Medianews.az
Moskvada baş tutmayan ÜÇTƏRƏFLİ GÖRÜŞ: <span style=color:red>Rusiyanın vasitəçiliyindən İMTİNA EDİLİR?
171 baxış

Moskvada baş tutmayan ÜÇTƏRƏFLİ GÖRÜŞ: Rusiyanın vasitəçiliyindən İMTİNA EDİLİR?

“Rusiya Prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyinin (MDB) Moskva sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüş keçirmək istəyirdi. Lakin bu, alınmadı. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, üçtərəfli görüşlə bağlı razılıq əldə olunmayıb. Uşakovun sonrakı cümləsi diqqət çəkib: “Üçtərəfli görüşlə bağlı fikir var idi, ancaq bəziləri tərəfindən dəstəklənməyib”. Uşakov “bəziləri” dedikdə kimi və ya kimləri nəzərdə tutub? Bu məqam çox maraqlıdır” Medianews.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, əslində Bakı ilə İrəvan arasında sülh sazişinə dair fikir ayrılığı ortadan qaldırılmadığı üçün üçtərəfli görüşə ehtiyac olmayıb: “Buna baxmayaraq, İlham Əliyev və Nikol Paşinyan ilin əvvəlində Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya kansleri Olaf Şoltsun iştirakı ilə üçtərəfli görüş keçiriblər. Şoltsdan fərqli olaraq, Putində bu, alınmadı. Bu həm də onunla əlaqədardır ki, Bakı və İrəvanın Moskva ilə tərəfdaşlıq münasibətləri olsa da, hər iki tərəf Rusiyanın vasitəçiliyində maraqlı deyil. Doğru olan da budur. Məsələlərin həlli birbaşa danışıqlardan keçir”. Politoloq E.Şahinoğlu Moskvadakı sammitdə Kreml rəhbərinin Azərbaycan və Ermənistanın Rusiya ilə iqtisadi əlaqələrinə dair səsləndirdiyi fikirlərə də diqqət çəkib: “Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə Azərbaycanla əmtəə dövriyyəsinin 4,3 milyard dollar olduğunu deyərkən, Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə iki ölkə arasındakı ticarət mübadiləsindən ağız dolusu danışıb: “Bu ilin birinci yarısı üçün ticarət mübadiləmiz 8,3 milyard dollar olub. Bu gedişlə ilin sonun qədər dövriyyə 14 -16 milyard dollara çatacaq. Bu rekord göstəricidir”. Beləliklə, Rusiya Ermənistanla ticarət mübadiləsinin həcmini Azərbaycanla ticarət mübadiləsinin həcminin 4 qatına qaldırmağı planlaşdırır. Belə olan halda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bəyənməyən Paşinyan iqtisadi amili nəzərə alaraq Rusiya və Avrasiya İqtisadi Birliyindən ikiəlli yapışmalıdır. Siyasi əlaqələri Bakı ilə gücləndirən Kreml iqtisadi əlaqələrdə İrəvana üstünlük verir”. Kamilə ORUCOVA

Bizə qoşulun