Medianews.az
“Atamın evini satıb hotel tikmək istəyimi Heydər Əliyevə söylədim, dedi ki, nə danışırsan?” - <span style=color:red>SƏNƏTKARIN QIZI
194 baxış

“Atamın evini satıb hotel tikmək istəyimi Heydər Əliyevə söylədim, dedi ki, nə danışırsan?” - SƏNƏTKARIN QIZI

“Mart ayında atamın 110 illik yubileyi oldu. Çox təəssüf ki, heç kimin yadına düşmədi. Təkcə uzun illər çalışdığı Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında bir tamaşa ilə onu yad etdilər. Nə qəzetlərdə yazıldı, nə də ki, televiziyada bir veriliş hazırlandı. İndiyə qədər heç kimdən hansısa məsələdə xahiş etməmişəm. Kimin qapısını döyərdim? Mən hər il nə lazımdırsa edirəm, övladı kimi bu məsuliyyəti yerinə yetirirəm. Amma bu məsələ ilə bağlı aidiyyəti qurumlar, ən əsası Mədəniyyət Nazirliyi var. Heç nazirliyin də yadına düşmədi. Bu, övlad kimi mənə çox pis təsir edir. Çünki atamı indiyə qədər hamı sevir, tanıyır. Nazirin qəbuluna yazılmışam, hələ də məni qəbul etmir. Deyir ki, mənim vaxtım olanda sizi çağıracağam. Əfsuslar olsun ki, hələ də nazir vaxt tapmayıb”. Bunu Medianews.az-a açıqlamasında Xalq artisti, “Xoruz baba” kimi tanınan sənətkarımız Hüseynağa Sadıqovun qızı Tamilla Sadıqova deyib. O daha sonra əlavə edib: “Atam öz milləti ilə fəxr edirdi, qürur duyurdu. Elə mən də öz millətimi çox sevirəm. Atamla çalışan sənətkarlar çox az qalıb. İlham Namiq Kamalın onunla gözəl xatirələri var. Bu gün gənc nəsil yetişmir, görün necə sənətkarları itirmişik. Rejissor da yoxdur ki, istedadlı aktyor yetişdirsin. Aktyoru aktyor edən rejissordur. Efirlərə ümumiyyətlə baxmaq olmur. Mədəniyyət, sənət verilişləri azlıq təşkil edir, demək olar ki, yoxdur. Uşaqları ümumiyyətlə düşünmürlər. O vaxt atam televiziyada veriliş aparırdı. Evimizə o qədər məktublar gəlirdi ki.. Özü də hamısı uşaqlardan.. Hamısını da tək-tək oxuyurdu.. Bir uşağı da diqqətsiz qoymurdu. Çəkilişlərdən evə gec gəlirdi, oturub gözləyirdim, darıxırdım onun üçün. Hətta xəstə-xəstə də uşaqların görüşünə gedirdi. Çünki hamı oturub onu gözləyirdi.. Fəxr edirəm ki, elə bir şəxsiyyətin qızıyam”. T.Sadıqova bildirib ki, atasına hər zaman dövlət qayğısı olub: “Rəhmətlik Ulu Öndər Heydər Əliyev atamı çox istəyirdi. Həmişə onunla görüşəndə deyirdi ki, Azərbaycan xalqının prezidenti mənəm, uşaqların prezidenti sənsən. Atam onun bu sözündən böyük fəxr, qürur keçirirdi. İllər sonra Ulu Öndərlə görüşəndə ona hotel tikmək istədiyimi bildirdim. Dedi ki, sənin pul var? Dedim ki, atamın evini satmaq istəyirəm. Dedi ki, nə danışırsan, “Xoruz baba”nın evini satmaq olar? Dedim ki, cənab Heydər Əliyev, mən o evə daxil ola bilmirəm. O evə gedəndə özümü çox pis hiss edirəm, hər şey bir lent yazısı kimi gözlərimdə canlanır. Ətrafındakı məmurlara tapşırıq verdi ki, heç kim bu qadına mane olmasın, qoy gedib hotelini tiksin. Daha sonra da Heydər Əliyevlə görüşlərimiz olurdu. Onun bizim ailəyə dəstəyi çox olub”. Əli ƏSGƏR

Bizə qoşulun