Medianews.az
Qaladan Putini ittiham edən <span style=color:red>poster asılıb
170 baxış

Qaladan Putini ittiham edən poster asılıb

Estoniyanın Narva şəhərində, Rusiya ilə dövlət sərhədində, çay sahilində yerləşən qədim qalanın divarından Rusiya Prezidenti Vladimir Putinin faşist diktator obrazında böyük bir şəkli - poster asılıb. Aksiyanın təşkilatçısı qala divarları arasında yerləşən Narva Muzeyidir. Posterin üzərində ingilis dilində Rusiya Prezidentini müharibə cinayətlərində ittiham edən şüar yazılıb. Uzun illər əvvəl qədim qala divarlarının əhatəsində yaradılan və hazırda fəaliyyət göstərən Narva Muzeyinin direktoru Mariya Smorjevskix-Smirnova bildirib ki, bu aksiya "tammiqyaslı müharibələri və müharibə cinayətlərini xatırladan mesaj" kimi qəbul edilməlidir. Muzeyin direktoru yerli "ERR" nəşrinə açıqlamasında bu cür etiraz forması seçilməsinin səbəbini izah edərkən deyib: "Biz bu ay Avropa Gününü qeyd edir, sülhü, azadlığı qeyd edirik, amma o biri yandan da düz bizim sərhədimizdə artıq dördüncü ildir ki, Putinin başlatdığı işğalçı, genişmiqyaslı müharibə davam edir. Biz diktatoru öz adı ilə, olduğu kimi çağırırıq. Çünki müharibə cinayətləri elə müharibə cinayətləridir". Ardıcıl üçüncü ildir ki, Estoniyanın Narva Muzeyi məhz 9 mayda belə aksiya keçirir, qala divarından eyni şəkil və şüarı asır. Narva Muzeyi bunu elə edir ki, sərhədin o tayında, yəni Rusiya tərəfdə yerləşən İvanqorodda da bu posteri görmək mümkün olsun. Muzeyin direktoru aksiyanın Rusiya əleyhinə təxribat olması fikirləri ilə qətiyyən razılaşmır. 2025-ci ilin əvvəlində Moskva Şəhər Məhkəməsi Mariya Smorjevskix-Smirnovanı siyasi motivlərlə qiyabi mühakimə edib. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinə əsasən, bir qrup şəxslə əlbir olmaqla Rusiya ordusu haqqında saxta xəbərlər yaymaqda təqsirli bilinib və barəsində qiyabi həbs qərarı çıxarılıb. Rusiya ərazisində - İvanqorodda da hər il mayın 9-da Estoniya tərəfdən aydın görünən şəkildə ekranlar və səhnə quraşdırılır. Putinlə bağlı qala divarından asılan poster may ayının sonuna qədər orada qalacaq. Estoniyanın Narva şəhəri Rusiyadan yalnız bir çay vasitəsilə ayrılır, yəni çay həm də dövlət sərhəd xəttidir. Narvada rusdilli, rus məşəli xeyli insan yaşayır. Medianews.az  

Bizə qoşulun