Müsəlmanların xüsusi qeyd etdiyi Qurban bayramı yaxınlaşır. Qurban kəsmək arzusunda olan insanlar qurbanlıq heyvanların bu ilki qiymətləri, büdcəsinə uyğun heyvanı hansı ünvandan tapa biləcəyi ilə bağlı suallara cavab axtarışındadır. Oxucularımızın işini asanlaşdırmaq üçün Medianews.az olaraq qurbanlıq heyvanların satışı ilə məşğul olan bir neçə məntəqəyə baş çəkdik.
Binəqədi rayonunda heyvanların satışını və kəsimini həyata keçirən mənqətəqədə olduğumuz zaman məlum oldu ki, bu il qurbanlıq heyvanların bir kilosunun qiyməti 14-16 manat arasında dəyişir. Satıcının sözlərinə görə, diri heyvanın qiyməti 7 manatdan hesablanır və onun kilosundan asılı olaraq dəyişir.
“Məsələn, Pandemiya dönəmində Qurban bayramında durğunluq olurdu. Şükürlər olsun ki, bu il bayrama bir neçə gün qalmasına baxmayaraq, təlabat çoxdur. Hətta bəzi adamlar qurbanlıq heyvanları bayramdan xeyli qabaq alırlar ki,daha ucuz başa gəlsin”,-deyə satıcı bildirir.
Digər məntəqələrdəki vəziyyəti öyrənmək üçün Sabunçu və Yasamal rayonlarında olduq. Bu məntəqələrdə də qiymətlər demək olar ki, eyni idi. Satıcılar isə bu qiymətin bayram günlərində bir qədər arta biləcəyini bildirirdilər.
“Bayram günləri təlabat artır. Ona görə də qiymətlər də yüksəlmə olur. Amma yenə də biz çalışırıq ki, gələn müştəri bizdən narazı qayıtmasın, əliboş qalmasın” , – deyə satış məntəqəsinin satıcısı Natiq bəy bildirir.
Məlumat üçün əlavə edək ki, Qurban bayramı günləri 134 ünvanda qurbanlıq heyvanların satışı həyata keçiriləcək.
AQTA Qurban bayramında fəaliyyət göstərəcək heyvan satışı və kəsimi yerləri barədə məlumat yayıb. Agentliyin yaydığı məlumatda bildirilib ki, iyulun 9-10-da qeyd olunacaq Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi məqsədilə ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil ediləcək.
Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaq.
Bununla yanaşı, bir sıra regionlarda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək. Ölkə ərazisində fəaliyyət göstərən kifayət qədər soyuducu infrastrukturuna malik ticarət şəbəkələri tərəfindən əvvəlcədən qəbul olunmuş sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulub.
Bununla bağlı həmin satış şəbəkələri tərəfindən bayrama bir neçə gün qalmış əhaliyə əlavə məlumatlar veriləcək. Vətəndaşlar həmin ticarət şəbəkələrinin ünvanları və əlavə məlumatları http://afsa.gov.az/uploads/satish_2022.pdf linkə daxil olmaqla əldə edə bilərlər.
Qurban bayramı günlərində respublika üzrə 134 ünvanda fəaliyyət göstərəcək qurbanlıq heyvanların satışı və kəsimi yerlərindən 61-də həm kəsim, həm satış, 54-də qurbanlıq heyvanların satışı, 19-də isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunacaq.
Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən yararlana bilərlər.
Qeyd edək ki, ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları http://afsa.gov.az/uploads/kesim_2022.pdf linkə daxil olmaqla əldə edə bilərsiniz.
Leyla