Medianews.az
Ən təmiz çimərliklər hansı
75 baxış

Ən təmiz çimərliklər hansı ölkələrdədir?

Dünyanın ən təmiz çimərliklərinə sahib ölkələrin yeni reytinqi açıqlanıb. Beynəlxalq Blue Flag ("Mavi Bayraq") ekoloji sertifikatı əsasında hazırlanan siyahıda ikinci il ardıcıl olaraq İspaniya birinci yeri tutub.

Medianews.az xəbər verir ki, "Mavi bayraq" sertifikatını almaq üçün yalnız dəniz suyunun təmiz olması kifayət etmir. Çimərliklər ekologiya, suyun keyfiyyəti, təhlükəsizlik, turist infrastrukturu, əlçatanlıq və ətraf mühitlə bağlı maarifləndirmə də daxil olmaqla 33 meyar üzrə qiymətləndirilir. Mütəxəssislərin sözlərinə görə, bu sertifikat turistlər üçün çimərliyin həm təmiz və təhlükəsiz olduğunu, həm də davamlı turizm prinsiplərinə uyğun idarə edildiyini göstərir.

Bu il İspaniyada "Mavi bayraq" sertifikatına layiq görülən çimərliklərin sayı 676-ya çatıb. Onlardan ən məşhurlarından biri Andalusiya bölgəsinin Nerxa şəhərində yerləşən Burriana çimərliyidir. Reytinqdə ikinci yeri Yunanıstan tutur. Sertifikatlı çimərliklərin əksəriyyəti Krit adasında (154) və Halkidiki yarımadasında (93) yerləşir.

Şimali Yunanıstandakı Uranupoli yaxınlığında yerləşən Kampudi çimərliyi isə eyni anda üç "Mavi bayraq" mükafatına sahib olması ilə seçilir. İlk üçlüyü Türkiyə tamamlayır. Ölkədə sertifikatlı çimərliklərin böyük hissəsi Antalya vilayətində yerləşir. 2026-cı ildə siyahıya girişin ödənişsiz olduğu bir neçə yeni ictimai çimərlik də əlavə olunub.

"Mavi bayraq" sertifikatlı çimərliklərin sayına görə ilk 10 ölkə

İspaniya - 676 çimərlik

Yunanıstan - 623 çimərlik

Türkiyə - 614 çimərlik

İtaliya - 525 çimərlik

Portuqaliya - 396 çimərlik

Fransa - 387 çimərlik

Danimarka - 140 çimərlik

Meksika - 103 çimərlik

İrlandiya - 85 çimərlik

Xorvatiya - 78 çimərlik

Beləliklə, ilk onluqda yer alan ölkələrin əksəriyyəti Avropada yerləşir. Avropadan kənardan siyahıya daxil olan yeganə ölkə isə Meksikadır./Lent.az

Bizə qoşulun