Medianews.az
Yüz milyardlarla dollarlıq bazar
598 baxış

Yüz milyardlarla dollarlıq bazar

Dünyada təhsil sahəsi yüz milyardlarla dollarlıq bir bazardır, keyfiyyətli təhsil sistemi olan ölkələr bu bazardan pay alır, payını artırmağa çalışır.

Dünya ölkələrinin ən çox tələbə cəlb etməyə çalışdığı ölkələrdən biri, bəlkə də birincisi Hindistandır. Son məlumatlara görə 1,3 mln. Hindistan vətəndaşı xaricdə təhsil alır, onların bir ildə təhsil aldığı ölkələrdə xərclədiyi vəsait 40-50 mlrd. dollar arası dəyişir.

Rusiyanın Ukraynaya vəhşi təcavüzündən öncə bu ölkədə 76 min 548 hindistanlı tələbə oxuyurdu. Onların bir ildə Ukrayna iqtisadiyyatına verdiyi töhfə 1,5 mlrd. dollara yaxın idi.

Müharibə başlayandan sonra təhlükəsizlik məsələlərinə görə Ukrayna istiqaməti Hindistan tələbələri üçün, demək olar ki, qapandı, sayları on dəfəyə qədər azalıb.

Bu məsələni fürsətə çevirən ölkələrdən biri qonşu, dost Gürcüstan oldu. 2024-2025 təhsil ilində Gürcüstanda 20 min 319 hindistanlı tələbə təhsil alır, 2021-ci ildə, yəni Rusiyanın Ukraynaya təcavüzündən öncə Gürcüstanda cəmi 6500 hindistanlı oxuyurdu – son 4 ildə sayları üç dəfə artıb.

Hindistanlı tələbələrin Gürcüstan iqtisadiyyatına illik töhfəsi 400-450 mln. dollardır, hər tələbənin minimum 4, maksimum 7 il (tibb sahəsi) oxuduğunu nəzərə alsaq, 20319 tələbə 4 ilə Gürcüstana 1,6 mlrd. vəsait qazandıracaq.

Yeri gəlmişkən, Türkiyədə xarici tələbələrin iqtisadiyyata illik töhfəsi 3,1 mlrd. dollardır, qardaş ölkədə bu gün 198 dövlətdən 350 min tələbə təhsil alır.

Bizim ölkənin təhsil sisteminin vəziyyəti məlumdur – bu sistemi ən çox tənqid edən elə təhsil nazirinin özüdür və yeri gəlmişkən, nazirlər arasında ən səmimi və doğru yanaşma ortaya qoyan da məhz odur, amma onu da cəmiyyət anlamaqda çətinlik çəkir.

Yəni biz normal təhsil sistemi yarada bilsək, xaricdən ölkəyə on minlərlə tələbə cəlb edə, bunu iqtisadiyyatın ciddi bir sahəsinə çevirə bilərik. İndi ciddi fürsət yaranıb – işğaldan azad etdiyimiz gözəl Qarabağda və Şərqi Zəngəzurda universitetlər tikməklə həm köç, həm də məşğulluq problemini həll edə bilərik.

Bu sahəni, yəni təşkilati məsələləri bilən gözəl mütəxəssislərimiz də var. Amma onların bəzisi Azərbaycanda iş görməkdə çətinlik çəkir, çünki sistem nə özünü, nə də ölkəni yaxşılığa doğru dəyişmək istəmir...

Natiq Cəfərli,
siyasətçi, iqtisadçı

Bizə qoşulun