Medianews.az
YENİ TƏKLİFLƏRİN TAM MƏTNİ -
309 baxış

YENİ TƏKLİFLƏRİN TAM MƏTNİ - Xuliqanlıq, fahişəlik, qadağan edilmiş informasiya...

Noyabrın 24-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə İnsan hüquqları komitəsinin onlayn formatda birgə iclası keçirilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iclası açaraq bildirib ki, gündəliyə bir məsələ - İnzibati Xətalar Məcəlləsində və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) daxil edilib.

İclasda mənəvi dəyərlərin qorunması, gənclərin zərərli kontentdən müdafiəsi və internet mühitində məsuliyyət mexanizmlərinin dəqiqləşdirilməsi üçün yeni qanun layihəsinin hazırlanmasına ehtiyac yarandığı bildirilib. Qeyd edilib ki, qanun layihəsinin əsas məqsədi ictimai mənəviyyatı qorumaq, xüsusilə yeniyetmə və gəncləri sosial şəbəkələrdə yayılan zərərli və qeyri-etik informasiyadan müdafiə etmək, həmçinin internet mühitində məsuliyyət mexanizmlərini dəqiqləşdirərək mövcud qanunvericiliyi təkmilləşdirməkdir.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və İnsan hüquqları  komitəsinin sədri Zahid Oruc qanun layihəsi barədə fikirlərini bildiriblər, onun cəmiyyətdə narazılığa səbəb olan neqativ halların qarşısını almağa təkan verəcəyini diqqətə çatdırıblar.

Qanun layihəsinin müzakirəsində Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Elşən Musayev, deputatlar Hikmət Məmmədov, Vüqar Rəhimzadə, Mübariz Qurbanlı, Elman Nəsirov, Tural Gəncəliyev, Erkin Qədirli və Razi Nurullayev çıxış edərək layihə ilə bağlı fikirlərini bildiriblər, qeyd və təkliflərini səsləndiriblər.

İclasın sonunda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə edilib.

Onlayn birgə iclasda İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə, deputatlar Əminə Ağazadə, Kamran Bayramov, Sabir Hacıyev,  Nurlan Həsənov, Fəzail İbrahimli, Bəhruz Məhərrəmov, Nizami Səfərov, Səyyad Aran, Naqif Həmzəyev, İmamverdi İsmayılov, Sevil Mikayılova, Mircəlil Qasımlı və digər rəsmi şəxslər iştirak ediblər.

Medianews.az bildirir ki, Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunan qanun layihəsi İnzibati Xətalar Məcəlləsinin dörd, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunun bir maddəsində dəyişikliyi nəzərdə tutur.

Başlayaq İnzibati Xətalar Məcəlləsindən.

Hazırda İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin (Müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə) 6-cı bəndində, yəni 38.6-cı maddədə deyilir:

38.6. İnzibati tənbeh vermə haqqında elektron qərar (bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərara münasibətdə isə həmçinin onun əlavəsi (foto və ya video materiallar), habelə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən inzibati xəta haqqında iş üzrə nömrələnmiş blanklarda tərtib edilmiş qərar 24 saat müddətində şəxs üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) inzibati məsuliyyətə cəlb oluna bilməz.

Layihədə bu maddədə "resursunda" sözünü "ehtiyatında" sözü ilə əvəz etmək təklif olunur. Yəni təklifə əsasən, maddə bu formaya salınmalıdır:

38.6. İnzibati tənbeh vermə haqqında elektron qərar (bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərara münasibətdə isə həmçinin onun əlavəsi (foto və ya video materiallar), habelə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən inzibati xəta haqqında iş üzrə nömrələnmiş blanklarda tərtib edilmiş qərar 24 saat müddətində şəxs üçün internet informasiya ehtiyatında yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) inzibati məsuliyyətə cəlb oluna bilməz.

