“Rusiyada mətbuat orqanları üzərində olduqca ciddi senzura tətbiq olunmağa başlayıb. Kremlin mövqeyi ilə uyğun olmayan məlumatların yayılmasında rolu olan xarici və yerli mətbuat orqanları bu senzuranın hədəfinə çevrilib. Bəzi yerli və xarici saytlar Rusiya ərazisində bloklanıb. Hazırda demək olar ki, yalnız Kremlə yaxın Rusiya mətbuat orqanlarının fəaliyyətinə imkan verilir”.
Bu sözləri siyasi şəhçi Elçin Xalidbəyli Medianews.az saytına açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, Kremlin azad media orqanlarını bloklamasının kifayət qədər ciddi səbəbləri var.
“Əsas səbəb ondan ibarətdir ki, Rusiya Ukrayna savaşında hədəfindən çox uzaq qalıb. Rusiya savaş meydanında ağır itkilər verməkdədir. Digər tərəfdən, Rusiyaya qarşı beynəlxalq sanksiyaların təsiri də artıq özünü göstərməyə başlayıb. Beynəlxalq sanksiyalar Rusiya əhalisinin kasib təbəqələrinin onsuz da ağır olan gündəlik həyat şəraitini daha da dözülməz vəziyyətə salmağa başlayıb. Nəticədə yaranmış indiki situasiyanın əsas səbəbi olan Kremlin savaş siyasətindən narazılıq sürətlə artır. Ukrayna savaşına qarşı etiraz edən xalq kütlələrinin sıraları, polisin sərt müdaxilə metodlarlna baxmayaraq, genişlənməkdədir. Və bütün bunlar Kremli ciddi şəkildə narahat edir.
Ona görə də, Kreml Rusiyanın Ukrayna savaşında üzləşdiyi itkiləri, ağır hərbi uğursuzluqları və sanksiyaların ölkədə yaratdığı sosial böhranının əhatə dairəsini xalqdan mümkün qədər gizlətməyə çalışır. Eyni zamanda, Kremlin savaş siyasətinə qarşı olan mətbuat orqanlarının xalq arasında etiraz mühitini dərinləşdirmək imkanları məhdudlaşdırılır. Çünki, bütün bunlar nəzarət kənar qalarsa, Rusiyada narazılıq inqilabi situasiya da yarada bilər. Ona görə də, Kreml Rusiya əhalisini yalnız rəsmi mətbuat orqanlarının propoqanda xarakterli məlumatlarına möhtac buraxmaqla, ölkədə inqilabi situasiyanın və kütləvi iğtişaşların qarşısını almağa çalışır”.
Siyasi şərhçinin sözlərinə görə, Kremldə anlayırlar ki, ABŞ və Qərbin Rusiyanı Ukraynada savaş bataqlığına çəkməkdə əsas hədəflərindən biri də məhz rus xalqının kütləvi etiraz prosesi ilə Putin hakimiyyətinin dəyişdirilməsinə nail olmaqdır.
“ABŞ və Qərb əslində, son vaxtlar bu hədəfini qətiyyən göstərmir, əksinə, açıq şəkildə bəyan edir.
Ona görə də, Rusiyada yerli və xarici mətbuat orqanlarına çıxış imkanlarının bloklanması, sosial şəbəkələrin qadağan edilməsi Kremlin hakimiyyət dəyişikliyi təhlükəsindən narahatlıq keçirməsi ilə birbaşa bağlıdır. Böyük ehtimalla prezident Vladimir Putin və onun yaxın ətrafına daxil olan şəxslər Rusiyada hakimiyyət dəyişikliyinin qaçılmaz olacağı ilə bağlı vəziyyətin yaranmasından qorxurlar. Bütün vasitələrlə bunun qarşısını almağa çalışırlar”.
Leyla
Medianews.az