Məlum olduğu kimi, Prezident İlham Əliyev aprelin 4-də “Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
Sərəncam hazırda Elm və Təhsil Nazirliyinin tabeliyində olan 17 institutun əsasında publik hüquqi şəxs statuslu 8 institutun yaradılmasını da nəzərdə tutur. Həmin səkkiz institutdan biri də Riyaziyyat İnstitutu olacaq. Bu institut İdarəetmə Sistemləri İnstitutu ilə Riyaziyyat və Mexanika İnstitutunun əsasında yaradılacaq. Yəni iki institutun bazasında bir institut qurulacaq.

Medianews.az bildirir ki, hazırda Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanovdur. İdarəetmə Sistemləri İnstitutunun baş direktoru postunu isə AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, professor Əli Abbasov tutur.

Hər iki alim hakim Yeni Azərbaycan Partiyasının üzvüdür.
Hər ikisi vaxtilə universitet rektoru və nazir vəzifələrində çalışıb.
1946-cı il təvəllüdlü Misir Mərdanov 1996-1998-ci illərdə Bakı Dövlət Universitetinin rektoru, 1998-2013-cü illərdə təhsil naziri olub. 2013-cü ildən Riyaziyyat və Mexanika İnstitutunun direktorudur.

1953-cü il təvəllüdlü Əli Abbasov 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru işləyib, 2004–2014-cü illərdə rabitə və informasiya texnologiyaları naziri, 2014–2016-cı illərdə rabitə və yüksək texnologiyalar naziri olub. 2021-ci ildən İdarəetmə Sistemləri İnstitutunun baş direktorudur.
Həm Riyaziyyat və Mexanika İnstitutu, həm də İdarəetmə Sistemləri İnstitutu 2022-ci ildə Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Buna qədər həmin institutlar Azərbaycan Milli Elmlər Akademiyasının tabeiliyndə olub. Misir Mərdanov da, Əli Abbasov da baş direktor vəzifəsinə institutlar AMEA-nın tabeliyində olduğu vaxt təyin ediliblər.
Medianews.az qeyd edir ki, iki institutun birləşməsi keçmiş nazirlərdən ən azı birinin baş direktor vəzifəsini itirəcəyi anlamına gəlir. Riyaziyyat İnstitutuna tamamilə yeni şəxs baş direktor təyin olunarsa, onda bu, hər iki sabiq nazirin baş direktor vəzifəsini tərk edəcəyi deməkdir. Məsələyə ilin sonunadək aydınlıq gələcəyini gözləmək olar. Belə ki, Prezident İlham Əliyev aprelin 4-də imzaladığı sərəncamda Nazirlər Kabinetinə publik hüquqi şəxs statuslu yeni institutları 2025-ci ilin sonunadək mərhələli şəkildə yaratmağı tapşırıb.
Toğrul Əli, 
Medianews.az