Medianews.az
Azarkeşə uçan top niyə geri qayıdır? -
144 baxış

Azarkeşə uçan top niyə geri qayıdır? - Dünya çempionatındakı topun qeyri-adi xüsusiyyətləri

Bunu çox futbol matçında görmüşük, bir aya yaxındır keçirilən 23-cü dünya çempionatında da görürük: meydandakı top tribunaya uçur, amma azarkeşlərdə qalmır, geri qaytarılır.

Medianews.az bildirir ki, Beynəlxalq Futbol Federasiyasının (FİFA) qaydalarına görə, azarkeş tribunaya düşən topu özündə saxlaya bilməz. Ona görə də stadion əməkdaşları dərhal topun geri qaytarılması üçün hərəkətə keçirlər. Elə azarkeşlər də topu özlərində çox saxlamırlar. Bəziləri top əllərinə düşəndə onunla xatirə şəkli çəkdirir və az sonra meydançaya atır. Şübhəsiz, dünya çempionatını izləmək üçün xeyli yol qət etmiş və pul xərcləmiş insanlardan ötrü bu, qiymətli andır.

Londondan atası ilə birlikdə mundiala gələn ingiltərəli azarkeş Cek Qudvin ABŞ-ın “Assoşieyted Press” agentliyinə açıqlamasında topun meydana qaytarılması tələbini ədalətli saymadığını vurğulayıb: “Bu səfərə o qədər pul xərcləmişik ki... Tribunada tutduğum topu saxlamağa haqqım çatmalıdır. Ev almaq üçün yığdığımız pulun bir hissəsini bu səfərə sərf etmişik”.

“Assoşieyted Press” qeyd edir ki, ABŞ-da beysbol azarkeşləri tribunaya gələn topu ömürlük xatirə kimi saxlaya bilirlər. Futbolda isə belə ənənə yoxdur. Niyə? FİFA bunun niyəsini açıqlamayıb. Mütəxəssislər isə sözügedən qaydanın ənənə, iqtisadi amillər, oyunun fasiləsiz davam etməsi və topların mürəkkəb texnologiyası ilə əlaqəli olduğunu düşünürlər.

Futbol tarixçisi Çarlz Katton xatırladıb ki, əvvəllər matçlarda cəmi bir topdan istifadə olunurdu. Top tribunaya düşəndə oyun davam etsin deyə onu mütləq geri qaytarmaq lazım gəlirdi. İndi isə meydanın müxtəlif hissələrində ehtiyat toplar olsa da, tribunaya uçan topun geri qaytarılması ənənəsi dəyişməyib.

DÇ-2026-da istifadə olunan “Adidas Trionda” topu indiyədək hazırlanmış ən texnoloji futbol toplarından sayılır.

Əllə tikilən 32 panelli dəri toplar çoxdan tarixə qovuşub. Yeni top dörd panellidir və qaynaq olunmuş poliuretandan hazırlanıb. Bu material su çəkmədiyi üçün daha yüngüldür və işləndikcə sabitliyini daha yaxşı qoruya bilir.

DÇ-2026-da istifadə olunan topun ən mühüm xüsusiyyəti isə onun içində yerləşdirilmiş 500 hers tezlikli hərəkət sensorudur. 500 hers tezliyi saniyədə 500 tam rəqs (dövr) deməkdir. Topun içindəki sensor məlumatları video köməkçi hakim (VAR) sisteminə ötürür, ofsayd və digər mübahisəli epizodlara aydınlıq gətirilməsinə kömək edir.

Sistem topun qapı xəttini keçib-keçmədiyini də dəqiq müəyyən edir. Mütəxəssislərin sözlərinə görə, sensor faktiki 99,99 faiz dəqiqliklə işləyir və stadiondakı kameralarla birlikdə futbolçunun ayaqqabısının ucuna qədər mövqeyi hesablaya bilir.

Bəs bu sistem “Adidas Trionda” topları stadiondan kənara çıxarılanda da işləyirmi?

Mütəxəssislər deyirlər ki, haqqında bəhs olunan elektron sistem yalnız dünya çempionatı matçlarının keçirildiyi stadionlarda quraşdırılmış xüsusi avadanlıqla əlaqəli şəkildə işləyə bilər. Yəni top stadiondan kənarda texnoloji imkanlarını demək olar ki, itirir.

Bundan əlavə, DÇ-2026-da istifadə olunan toplar matçdan əvvəl ağıllı saatlarda olduğu kimi naqilsiz enerji doldurma sistemi ilə xüsusi qaydada doldurulur.

Bütün bunları nəzərə alanda dünya futbol çempionatlarında topların ən azı yaxın gələcəkdə azarkeşlərdə qalmasına icazə veriləcəyi inandırıcı görünmür. Bununla belə, mütəxəssislər gələcəkdə qaydaların dəyişə biləcəyini də istisna etmirlər.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun