“Qızım müğənni olmaq istəyirdi, istedadı yox idi deyə qarşısını aldım”
“Bizim cəmiyyətdə zamanında qadınlarımız həmişə sevgi acısı çəkiblər. İstər öz valideynləri tərəfindən, istər ərləri tərəfindən, istərsə də qardaşları tərəfindən. Həmişə qadın ikinci planda olub. Qadın sadəcə dünyaya uşaq gətirmək üçün lazım olub. Qadın həmişə basqıda olub. Ona görə də Təhminə obrazını bir çox aktrisalar oynamaq istəyib. Bu rolu cavanlıqda mən də oynamaq istəmişəm. Bəlkə də Təhminə obrazı o sevgini, içindəki acıları göstərmək, qadına qarşı olan basqını yox etmək üçün bir vasitə idi?! Yəni qadın sevə bilər, aşiq ola bilər. Qadın özünü qadın kimi hiss etməlidir, qadın olduğunu duymalıdır. Həm də Təhminə obrazını oynamaq material kimi də qadın aktrisalar üçün maraqlıdır. Çünki burada qadın obrazı önə çıxıb. Orada çox zəngin material var. Bizim filmlərdə ən yaxşı obrazları, baş rolları kişilər oynayıb. Ədəbiyyatımızda da, filmlərimizdə də qadın obrazları ikinci planda qalıb”
Bunu
Medianews.az-a açıqlamasında xalq artisti, sevilən sənətkar Naibə Allahverdiyeva deyib.
Aktrisa bildirib ki, qızı əvvəllər müğənni olmaq istəyib:
“Qızım bütün uşaqlar kimi hələ dəqiqləşdirməmişdi ki, hansı sahədə olmaq istəyir? Bir çox uşaqların yaşı az olanda hələ nə istədiklərini tam bilmirlər. Ona görə də müğənni olmaq istəyirdi. Mən bunun qarşısını aldım. Dedim ki, sənin səsin cırıldayır, səndən müğənni olmaz. Bəlkə də gözəl səsi, istedadı olsaydı ona mane olmazdım. İncəsənət sahəsi gözəldir, incəlik tələb edir. Sadəcə olaraq mənim qızımın istedadı və səsi olmadığı üçün razı olmadım” deyə xalq artisti bildirib.
Xalq artisti açıq-saçıq səhnələrlə bol olan ekran işlərindən də danışıb:
“Kino ən böyük təbliğat vasitəsidir. Bizdə normal bir film çəkə bilsinlər, sonra 18+ filmlər haqda düşünərik. 18+ filmlər çəkmək bu qədərmi vacibdir? Cəmiyyətə sevgini, mərhəməti, alicənablığı aşılayan filmlər lazımdır, 18+ yox. Bizim vaxtımızda universitetdəki müəllimlərimiz deyirdilər ki, tamaşaçını öz arxanızca aparın, tamaşaçının arxasınca getməyin. Onsuz da biz harada neqativ, yaramaz hərəkətlər var onu tozsoran kimi özümüzə çəkirik. Avropaşalmaq istədik, aləm bir-birinə qarışdı. Avropanın elmi, təhsili, incəsənəti yox, “qırmızı fənər” küçəsinin qanunları sanki cəmiyyətə aşılandı. Bu dəhşətdir!” deyə o bildirib.
Aktrisa bildirib ki, artıq insanları bağışlaya bilmir:
“Əvvəllər insanları bağışlayırdım, keçirdim. Fikirləşirdim ki, onları olduqları kimi qəbul etmək lazımdır. Heç kim tam ideal deyil. Mənim də xarakterimdə çatışmayan cəhətlər var. Getdikcə həyatı daha dərindən anlayıram. Düşünürəm ki, bir insan sənə qarşı səhv edibsə, o səhvi, xəyanəti yenə də edəcək. Çox az sayda insan olur ki, öz səhvini anlayır, boynuna alır. Əksər insanlar qarşısındakıların səhv olduğunu düşünür. Artıq bağışlamağı yığışdırmışam. Həmin insanları özümdən uzaqlaşdırıram. Görürəm ki, artıq səhhətimə, sağlamlığıma ziyandır. Mən hər şeyi içimə, ürəyimə salan insanam, ona görə də qəlbim sınır, bunun illərlə, günlərlə, aylarla acısını çəkirəm. Ona görə də artıq bağışlaya bilmirəm” deyə xalq artisti bildirib.