Medianews.az
Yeni qadağalar uşaqları qoruya biləcəkmi?
138 baxış

Yeni qadağalar uşaqları qoruya biləcəkmi?

İnzibati Xətalar Məcəlləsinə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara dəyişiklik edilir.

Əsas hədəf 16 yaşı tamam olmamış şəxslərin sosial şəbəkələrdə hesablarının yaradılmasına yol verilməməsidir.

Təkcə qadağa sistemi uşaqları zərərli informasiyadan qorumaqda effektli ola bilərmi? Uşaqların düzgün istiqamətə yönəldilməsi üçün ailə-bağça-orta məktəb üçbucağında hansı addımlar atılmalıdır?

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Medianews.az-a bildirib ki, təklif olunan dəyişikliklərin əsas məqsədi uşaqları zərərli informasiyadan qorumaq, onların rəqəmsal mühitdə təhlükəsizliyini artırmaq və sosial şəbəkələrin yaratdığı riskləri minimuma endirməkdir: “Bu məqsəd müsbət və vacib olsa da, psixoloji baxımdan məsələyə daha geniş prizmadan yanaşmaq lazımdır. Təkcə qadağa və məhdudiyyət mexanizmləri uşaqları zərərli informasiyadan tam qorumağa kifayət etmir. Müasir dövrdə internet və rəqəmsal texnologiyalar uşaqların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Təcrübə göstərir ki, qadağalar müəyyən müddət ərzində təsirli olsa da, uşaqlar və yeniyetmələr alternativ yollar taparaq həmin məzmunlara yenə çıxış əldə edə bilirlər. Buna görə də əsas məqsəd yalnız giriş imkanlarını məhdudlaşdırmaq deyil, uşaqlarda düzgün seçim etmək bacarığını formalaşdırmaq olmalıdır.

Bu gün təhlükə təkcə zərərli məzmunun mövcudluğu deyil, uşağın həmin məzmunu necə qəbul etməsi və ona necə reaksiya verməsidir. Əgər uşaqda tənqidi düşüncə, informasiya savadlılığı və emosional özünənəzarət bacarıqları inkişaf etdirilməyibsə, o zaman istənilən qadağa uzunmüddətli nəticə verməyəcək.

Ailə burada ən vacib institutlardan biridir. Valideynlər çox vaxt uşağın telefonda nə qədər vaxt keçirdiyinə diqqət yetirirlər, lakin onun hansı məzmunlara baxdığını, nə hiss etdiyini və internetdə hansı problemlərlə qarşılaşdığını müzakirə etmirlər. Halbuki uşağın rəqəmsal davranışlarının formalaşmasında açıq ünsiyyət daha effektiv vasitədir. Uşaq bilməlidir ki, internetdə qarşılaşdığı hər hansı narahatlıq, təhdid və ya anlaşılmaz vəziyyət barədə valideyninə rahat şəkildə müraciət edə bilər”.

Psixoloq vurğulayıb ki, məktəb və məktəbəqədər təhsil müəssisələrinin də bu sahədə rolu böyükdür: “Uşaqlara yalnız texniki biliklər deyil, rəqəmsal təhlükəsizlik, kibertəhdidlər, saxta xəbərlər, onlayn zorakılıq, manipulyativ məzmunlar və sosial şəbəkələrin psixoloji təsirləri barədə sistemli biliklər verilməlidir. Bir çox ölkədə media savadlılığı artıq təhsil proqramlarının vacib hissəsinə çevrilib.

Psixoloji baxımdan sosial şəbəkələrin yaratdığı əsas risklərdən biri də müqayisə və təsdiq asılılığıdır. Yeniyetmələr bəyənmə sayı, izləyici sayı və virtual populyarlığı öz dəyərləri ilə eyniləşdirməyə başlayırlar. Bu isə özünəinam problemlərinə, təşvişə, depressiv əlamətlərə və sosial təcridə səbəb ola bilir. Ona görə də uşaqların şəxsiyyət inkişafı, özünəhörmət hissi və emosional dayanıqlılığı üzərində işləmək vacibdir.

Bağça–ailə–məktəb vahid sistem kimi fəaliyyət göstərməlidir. Bağçada sosial bacarıqlar, emosiyaların tanınması və idarə olunması öyrədilməli, ailədə sağlam ünsiyyət mühiti yaradılmalı, məktəbdə isə rəqəmsal və media savadlılığı inkişaf etdirilməlidir. Bu üç istiqamət paralel şəkildə işlədikdə uşaqlar həm real həyatda, həm də virtual mühitdə daha təhlükəsiz davranış modeli formalaşdırırlar.

Ona görə də uşaqları zərərli informasiyadan qorumağın ən effektiv yolu yalnız qadağalar deyil. Hüquqi tənzimləmə vacib olsa da, onun təhsil, maarifləndirmə, psixoloji dəstək və valideyn məsuliyyəti ilə tamamlanması zəruridir. Əks halda qadağa problemin səbəbini deyil, yalnız görünən hissəsini hədəfləmiş olacaq. Uşağın təhlükəsizliyi üçün ən güclü müdafiə mexanizmi onun məlumatlı, tənqidi düşünə bilən və psixoloji cəhətdən sağlam şəxsiyyət kimi formalaşmasıdır”.

Təhsil eksperti Elçin Süleymanov Medianews.az-a açıqlamasında öncə qeyd edib ki, son vaxtlar inkişaf etmiş bir çox ölkənin qanunvericiliyinə uşaqların sosial şəbəkə hesabları ilə bağlı dəyişikliklər edilib: “Yeniyetmələrin sosial şəbəkələrdə qeydiyyatdan keçərkən şəxsiyyət vəsiqəsi və digər qeydiyyat məlumatlarının tələb olunması onların təhlükəsizliyini qorumağa yönəlmiş bir addımdır. Çünki virtual məkanda zərərli meyillər, müxtəlif qeyri-qanuni fəaliyyətlərə qoşulma və kibercinayətkarlıq kimi ciddi risklər mövcuddur.

Qeyd etdiyim kimi, bu, təkcə Azərbaycan üçün deyil, bütün ölkələr üçün aktual məsələdir. Son dövrlərdə Avropa İttifaqının üzvü olan bir sıra dövlətlərdə bənzər qanunvericilik dəyişiklikləri həyata keçirilib. Düşünürəm ki, bu təcrübənin ölkəmizdə tətbiqi olduqca faydalı olar. Bu addım həm gənclərin virtual fəaliyyətinin müəyyən dərəcədə rəsmiləşməsi və nəzarət oluna bilməsi baxımından əhəmiyyətlidir, həm də kibercinayətkarlığın və digər qeyri-qanuni halların azalmasına kömək edə bilər”.

Nailə Qasımova,
Medianews.az

 

Bizə qoşulun