Medianews.az
Məsələ qaldırıldı: <span style=color:red>Tariflər açıqlansın! Gediş haqqı nə qədər olacaq? 
1,131 baxış

Məsələ qaldırıldı: Tariflər açıqlansın! Gediş haqqı nə qədər olacaq? 

Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşımanın mayın 1-dən bərpa ediləcəyi haqda məlumatlarla əlaqədar Medianews.az turizm eksperti Ceyhun Aşurova müraciət edib. Xatırladaq ki, məlumatı Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi yayıb. Bildirilib ki, məsələ Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvilinin Tbilisidə səfərdə olan Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşündə müzakirə edilib. Davitaşvili deyib: “Dəmir yolu ilə sərnişin daşımaları turizmimiz üçün çox vacibdir. Azərbaycanlı həmkarımız ilə görüşdə həmçinin gələn il üçün daşımalarla bağlı proqnozları da müzakirə etdik”. Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşımanın bərpası iki ölkənin iqtisadiyyatına və turizm sektoruna necə təsir göstərə bilər? Dəmir yolu ilə sərnişindaşıma təyyarə və avtobusla müqayisədə nə dərəcədə rəqabətə davamlıdır? Bu baxımdan dəmir yolunun hansı üstünlükləri var? Medianews.az-a açıqlamasında Ceyhun Aşurov bildirib ki, Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşımanın bərpa ediləcəyi şad xəbərdir: “Çünki iki ölkə arasında kifayət qədər gəliş-gediş var. Bu baxımdan sərnişin qatarlarının işə salınması turizmə də töhfə verəcək. Hazırda quru sərhədlər bağlı olsa da, hava məkanı açıqdır. Aydın məsələdir ki, təyyarə vasitəsilə istənilən ölkəyə gedə bilirik, istənilən ölkədən də Azərbaycana gəliş var. Lakin yerüstü nəqliyyatın tədricən bərpa olunması əlaqələrin daha da möhkəmlənməsinə, turizmdə aktivliyin artmasına müsbət təsir göstərərdi. Bu yolun açılması alternativ nəqliyyat logistikasını təmin etmiş olur. Bəllidir ki, təyyarə biletləri bəzən çox baha olur. Kifayət qədər ciddi xərclərə gətirir. Yaxşı olar ki, sərnişin qatarları ilə bağlı tariflər də açıqlansın. Tutaq ki, Bakı-Tbilisi qatarında bir nəfərin gediş haqqı nə qədər olacaq? Bu yaxınlarda Bakıdan Zaqatalaya, Balakənə sərnişin qatarlarının açlışı oldu. Bölgələrdə buna kifayət qədər tələbat olduğunu gördük. Amma qiymətlər təxminən 80 manat ətrafındadır və bu, elə də kiçik rəqəm deyil. Ona görə istərdik müvafiq qurumlar Bakı-Tbilisi sərnişin qatarı ilə bağlı tariflər haqda açıqlama versinlər. Bilək görək gediş haqqı nə qədər olacaq?” C.Aşurov vurğulayıb ki, iki ölkə arasında gəliş-gedişi daha səmərəli etmək üçün bir neçə məqama diqqət yetirmək lazımdır: “Gürcüstana ciddi şəkildə turist axını var. Keçən il də onlar rekord sayda turist qəbul ediblər və turizmdən 4,4 milyard dollar gəlir götürüblər. Bu ölkə turizm məsələsində kifayət qədər liberal davranır. Vizaları aradan qaldırıb, ucuz hava yolları ilə sərnişin daşımaları həyata keçirir, bütün sərhədləri açıqdır. Gürcüstan bununla, liberal davranmaqla maksimum sayda turist cəlb etməyə çalışır. Bəs, Azərbaycan bundan necə faydalana bilər? Sualın biri də ondan ibarətdir ki, Gürcüstana yol alan turistlər də Azərbaycanın dəmir yolundan istifadə edə biləcəklərmi? Azərbaycana yerində viza almaq mümkün olacaqmı? Sərhədi keçərkən həmin turistlər rahatlıqla viza alıb Gürcüstana, yaxud Gürcüstandan Azərbaycana keçə biləcəklərmi? Bu və digər suallara cavab tapmaq lazımdır. Gürcüstana qatarla gedən, yaxud Gürcüstandan cənub istiqamətində qatarla qayıdan turistlərin Azərbaycandan keçə bilməsi təmin edilsə, Azərbaycan üçüncü xeyli ölkə vətəndaşını cəlb etmiş olardı”. Nailə Qasımova, Medianews.az Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda hazırlanıb.

Bizə qoşulun