Hazırda İnzibati Xətalar Məcəlləsinin 57-1-ci maddəsinin (Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sənədlər barədə məlumatlandırılması) 2-ci bəndində, yəni 57-1.2-ci maddədə deyilir:

57-1.2. İnternet informasiya resursunda yaradılmış elektron kabinetdə şəxsin hansı tarixdə inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılması haqqında qeyd yerləşdirilməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi bu Məcəllənin 57-1.1.2-ci maddəsində nəzərdə tutulmuş SMS məlumatın şəxsə çatdırıldığı vaxt barədə və bu Məcəllənin 57-1.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun sənəd və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatları “İCMAL” informasiya sisteminə və həmin sənədləri tərtib etmiş səlahiyyətli orqanların informasiya sistemlərinə göndərməli, həmçinin həmin məlumatları şəxsin elektron kabinetinə yerləşdirməli və onun elektron ünvanına (olduğu halda) göndərməlidir.

Layihədə bu maddənin birinci cümləsində "resursunda" sözünü "ehtiyatında" sözü ilə əvəz etmək təklif olunur. Yəni təklifə əsasən, maddə bu formaya salınmalıdır:

57-1.2. İnternet informasiya ehtiyatında yaradılmış elektron kabinetdə şəxsin hansı tarixdə inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılması haqqında qeyd yerləşdirilməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi bu Məcəllənin 57-1.1.2-ci maddəsində nəzərdə tutulmuş SMS məlumatın şəxsə çatdırıldığı vaxt barədə və bu Məcəllənin 57-1.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun sənəd və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatları “İCMAL” informasiya sisteminə və həmin sənədləri tərtib etmiş səlahiyyətli orqanların informasiya sistemlərinə göndərməli, həmçinin həmin məlumatları şəxsin elektron kabinetinə yerləşdirməli və onun elektron ünvanına (olduğu halda) göndərməlidir.

Hazırda İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq haqqındadır. Həmin maddə belədir:

Maddə 510. Xırda xuliqanlıq

Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -

əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.

Layihəyə əsasən, 510-cu maddənin mətni 510.1-ci maddəyə çevrilməli, 510.1-ci maddənin dispozisiyasına "pozan," sözündən sonra "cəmiyyətə açıqca hörmətsizlik ifadə edən," sözləri əlavə olunmalı, həmçinin buraya yeni maddələr (510.2-ci, 510.3-cü maddələr) və "Qeyd" hissəsi əlavə edilməlidir.

Yəni təklifə görə, maddə bu formaya salınmalıdır:

Maddə 510.1. Xırda xuliqanlıq

510.1. Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -

əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.

510.2. İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə -

beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, otuz günədək müddətə inzibati həbs tətbiq olunur.

510.3. Bu Məcəllənin 510.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə -

min manatdan iki min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

Qeyd: Bu Məcəllənin 510.2-ci və 510.3-cü maddələri həmin maddələrdə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.

İnzibati Xətalar Məcəlləsinin 524-cü maddəsi fahişəliklə məşğul olma haqqındadır. Hazırda həmin maddə belədir:

Maddə 524. Fahişəliklə məşğul olma

Fahişəliklə məşğul olmağa görə -

yüz manat məbləğində cərimə edilir.

Layihədə təklif edilir ki, 524-cü maddənin mətni 524.1-ci maddə hesab olunsun və buraya yeni maddə (524.2-ci maddə) əlavə edilsin.

Yəni təklifə əsasən, maddə bu formaya salınmalıdır:

Maddə 524.1. Fahişəliklə məşğul olma

Fahişəliklə məşğul olmağa görə -

yüz manat məbləğində cərimə edilir.

524.2. Internet informasiya ehtiyatından və ya informasiya-telekommunikasiya şəbəkəsindən istifadə etməklə fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə və ya kütləvi nümayiş etdirilməklə fahişəliklə məşğul olmaqla bağlı sövdələşməyə görə -

beş yüz manat məbləğində cərimə edilir.

İndi keçək “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna.

Bu qanunun 13-2.3-cü maddəsində yayılması qadağan edilən informasiyalar sadalanır, bildirilir ki, internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiyaları yaymamalıdır.

