Medianews.az
Dollar satışı: pandemiya dövründəki vəziyyət təkrarlanır - <span style=color:red>EKSPERT
281 baxış

Dollar satışı: pandemiya dövründəki vəziyyət təkrarlanır - EKSPERT

Aprelin 17-də Mərkəzi Bankın 2025-ci ilin birinci rübündə keçirdiyi valyuta hərraclarında Dövlət Neft Fondunun nə qədər ABŞ dolları satdığı bəlli olub. Belə ki, ilin üç ayında Dövlət Neft Fondu sözügedən valyuta hərraclarında 2 milyard 420,6 milyon ABŞ dolları məbləğində vəsait satıb. İqtisadçı ekspert Samir Əliyev məsələni Medianews.az-a şərh edib. O deyib ki, Dövlət Neft Fondunun bir rüb ərzində valyuta hərraclarında 2 milyard 420,6 milyon ABŞ dolları məbləğində vəsait satması 2020-ci ildən bəri ən yüksək həddir: “Koronavirus pandemiyası səbəbindən dünya bazarında neftin kəskin ucuzlaşması nəticəsində 2020-ci ilin yanvar, fevral, mart aylarında Dövlət Neft Fondunun cəmi valyuta satışı 2,8 milyard dollara yaxın olmuşdu. Bunun da 1,9 milyardı mart ayına düşürdü. Həmin dövrdə neftin kəskin ucuzlaşması da məhz mart ayına təsadüf edirdi”. S.Əliyevin sözlərinə görə, təxminən eyni vəziyyət 2025-ci ildə təkrarlanıb: “Mərkəzi Bankın yanvar-fevral ayları üzrə valyuta satışı barədə məlumatlarına istinad etsək görərik ki, bu aylarda satışın həcmi 900 milyon dollara çatmayıb. Belə çıxır ki, yarısı qeyri-iş günü olduğuna görə hərrac sayı da az olan ayda – mart ayında satılan valyutanın həcmi 1,6 milyarda yaxın olub”. Açıqlamasında S.Əliyev bir məqama da toxunub: “Dövlət Neft Fondu 2025-ci ildən başlayaraq satılan valyutanın həcmi barədə hər ay hesabat yaymağı dayandırıb. Mərkəzi Bank da mart ayından analoji addım atmağa başlayıb. Mərkəzi Bank rəhbərliyi bunu məzənnənin sabitliyi və hərracda valyuta tələbinin tam qarşılanması səbəbindən bu məlumatların ictimaiyyətə açıqlanmasının aktual hesab olunmaması ilə əlaqələndirib. Fikrimcə, bu, düzgün addım deyil. Əvvəla, ona görə ki, bu vəsaitlər ictimai maliyyənin tərkib hissəsidir və onun açıqlanması şəffaflıq və hesabatlılıq baxımından zəruridir. İkincisi, məlumatlara çıxışın məhdudlaşdırılması neftin ucuzlaşmasının yaratdığı indiki həssas dövrdə əlavə suallara və narahatlığa yol açır. Çünki gizlədilən və ya açıqlanması məqbul hesab edilməyən məlumatlar hər zaman düzgün olmayan nəticələr formalaşdırır”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun