Azərbaycanda bəzi müəssisələr işə qəbul zamanı yalnız ali və ya orta ixtisas təhsili haqqında diplomla kifayətlənmir, əlavə olaraq 11 illik ümumi orta təhsil haqqında attestat da tələb edirlər. Bu hal iş axtaranlar arasında bəzən çaşqınlıq və narazılıq yaradır. Müraciət edənlər arasında bu sənədin nə üçün mütləq şəkildə tələb olunduğunu anlamayanlar az deyil. Halbuki bir çox peşələr üzrə əsas göstərici şəxsin bacarığı və təcrübəsi olmalıdır.
Mütəxəssislər bildirirlər ki, bu kimi tələblər bəzən qanunvericiliklə deyil, müəssisələrin daxili qaydaları ilə tənzimlənir. Bəs bu yanaşma nə dərəcədə doğrudur? Bəs, maraqlıdır ki, işə qəbul zamanı XI sinif attestatının tələb olunmasının səbəbi nədir? Əsas olan şəxsin XI sinfə qədər təhsil almasıdır, yoxsa işlə bağlı bacarıqları?
Medianews-a məsələ ilə bağlı açıqlama verən
təhsil eksperti Elçin Əfəndiyev bildirdi ki, 11 illik attestatın iş üçün tələb olunması düzgün yanaşma deyil:
“Çünki mümkündür ki, vətəndaş 9 illik təhsildən sonra peşə təhsili alsın və ya müəyyən bir sahə üzrə ixtisaslaşsın. Bu zaman həmin şəxs 11-ci sinfi oxumasa da, müəyyən bilik və bacarıqlara sahib ola bilər. Yalnız attestata əsaslanaraq onun işə qəbul olunmaması ədalətsizdir. Bəzən 9 illik təhsili başa vurmuş və peşə təhsili almış şəxs, 11 illik attestatı olan birindən daha hazırlıqlı və bacarıqlı ola bilər. Bu səbəbdən yalnız attestata əsaslanaraq işə qəbul şərti qoymaq düzgün deyil”.
E.Əfəndiyev qeyd etdi ki, bəzi hallarda işəgötürənlər hərbi xidmətlə bağlı sənədləri tələb edə bilərlər və bu zaman da 11 illik attestatın təqdim olunmasını istəyirlər:
“Ancaq bu da şəxsin 9 illik təhsil alaraq hərbi xidmət keçdiyi halda attestat təqdim edə bilməməsi ilə nəticələnə bilər. Buna görə də, 11 illik attestatın mütləq şəkildə tələb olunması doğru yanaşma deyil. İşəgötürənlər bu amili nəzərə almalıdırlar. İstisna hal kimi 11 illik təhsil sənədini o zaman tələb edə bilər ki, şəxsin ümumiyyətlə, 9 illik və ya 11 illik təhsil almasını özündə əks etdirən dövlət nümunəli təhsil sənədi olmasın. Qalan digər hallarda bu tələbi qoymaq doğru deyil”.
Oğuz Ayvaz
Medianews.az
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” mövzusunda hazırlanıb.