Bu gün, martın 9-da ictimai fəal Bəxtiyar Hacıyev polis tərəfindən saxlanılıb. Polis əməkdaşları ictimai fəalın şəxsi avtomobilinə hücum çəkib, avtomobilin şüşəsini sındırıb və Hacıyevi zorla avtomobilindən düşürərək Daxili İşlər Nazirliyinə aparıblar.
Baş verənləri Hacıyevin özü facebook səhifəsində canlı yayıb.
Videodan görünür ki, Hacıyev avtomobilinin yan şüşəsindən daxili işlər naziri Vilayət Eyvazovun adı yazılmış hansısa mətn asıb.
Hüquq mdafiəçisi Rüfət Səfərov Amerikanın Səsinə bildirib ki, Hacıyev hazırda Bakı şəhər Baş Polis İdarəsinə aparılıb.
“Hazırda məni ora dəvət ediblər,” hüquq müdafiəçisi qeyd edib.
Daxili İşlər Nazirliyinindən baş verənlərlə bağlı hələ şərh almaq mümkün olmayıb.
Bəxtiyar Hacıyev hökumtin tənqidçisi kimi tanınır. O 2007–2009-cu illərdə Harvard Universitetində İctimai Siyasət üzrə magistr pilləsində təhsil alıb, MPP (Master in Public Policy) dərəcəsi alıb.
Hacıyev son parlament seçkilərində deputatlığa namizəd olub. Seçkilərdə qalib gəldiyini iddia etsə də, Mərkəzi Seçki Komissiyası digər namizədə mandat verib.
O, 4 mart 2011-ci ildə həbs edilərək hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Bu zaman Amnesty International, Human Rights Watch, Freedom House, Freedom Now kimi beynəlxalq təşkilatlar tərəfindən “vicdan məhbusu” elan edilib. ABŞ Dövlət Katibi Hillari Klintonun 2012-ci il iyunun 6-da Azərbaycana səfərindən iki gün öncə iyunun 4-də Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa buraxılıb. Dövlət Katibi Bakı səfəri çərçivəsində Bəxtiyar Hacıyevlə görüşüb.
Onun 2004-2005-ci illərdə “Təhsildə rüşvətə YOX deyək” adlı aksiyası ölkədə geniş dəstək alıb və bu zaman təzyiqlərə məruz qalıb. 2007-ci ilin yanvarında, işıq, su, qaz pullarının birdən-birə 2-3 dəfə qaldırılmasına etiraz olaraq “susmayaq.biz” saytını qurub, imzatoplama kampaniyası apardığı zaman sayta Azərbaycanda giriş bağlanıb və o 12 sutka inzibati həbs edilib, iki gün sonra Apelyasiya Məhkəməsinin qərarı ilə həbsdən azad edilib.
Hacıyev son aylarda da bir neçə dəfə hüquq mühafizə orqanları tərəfindən xəbərdarlıq edilib. O bu xəbərdarlıqları ictimai-siyasi fəaliyyəti və sosial şəbəkələrdə tənqidləri ilə əlaqələndirib.-03-
***
DİN Mətbuat xidmətindən məsələ ilə bağlı bildirilib ki,
“Polis əməkdaşları ona yaxınlaşaraq həmin yerdə dayanma-durmanın qadağan olduğunu bildiriblər. Bəxtiyar Hacıyev isə maşındakı yanar mayeni göstərərək özünü də, avtomobili də yandıracağını deyib. Buna görə də polis əməkdaşları müdaxilə etmək məcburiyyətində qalıb və qapını açaraq həmin yanacağı maşından götürüblər. Bununla da polislər baş verə biləcək hadisənin qarşısını alıblar.
Bəxtiyar Hacıyev isə etirazının səbəbinin araşdırılması məqsədilə müvafiq polis idarəsinə aparılıb. Hazırda araşdırma davam etdirilir”, – deyə məlumatda qeyd olunub.