Hazırda maddə belədir:

13-2.3. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) aşağıdakı yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir:

13-2.3.1. terrorçuluğun təbliği və maliyyələşdirilməsi, terrorçuluğun həyata keçirilməsinin üsul və vasitələri, terrorçuluq məqsədi ilə təlim təşkil etmə və ya keçirmə barədə məlumatlar, habelə terrorçuluğa açıq çağırışlar;

13-2.3.2. zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar;

13-2.3.3. dövlət sirri təşkil edən məlumatlar;

13-2.3.3-1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatlar (dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatlar istisna olmaqla);

13-2.3.4. odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların hazırlanma qaydası və ya üsulları barədə məlumatlar;

13-2.3.5. narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanma və ya istifadə üsulları və qaydası, onların qanunsuz əldə edilməsi yerləri, habelə tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya yerləri və ya üsulları barədə məlumatlar;

13-2.3.6. pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatlar;

13-2.3.7. qumar oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar (“Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən lotereyalar, “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunları və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilən və keçirilən kazino oyunları barədə məlumatlar istisna olmaqla);

13-2.3.8. intiharı problemlərin həlli üsulu qismində təbliğ edən, intihara bəraət qazandıran, onu əsaslandıran və ya törədilməsinə təhrik edən, intiharın törədilməsi üsullarını izah edən və ya qrup şəklində bir neçə şəxsin intihar etməsini təşkil etmək məqsədi ilə yayılan məlumatlar;

13-2.3.8-1. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq yaş kateqoriyasına uyğun işarələnməmiş kino, televiziya və videofilmlər, o cümlədən animasiya filmləri, kompüter və digər elektron oyunlar (“Universal” yaş kateqoriyasına aid olanlar istisna olmaqla);

13-2.3.9. təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar;

13-2.3.10. əqli mülkiyyət hüquqlarını pozan məlumatlar;

13-2.3.10-1. insanların həyat və sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatlar;

13-2.3.11. Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən digər informasiya.

Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunan qanun layihədə bu sıraya yeni maddə (13-2.3.6-1-ci maddə) əlavə edilməsi təklif olunur. Layihədə həmin yeni maddənin bu məzmunda olması təklifi yer alıb: "13-2.3.6-1. kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatlar."

Yəni təklifə əsasən, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunun 13-2.3-cü maddəsi aşağıdakı formada olmalıdır:

13-2.3. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) aşağıdakı yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir:

13-2.3.1. terrorçuluğun təbliği və maliyyələşdirilməsi, terrorçuluğun həyata keçirilməsinin üsul və vasitələri, terrorçuluq məqsədi ilə təlim təşkil etmə və ya keçirmə barədə məlumatlar, habelə terrorçuluğa açıq çağırışlar;

13-2.3.2. zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar;

13-2.3.3. dövlət sirri təşkil edən məlumatlar;

13-2.3.3-1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatlar (dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatlar istisna olmaqla);

13-2.3.4. odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların hazırlanma qaydası və ya üsulları barədə məlumatlar;

13-2.3.5. narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanma və ya istifadə üsulları və qaydası, onların qanunsuz əldə edilməsi yerləri, habelə tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya yerləri və ya üsulları barədə məlumatlar;

13-2.3.6. pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatlar;

13-2.3.6-1. kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatlar.

13-2.3.7. qumar oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar (“Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən lotereyalar, “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunları və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilən və keçirilən kazino oyunları barədə məlumatlar istisna olmaqla);

13-2.3.8. intiharı problemlərin həlli üsulu qismində təbliğ edən, intihara bəraət qazandıran, onu əsaslandıran və ya törədilməsinə təhrik edən, intiharın törədilməsi üsullarını izah edən və ya qrup şəklində bir neçə şəxsin intihar etməsini təşkil etmək məqsədi ilə yayılan məlumatlar;

13-2.3.8-1. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq yaş kateqoriyasına uyğun işarələnməmiş kino, televiziya və videofilmlər, o cümlədən animasiya filmləri, kompüter və digər elektron oyunlar (“Universal” yaş kateqoriyasına aid olanlar istisna olmaqla);

13-2.3.9. təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar;

13-2.3.10. əqli mülkiyyət hüquqlarını pozan məlumatlar;

13-2.3.10-1. insanların həyat və sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatlar;

13-2.3.11. Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən digər informasiya.

Beləliklə, təkliflərə əsasən, İnzibati Xətalar Məcəlləsinin iki maddəsində “internet informasiya resursunda” ifadəsi “internet informasiya ehtiyatında” kimi verilir, xırda xuliqanlığa və fahişəliklə məşğul olmaya görə inzibati məsuliyyət artırılır, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda isə informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) yayılması qadağan edilən informasiyaların əhatəsi genişləndirilir.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun