Medianews.az
Beynəlxalq dialoq MƏKANI: <span style=color:red>Dünyanın taleyi Bakıda HƏLL OLUNACAQ? - FOTO
169 baxış

Beynəlxalq dialoq MƏKANI: Dünyanın taleyi Bakıda HƏLL OLUNACAQ? - FOTO

Vladimir Putin və Donald Tramp arasındakı mümkün danışıqlara hazırlıq gedir və görüşün məkanı kimi Bakı nəzərdən keçirilir. Bu barədə Rusiyanın “Telegram” kanalları xəbər yayıb. Məlumata görə, görüş üçün üç neytral paytaxt müzakirə olunur. Onlardan biri MDB-də (yəqin ki, Astana və ya Bakı), ikincisi Mərkəzi Avropada (Vyana), üçüncüsü Avropa qitəsindən kənarda (İstanbul) yerləşir. Türkiyənin NATO, Qazaxıstanın isə KTMT üzvü olduğunu nəzərə alsaq, Bakı və Vyana görüş üçün daha uyğun məkanlar hesab edilir. Azərbaycanın belə bir görüşə ev sahibliyi etməsi ölkəmiz üçün nə anlam kəsb edər? Putin və Tramp görüşünün dünya və tərəflər üçün əhəmiyyəti nə olacaq? Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Orxan Vəliyev bildirib ki, dünya bir qərar vermə astanasındadır. Onun sözlərinə görə, dünyada 15-20 ildir siyasi münaqişələr artıb: “Təbii fəlakətlər və qlobal bir təhdidə çevrilən köç məsələsi də ciddi problemdir. İkinci Cahan savaşından sonra qurulan iqtisadi, siyasi, hərbi dünya sistemi artıq işləmir. Belə olduğu üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan uzun müddətdir müxtəlif platformalardan, xüsusən də BMT kürsüsündən dünyanın beşdən böyük olduğunu söyləyir. Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyev BMT Təhlükəsizlik Şurasının İslam Əməkdaşlıq Təşkilatından və Qoşulmama Hərəkatından bir üzv olmaqla genişləndirilməsini təklif edir. Bu o deməkdir ki, bəli, dünya bir qərar vermə mərhələsindədir. O baxımdan ABŞ-nin növbəti prezidenti olaraq seçilən Donald Trampın və Rusiya Federasiyasının hazırkı Prezidenti Vladimir Putinin görüşməsi, əslində çox da anormal qarşılanmamalıdır. Bu görüşü arzulayan tərəflər olduğunu bilirik. Çünki bu görüş mümkün bir razılıq əldə edilməsə belə, son dərəcə əhəmiyyətlidir. Sözsüz ki, bu gün gündəmi tutan əsas məsələ Ukrayna problemidir. Trampın verdiyi mesajlar ikinci prezidentlik dönəmindən əvvəlki illə müqayisədə o qədər də kəskin, radikal olmayacağını bizə deməyə əsas verir”. Politoloq qeyd edib ki, son 150 ildə bəzi mühüm şəhərlər bu və ya digər səbəbdən ötrü tarixi görüşlərin keçirilməsi, sənədlərin imzalanması üçün bir məkan olaraq seçilib: "Bu mənada, hər şeydən əvvəl Azərbaycanın, Qazaxıstanın, Türkiyənin şəhərlərinin bu sırada adının çəkilməsi özü bir müsbət hadisədir. Çünki bu Azərbaycana qarşı hər iki tərəfdən bir güvənin olduğunun, eyni zamanda rəsmi Bakının peşəkar, balanslı və neytral siyasət apardığının göstəricisidir. Azərbaycan da son dərəcə müvəffəqiyyətlə bunun öhdəsindən gələ bilər. COP29 layihəsinə ev sahibliyi etmək bunun ən böyük təcrübəsi idi. Azərbaycan son 15-20 il ərzində kifayət qədər böyük layihələrə ev sahibliyi edib və etməyə də davam edir. Qlobal forum bunun nümunələrindən biridir. Düzdür, kimsə zəmanət vermir ki, Trampla Putinin görüşü məhz Bakıda olacaq. Çünki rəqiblər də kifayət qədər sanbalıdır. Bu tərəflərin razılaşması əsasında mümkün ola bilər. Amma burada bir gerçəklik də var ki, Azərbaycan nə Rusiya, nə də Qərb tərəfdən hansısa hərbi təşkilata üzv deyil. Bu amil ölkəmizin daha neytral bir məkan olması kimi qəbul edilə bilər. Xatırlatmaq yerinə düşər ki, məhz bu amil əsas götürülərək vaxtilə NATO və Rusiya generallarının Bakıda dəfələrlə görüşü olub. Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi nüfuz qazanıb. Bu baxımdan paytaxt Bakının bu Tramp və Putinin görüşünün keçiriləcəyi namizəd məkanlar arasında yer alması müsbət, dəyərli hadisədir”. Nailə QASIMOVA

Bizə qoşulun