddindən artıq turizmdən əziyyət çəkir” – fəallardan biri vurğulayıb. Fəallar şəhərdə artan turizm axınının yaşayış xərclərini yüksəltdiyini, aşağı maaşlı və müvəqqəti iş yerlərindən başqa yerli əhaliyə heç nə vermədiyini bildirirlər. Onlar həmçinin Venesiyanın tarixi mərkəzində yerli əhalinin sayının azaldığını və mənzil probleminin dərinləşdiyini qeyd edirlər. “Şəhərimizi turistlərə, oliqarxlara verək, yoxsa xidmətlər, məktəblər, səhiyyə, iş yerləri istəyək?” – deyə fəallar soruşurlar. Etiraz aksiyaları artıq başlayıb. 12 iyunda fəallar San Corco adasındakı məşhur bazilikanın zəng qülləsindən üzərində Bezosun adının üstündən xətt çəkilmiş nəhəng plakat asıblar. Onlar 28 iyun tarixində daha bir aksiya keçirməyi planlaşdırır – fəallar kanalları qayıqla bağlayaraq toy iştirakçılarının keçidinə mane olmağa çalışacaqlar. Etirazların dinc keçiriləcəyi vurğulanır. Venesiya meri isə əks mövqe sərgiləyib və şəhərin belə bir tədbirə ev sahibliyi etməsindən qürur duyduğunu deyib: “Venesiya bir daha sübut edir ki, dünya səhnəsidir”. O, fəalları “Bezosun imicindən sui-istifadə etməyə çalışan kiçik bir qrup” adlandırıb. Şəhər rəhbərliyi bildirib ki, toyla əlaqədar ciddi hərəkət məhdudiyyəti olmayacaq, su taksiləri normal rejimdə işləyəcək və qonaqların sayı 200 nəfəri keçməyəcək. Qeyd edək ki, Venesiya bundan əvvəl də məşhur toy və beynəlxalq tədbirlərə ev sahibliyi edib. 2014-cü ildə aktyor Corc Kluni ilə Londonda yaşayan Livan əsilli Əməl Ələməddinin toyu da burada olmuşdu. Şəhər həmçinin G20 və G7 sammitləri, həmçinin Venesiya Film Festivalı kimi tədbirlərə ev sahibliyi edir.

Bizə qoşulun