Hazırda Medianın İnkişafı Agentliyi 6 gündəlik qəzetin - “Yeni Azərbaycan”, “Yeni Müsavat”, “525-ci qəzet”, “Bakı xəbər”, “Səs” və “Şərq”in həftədə beş nömrəsini maliyyələşdirir, onlara internet versiyası ilə birlikdə ayda 18000 manat yardım edir.
Gələn ildən isə agentlik qəzetlərin yalnız həftədə bir nömrəsinin çapına maliyyə yardımı göstərəcək, onlara internet versiyası ilə birlikdə ayda 8000 min manat ödəyəcək.
Bu səbəbdən gündəlik qəzetlərin bəzisi 2026-cı ildə dövriliyi azaldıb həftəlik nəşrə keçməyi planlaşdırır.
Bazar və bazar ertəsindən başqa hər gün çıxan “Yeni Azərbaycan” qəzetində də dəyişiklik nəzərdə tutulurmu?

Medianews.az saytı bu sualla qəzetin baş redaktoru Alqış Həsənoğluya müraciət edib.
Alqış Həsənoğlu bildirib ki, “Yeni Azərbaycan” qəzetinin dövriliyində dəyişiklik olmayacaq.
Beləliklə, 2026-cı ildə “Yeni Azərbaycan” yenə gündəlik işıq üzü görəcək.
“Yeni Azərbaycan” qəzeti Prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının orqanıdır.
Alqış Həsənoğlu 1993-cü ildən “Yeni Azərbaycan” qəzetində çalışıb, 1997-2008-ci illərdə baş redaktor postunu tutub, 2021-ci il sentyabrın 10-da yenidən həmin vəzifəyə təyin edilib.
1969-cu il təvəllüdlü Alqış Həsənoğlu filologiya elmləri namizədi, Əməkdar jurnalistdir. 2003-2005-ci illərdə Milli Məclisin deputatı olub.
Nailə Qasımova,
Medianews.az