“Ənvər Həsənovun ölüm xəbəri məni dərindən sarsıtdı. Çox pisəm. Bu xəbəri eşidəndən özümə gələ bilmirəm. Cümlələrim, sözlərim acizdir. Vaxt var idi onu heyranlıqla izləyirdim. Çəkildiyi filmlər kino tariximizin ən gözəl dövrünü əhatə edir. Ənvər Həsənovun istedadından da əvvəl onun xasiyyətini xoşlayırdıq. Çünki o hamı ilə dil tapmağı, ünsiyyət qurmağı, kimsənin dərdinə yanmağı bacarırdı. Nə biləydim ki, “Uşağlığın son gecəsi” filmindən sevərək izlədiyim aktyorla-Ənvər Həsənovla nə vaxtsa “Azərbaycanfilm” kinostudiyasının dəhlizində qarşılaşıb, aktyorluq şöbəsində çalışacağıq. Bütün bunlar hamısı dünən bir kino lenti kimi gözümün qabağından gəlib keçdi. Xəstə olduğunu bilirdik, Allaha dua edirdik ki, tezliklə sağalıb işinin başına qayıtsın. Çox təəssüf ki, Azərbaycan kinosu ən dəyərli və yaraşıqlı aktyorlarından birini itirdi. Ruhu şad olsun”
Bunu
Medianews.az-a açıqlamasında xalq artisti Həmidə Ömərova deyib.

O daha sonra aktyorun həyat yoldaşı, aktrisa Mömünat Qurbanova ilə sevgi münasibətlərindən də danışıb:
“Mən onların sevgilərinin əyani şahidiyəm. Bir-birlərini o qədər çox sevirdilər ki. O vaxt xaricdə “Azərbaycan kinosu günləri” tədbiri keçirilirdi. Mən də həmin səfərdə idim. Onların ailələri saf sevgi üzərində qurulmuşdu. O qədər heyranlıqla izləyirdim bu cütlüyü. Mömünat xanım Ənvərdən ürəkdolusu danışırdı. Ənvərin ona diqqəti, qayğısı, davranışı məni fərəhləndirirdi. Çox təəssüf ki, bir qış günündə istirahətə gedəndə Mömünat xanım avtomobil qəzasında dünyasını dəyişdi. Bu faciə nəinki məni, Ənvərlə Mömünatın bütün sənət dostlarını qəhərə boğdu. Yenə də Ənvərə ən böyük dəstək ailəsindən və ailəsi qədər yaxın olan sənət yoldaşlarından, dostlarından gəldi. Ənvərin dərdi böyük idi. Mən deyərdim ki, Ənvər indi ölməmişdi ki.. O elə Mömünatı dəfn etdiyi gün ölmüşdü.. 2008-ci il idi səhv etmirəmsə.. Amma Ənvər yaşamalı idi. Qızı, Mömünatın tək yadigarı Aytən həyatda idi. Ömrünü qızına həsr etdi. Heç vaxt ailə həyatı qurmadı. Həm yaradıcılığı ilə məşğul oldu, həm də övladına dəstək göstərdi. Bu hadisədən sonra mən onların birlikdə olan lentlərinə, görüntülərinə baxa bilmirdim. Mənə çox ağır gəlirdi, əzab çəkirdim. Ənvər Həsənov həyat yoldaşı Mömünat Qurbanovanın yanında, Buzovna kəndindəki qəbirstanlıqda dəfn ediləcək. O özü oranı vəsiyyət etmişdi.. Çünki canından çox sevdiyi həyat yoldaşı, aktrisa Mömünat Qurbanovaya qovuşmaq üçün tələsirdi. Ruhları şad olsun”.
Qeyd edək ki, Xalq artisti Ənvər Həsənov yanvarın 10-da saat 10:15-də halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib. Yanvarın 17-də vəziyyətinin ağırlaşması səbəbilə pasiyent Reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub. Yanvarın 18-də vəziyyəti stabilləşən Xalq artisti tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb. Fevralın 3-ü isə Xəzər Tibb Mərkəzindən Reabilitasiya Mərkəzindən evə buraxılıb. Aktyor bir neçə gün idi ki, komatoz vəziyyətində idi.
Əli Əsgər
Medianews.az