Medianın İnkişafı Agentliyi 2026-cı ildən qəzetlərin yalnız həftədə bir nömrəsinin çapına maliyyə yardımı göstərəcək. Onlara internet versiyası ilə birlikdə ayda 8000 manat ödənməsi nəzərdə tutulur.
Bu yenilik hazırda həftədə 5 dəfə işıq üzü görən “Yeni Müsavat” qəzetinin dövriliyinə təsir edəcəkmi?

Medianews.az-ın sualını cavablandıran baş redaktor Nazim Sabiroğlu deyib ki, böyük ehtimalla “Yeni Müsavat” gələn ildən həftədə bir dəfə nəşr olunacaq.
Hələlik konkret qərarın verilmədiyini vurğulayan Nazim Sabiroğlu bildirib ki, qəti qərara ilin sonuna yaxın qəzetin daxil olduğu “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun iştirakı ilə gəlinəcək: “Əslində qəzetlərin gələcək taleyi bir xeyli bəllidir. Onsuz da qəzetlərin rentabelliyi aşağıdır, satışdan çox minimal gəlir əldə olunur. Ona görə Medianın İnkişafı Agentliyinin qəzetlərin yalnız həftədə bir nömrəsinin çapına maliyyə yardımı göstərəcəyi ildən “Yeni Müsavat”ın da həftəliyə keçəcəyi faktiki qaçılmaz reallıqdır. Qəzetimizin həftənin hansı günü, neçə səhifədə çap ediləcəyi isə hələlik digər məsələlər kimi tam dəqiqləşməyib, amma yayımla bağlı problemlərin mövcudluğunu nəzərə aldıqda həftəliyin çox da qalın həcmdə olacağı ağlabatan görünmür. Qeyd etdiyim kimi, qəti qərar “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun iştirakı ilə veriləcək”.
Xatırladaq ki, Medianın İnkişafı Agentliyi hazırda “Yeni Müsavat”la yanaşı daha beş gündəlik qəzetin (“525-ci qəzet”, “Yeni Azərbaycan” “Bakı xəbər”, “Şərq”, “Səs”) həftədə 5 nömrəsi maliyyələşdirir, bu qəzetlərə internet versiyası ilə birlikdə ayda 18000 manat yardım ayırır.
Nailə Qasımova,
Medianews.az