Medianews.az
Efirlərdən uzaq düşən xalq artisti: <span style=color:red>“İldə bir dəfə doğum günümdə çıxıram” - FOTOLAR
1,003 baxış

Efirlərdən uzaq düşən xalq artisti: “İldə bir dəfə doğum günümdə çıxıram” - FOTOLAR

“Doğum günüm mənim əzizlərim üçün, məni istəyənlər üçün, sevənlərim üçün bir bayramdır. Onlar mənim doğum günümdə sevinirlər, məni təbrik edirlər. Hələ doğum günüm sabahdır, 19-dan təbriklərim başlayıb, ayın axırına qədər davam edir. Bu mənə olan sevgidir, məhəbbətdir. Var olsunlar, sağ olsunlar. Doğum günümü bir neçə televiziyada qeyd etdilər. Yaxınlarım, dostlarım, tələbələrim məni təbrik edirlər. İldə bir dəfə doğum günümdə yalnız efirlərdə oluram. Doğum günümü isə ailəmlə birlikdə qeyd edirəm. Deyirəm, gülürəm, onlarla yaxın oluram”. Bunu Medianews.az-a açıqlamasında xalq artisti, “Şöhrət” ordenli sənətkar Səkinə İsmayılova deyib. Sənətkar konsert proqramı ilə bağlı suala belə cavab verib: “Hələ mənə qədər heç bir xanəndə xanım Heydər Əliyev sarayında muğam konserti etməyib. Mən orada ard-arda konsert proqramları ilə çıxış etmişəm. Azərbaycanın bütün möhtəşəm konsert salonlarında-Filarmoniyada, Opera və Balet Teatrında, Yaşıl teatrda mənim dəfələrlə konsertlərim olub. Eyni zamanda da bütün dünya səhnələrində.. İndi meydan gənclərindir. Özlərini göstərsinlər, gəlib bizim səviyyəmizə heç olmasa yaxınlaşsınlar, bu zirvədən bəhrələnsinlər. 45 illik sənət fəaliyyətim var. 30 il Opera və Balet teatrında tamaşaların baş rollarını oynamışam. Sonra tədris müəllimlik fəaliyyətim var. Oynadığım obrazlar hamısı tarixi qəhrəmanlar olub. Çox istərdim ki, teatra hər gələn ifaçının öz yolu, dəst-xətti olsun. Rol xatirinə rol oynamağa nə var ki? Bunu hamı bacarır. Yadda qalmaq, sevilmək çətindir. Bu gün elə ağır muğamlar var ki, bəlkə də xanım xanəndələr onlara müraciət etmir. Çox şanslıyam ki, onları vaxtilə lentə aldırmışam. Hər zaman tələbələrimə də, digər gənclərə də tövsiyyə edirəm ki, zapislər etsinlər. Muğamı zamanında lentə yazdırmaq lazımdır” deyə sənətkar bildirib. Səkinə İsmayılova dünya ölkələrində muğamımızı layiqincə təmsil etdiyini də bildirib. “Mənim yaradıcılığımı Rəşid Behbudov, Gülxar Həsənova, Rauf Abdullayev, Bəhram Mansurov, Kazım Əliverdibəyov, Niyazi kimi insanlar dəyərləndirib, qiymətləndiriblər. Mən çox gənc idim. Teatrda çalışırdım. Rəşid Behbudov məni Mahnı teatrına dəvət etdi, özü ilə Fransaya qastrol səfərinə apardı. Mən o zaman gənc idim, heç nə düşünmürdüm. Onlar düşünürdülər ki, biz xarici ölkəyə elə bir xanım, elə bir səsi aparmalıyıq ki, o səsi ilə, gözəlliyi ilə, sənəti ilə Azərbaycan deyilən ölkənin vətəndaşı olduğunu göstərsin. Buna görə də Rəşid Behbudov kimi sənətkarla dəfələrlə xarici ölkələrdə qastrol səfərlərində olmuşam. O həmişə deyirdi ki, bir sənətkarın görünüşü, siması, səhnəyə çıxıb oxumağa qədər olan işləri var. Onun görünüşü, geyimi, hər bir şeyi onun hansı ölkədən gəldiyini nümayiş etdirir. Görünür bunlar məndə olduğu üçün və bunları məndə gördüyü üçün Rəşid Behbudov məni xarici səfərlərə aparıb. İlk dəfə olaraq qadınlardan ibarət muğam üçlüyü yaradanda da, ilk dəfə qadınlar arasında muğamı qavalla ifa edəndə də düşünmüşəm ki, mən Azərbaycanı təmsil edirəm. Bu mənə daha da ruh və güc verib” deyə sənətkar bildirib. Əli Əsgər

Bizə qoşulun