Medianews.az
Bakıdan Tbilisiyə hansı qatarla gedəcəyik? <span style=color:red>AÇIQLAMA - FOTOLAR
429 baxış

Bakıdan Tbilisiyə hansı qatarla gedəcəyik? AÇIQLAMA - FOTOLAR

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi belə bir məlumat yayıb ki, mayın 1-dən Azərbaycanla bu ölkə arasında dəmir yolu ilə sərnişindaşıma bərpa ediləcək. Bildirilib ki, məsələ Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvilinin Tbilisidə səfərdə olan Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşündə müzakirə edilib. Davitaşvili deyib: “Dəmir yolu ilə sərnişin daşımaları turizmimiz üçün çox vacibdir. Azərbaycanlı həmkarımız ilə görüşdə həmçinin gələn il üçün daşımalarla bağlı proqnozları da müzakirə etdik”. Azərbaycan Dəmir Yollarında Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarlarının hərəkətinin bərpası istiqamətində hazırlıq işləri aparılırmı? Dövlət Dəmir Yolları mayın 1-dək Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarlarını xəttə buraxmağa hazırdırmı? Medianews.az-ın sorğusuna cavab olaraq Dövlət Dəmir Yollarının ictimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Hacıyev yalnız onu bildirib ki, koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi tətbiq olunub, hazırda da davam edir və ölkənin quru sərhədləri bağlıdır. Bununla əlaqədar qatarlarla beynəlxalq sərnişindaşıma fəaliyyəti 2020-ci ildən etibarən dayandırılıb. Mövzunu davam etdirən Medianews.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyevə bu suallarla müraciət edib: Dəmir yolu ilə sərnişindaşıma təyyarə və avtobusla müqayisədə nə dərəcədə rəqabətə davamlıdır? Dəmir yolunun hansı üstünlükləri var? R.Ağamirzəyev bildirib ki, hər bir nəqliyyat növü ilə hərəkət etmək imkanı olmalıdır. Ekspert vətəndaşların nəqliyyat seçimində sərbəst olduğunu xatırladıb: “Nəqliyyat vasitələri içərisində ən sürətlisi təyyarədir. Amma təyyarəyə minmək üçün hava limanına getmək, qeydiyyatdan keçmək lazımdır ki, bu da az vaxt aparmır. Xüsusilə yaşlı insanlar üçün bir qədər çətin olur. Avtobus səfərləri də uzun sürür, ona görə hər sərnişin üçün rahat olmur. Dəmir yolu bu mənada daha rahatdır. Rahatlıq isə elə bir vacib meyardır ki, səfərin daha uzun sürməsi belə ona alternativ ola bilmir. Həmçinin qatarda bir heyət bir səfər zamanı daha çox sərnişin daşımaq imkanına malikdir. Qatarla bir dəfəyə bir neçə avtobusun və ya təyyarənin daşıdığı qədər sərnişin daşımaq olur”. R.Ağamirzəyev vurğulayıb ki, Azərbaycanda pandemiyadan öncə, 2019-cu ilin sonlarına yaxın qatarlarda sürətin və rahatlığın artırılması ilə bağlı işlər görülüb. Belə ki, oktyabr ayında Bakı-Tbilisi-Bakı sürət sərnişin qatarı ilk dəfə olaraq bu cür qatarlar üçün nəzərdə tutulmuş "Prima M4" (AZ4A) sərnişin lokomotivi ilə yola salınıb: “O vaxtacan dəmir yollarında sərnişin qatarlarının daşınmasında 1970-ci illərin istehsalı olan yük lokomotivlərindən istifadə olunurdu. Fransanın “Alstom” şirkətinin istehsalı olan "Prima M4"ün ikisistemli elektrik lokomotivi olması (sabit və dəyişən cərəyanla işləyir) uzunmüddətli istismar olunmasına şərait yaradır. Köhnə lokomotivlərlə müqayisədə "Prima M4"ün maksimal sürət həddi saatda 100 kilometr yox, 160 kilometrdir. "Prima M4"lər elektropnevmatik əyləcləmə sistemi ilə təchiz olunduğundan hərəkətə başlama zamanı və dayanacaqlarda əyləcləmə zamanı yumşaq əyləcləmə baş verir ki, bu da sərnişinlərin rahatlığını təmin edir”. Ekspert qeyd edib ki, pandemiyadan öncə sərnişin qatarlarında sürətin və rahatlığın artırılması istiqamətində görülən tədbirlər Bakıdan çıxan qatarın Tbilisiyə təxminən 55 dəqiqə daha tez çatmasına imkanı yaratmışdı: “Daha öncəki illərdə, 2017-ci ildə yeni il ərəfəsində daşıma çox yüksək səviyyədə olmuşdu. Bu da təsadüfi deyil. Dəmir yolunun məhz Bakı-Tbilisi istiqaməti ən çox tələbat duyulan reyslərdən biridir. Nəzərə alaq ki, ümumiyyətlə Azərbaycanın nəqliyyat tarixində Tiflis istiqaməti ilk istiqamətlərdən olub. 1883-cü ildə Azərbaycandan kənara ilk dəmir yolu, sonralar ilk şose yolu, ilk təyyarə reysi də məhz Tbilisi istiqamətində reallaşıb”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun