Öz xalqının mənəvi dəyərinə çevrilmiş istənilən tarixi şəxsiyyətin xatirəsi ilə bağlı baş verən hər şey adətən çox həssas olur, diqqət çəkir, rəylər doğurur...
Parisin yaxınlığındakı bir məkanda türk xalqının misilsiz mənəvi dəyərinə çevrilmiş ölməz Mustafa Kamal Atatürkün heykəlinin oğurlandığı barədə xəbər yayılıb. Fevralın 1-də oğurlanmış heykəlin yerində bir ay sonra yeni heykəl qoyuldu.
Heykəlin oğurlanması qədər təsirli fakt o oldu ki, yeni heykəlin yanında hadisə ilə bağlı məlumat verən Türkiyə rəsmisi "daha heykəli kimsə çala bilməz, onu çox möhkəm materialdan hazırlamışıq" dedi... Atatürkün rəmzlərinə həm fiziki, həm də mənəvi formalarda pis niyyətli əl uzadanların bir nadan və cinayətkar zehniyyət daşıyıcısı olduqlarına söz yoxdur.. Ancaq Atatürk rəmzlərinin hər hansı pis niyyətli təcavüzdən etibarlı mühafizə olunmasına bu cür səthi və dayaz yanaşmalar adamı narahat edir. Məsələ budur ki, tarixi şəxsiyyətlərin rəmzlərinin ən etibarlı mühafizəsi onların hansı materialdan düzəldilməsi , yanında tank - top saxlanması ilə müəyyən olunmur. Ən etibarlı və keçilməz müdafiə xətti heykəllərin olduğu məkanda həmin şəxsiyyətə bəslənən və ürəkdən gələn dərin ümumxalq sevgisinin olmasıdır. Bu yoxdursa, heykəlin yanında bölük - bölük əsgərlər düzülsə də, bədniyyət müdaxilədən tam sığorta mümkün deyil. Fürsət düşən kimi nadürüstlər öz işlərini görəcəklər.

Bəs Atatürk kimi böyük şəxsiyyət Fransada ümumxalq sevgisinin ünvanı ola bilərmi? Xeyr. Ancaq bu, Atatürkün günahı yox, onun türk dövlətçiliyinə misilsiz xidmətinə qarşı kənarda bəslənən kin-küdurətin təzahürüdür. Fransada Atatürkü niyə sevməlidirlər? Bu millətə qarşı 11-ci əsrin sonlarından başlanmış səlib yürüşlərinin əsas təşkilatçılarından biri fransızlar deyildimi? Düz 500 il Osmanlı dövlətinin qanını içmək üçün fürsət axtaran Fransa deyilmi? 1- ci dünya müharibəsində Osmanlını parçalayanların biri Fransa deyildimi? Fransanın düşmən planlarını elə o zamandan zibilə tullayan Atatürk olmadımı? Müharibə bitəndən sonra Osmanlı torpaqları sayılan Suriyanı, Livanı öz idarəsi altına almış Fransanın bu yerlərdən əl ayağını 1938 - ci ildə birdəfəlik kəsən Atatürk olmadımı? Fransa Hatay qisasını Atatürkə bağışlarmı? Fransa Türkiyənin məşhur Hatay vilayətində qondarma bir Respublika qurmuşdu. Atatürk Hatayın vətən torpaqlarına qatılması üçün misilsiz cəhdlər göstərdi. Nəhayət 1937- ci ildə Hatayın Fransadan müstəqillik almasına nail oldu və növbəti il 1938 -ci ilin əvvələrində Hatay Türkiyəyə qovuşdu. Atatürkün bu anları görməsinə bir neçə həftəlik ömrü yetmədi... Min rəhmət...
Fransızlar bu üzdən Atatürkü sevə bilməzlər. Belə düşmən bir sosial - demoqrafik mühitdə Atatürkün heykəlini qoymaq nə qədər vacib və doğru şeydir?! Bu gün oğurlayırlar, sabah ayrı şey edəcəklər.. Heykəli nə qədər " möhkəm materialdan düzəltsən" də faydası olmaz... Atatürkün heykəli üçün ən etibarlı yer ona sevgi duyan doğma sosial - demoqrafik mühitdir... O yer Fransa deyil...
Aydın Quliyev,
politoloq