Son bir neçə gündür ölkəmizin meşə və otluq ərazilərində yanğın hadisəsinin baş verdiyi müşahidə olunur. Ermənilərin Qarabağ bölgəsində törətdiyi yanğınlar söndürülməmiş digər bölgələrimizdə yanğınlar başlayıb. Quba, Şabran, Qəbələ, Siyəzən, Xaçmaz meşələrində başlayan yanğın nəticəsində böyük ölçüdə otluq sahəsi yanaraq məhv olub. Həmçinin təsərrüfatlar, ev heyvanları, meşədə yaşayan canlılar və bəzi evlər yanıb.
Cəmiyyət hadisə ilə bağlı reaksiyalarını sosial şəbəkələrdə bölüşüb. İnsanlar ən çox media orqanlarının məsələni gündəmdə saxlamamağından, ətraflı məlumat verməməyindən şikayətləniblər.
Yanğınları işıqlandırma məsələsində Media orqanlarının fəaliyyətini dəyərləndirən Media məsələləri üzrə ekspert, professor Qulu Məhərrəmli Medianews.az-a bildirib ki, media orqanları hadisəni lazımi səviyyədə çatdıra bilməyib:
“Baş verən hadisə insanlarda haqlı narahatlıq doğurur. Bu səbəbdən onlar böyük həcmdə informasiya əldə etmək istəyirlər. Ona görə media subyektləri bunu mütləq şəkildə gündəmdə saxlamalı idi. Lakin media orqanları bunu bacarmadı. Yanğınla bağlı xəbərlər ən çox sosial şəbəkələrdə yayıldı. Mətbuatda bu məsələyə çox az diqqət ayırdılar. Televiziya kanalları daha çox reportajlar, müsahibələr, canlı bağlantılar təşkil etməli idi. Ardıcıllıqla, operativ və sistemli şəkildə informasiya cəmiyyətə ötürülməli idi. Gördüyümə əsasən, saytlar daha çox məlumat paylaşdılar, nəinki televiziyalar”.
Məsələ ilə bağlı Media üzrə ekspert Ələsgər Məmmədli də fikirlərini səsləndirib:
“İnsanların yanğınlarla bağlı mediaya irad bildirməyində müəyyən qədər həqiqət payı var. Mətbuat hadisə ilə bağlı operativ xəbər yayımlaya bilmədi. Xəbərlərin dəqiqliyi də düzgün təşkil olunmadı. Məsələn, “İctimai TV” Xaçmazda baş verən yanğınla bağlı hazırladığı reportajda yanlışlığa yol verib. Müsahib yanğını ehtiyatsızlıqdan törətdiyini bildirsə də, onlar qəsdli şəkildə törədibmiş kimi təqdim etdilər. Bu da insanların inamının itirilməsinə səbəb olur”.
Ekspert qeyd edib ki, Azərbaycan mediası kopyala-yapışdır metodikasına öyrəşib:
“Türkiyədə baş verən yanğınların gündəmdə saxlanmasının şahidi olurduq. Çünki bütün media orqanları hadisə ilə bağlı reportajlar, müsahibələr və canlı yayımlar verirdi. Bizim media orqanları isə hadisəyə çox az diqqət ayırdılar. Hadisənin gündəmdə qalmağı üçün operativ çalışan, lazımi orqanları tənqid edən media olmalıdır. Azərbaycan mətbuatında maddi, texniki vəsait də zəifdir. Həmçinin bizim jurnalistlər kopyala-yapışdır metodikasına öyrəşiblər. Yalnızca göndərilən press-relizi paylaşmaqla kifayətlənirlər. Özlərinin xəbər hazırlama vərdişləri demək olar ki, yox səviyyəsindədir”.
Ələsgər Məmmədli bildirib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) vəzifəli nümayəndəsinin intim görüntüləri ilə gündəmə gəlməsi yanğınları arxa plana atıb:
“FHN fövqəladə hadisələrlə bağlı əsas məsuliyyətli qurumdur. Həmin qurumun vəzifəli nümayəndəsinin intim görüntüləri yanğınların arxa planda qalmağına səbəb olub. Həmin görüntülərdən narahat olan cəmiyyətdə nazirliyə qarşı inam azaldı və ikrah hissi doğurdu. Əslində insanlar həmin görüntülərin təsirindən tez çıxaraq yanğınlara fokuslanmalı idilər. Lakin bu gec baş verdi”.
Xanlar Əlibəy
Medianews.az