Medianews.az
Yasmin Pəhləvi - İranda hakimiyyətə iddialı şəxsin xanımı -
936 baxış

Yasmin Pəhləvi - İranda hakimiyyətə iddialı şəxsin xanımı - BİOQRAFİYA, FOTOLAR

İranda hakimiyyətə qayıtmaq iddiasını açıq şəkildə ortaya qoyan, özünü hazırda ölkədə vüsət almış etirazların lideri kimi aparan Rza Pəhləvinin xanımı Yasmin Pəhləvi kimdir?

Medianews.az bildirir ki, Yasmin qızlıq soyadı Etimad-Əminidir. O, 1968-ci ilin iyulunda Tehranda dünyaya gəlib. Atası Abdulla Etimad-Əmini iş adamı olub.

Yasminin uşaqlıq illəri şah rejiminin son dövrlərinə düşüb. 1970-ci illərin sonlarında ölkədə siyasi gərginlik dərinləşəndə ata-anası övladları ilə birgə İranı tərk edərək ABŞ-a köçüb. Yasminin atası 2015-ci ildə mühacirətdə vəfat edib. 

Yasmin orta təhsilini ABŞ-da alıb. Paytaxtdakı Corc Vaşinqton Universitetində siyasi elmlər üzrə bakalavr, hüquq üzrə isə doktorantura pilləsini bitirib.

Yasminlə Rza Pəhləvi 1986-cı ildə ailə qurublar. Onların üç qızları var: Nur, İman və Fərəh.

Nur 1992-ci, İman 1993-cü, Fərəh 2004-cü il təvəllüdlüdür.

İman Pəhləvi 2025-ci ildə ABŞ-da yəhudi əslilli iş adamı Bredli Şermanla evlənib.

Nur və Fərəh isə subaydırlar.

Yasmin hüquq təhsilini başa vurandan sonra Vaşinqtonda Dünya Bankının Hüquq Departamentində əmək hüququ məsələləri üzrə fəaliyyətə başlayıb.

Daha sonra Vaşinqtonun birinci instansiya məhkəməsində (Superior Court) hakiminin köməkçisi olub. Ardınca Vaşinqtondakı “Children’s Law Center” təşkilatında hüquqşünas işləyib.

Yasmin 1991-ci ildə yaradılan İran Uşaqları Fondu (Foundation for the Children of Iran) xeyriyyə təşkilatının həmtəsisçilərindən olub. 2014-cü ildə o, fondun rəhbərliyindən, ümumiyyətlə təşkilatla əlaqəli bütün vəzifələrindən istefa verib.

Rəsmi siyasi vəzifə daşımasa da, Yasmin Pəhləvilər ailəsinin simvolik statusuna görə daima diqqət mərkəzinə gəlib. O, müxtəlif beynəlxalq tədbirlərdə, konfranslarda və diaspor qurumlarının toplantılarında qadın hüquqları, insan haqları və İranın gələcəyi ilə bağlı çıxışlar edib.

Yasmin Pəhləvi özünü açıq siyasi lider kimi aparmasa da, siyasi ambisiya nümayiş etdirməsə də, demokratik idarəçiliyi, qadınların cəmiyyətdə rolunu və dini diktaturaya qarşı vətəndaş azadlıqlarını dəstəklədiyini vurğulayır və daha çox bu imiclə tanınır.

Əsasən sosial və humanitar tədbirlərdə görünən Yasmin Pəhləvini bəziləri İran müxalifətinin müxtəlif qanadları arasında körpü rolunu oynayan sima kimi də qiymətləndirir.

2018-ci ildə Yasmin Pəhləviyə süd vəzi xərçəngi diaqnozu qoyulub. O, bu diaqnozu ictimai şəkildə elan edib, xəstəliklə mübarizəsindən qadın sağlamlığı və erkən diaqnostikanın vacibliyi mövzusuna diqqət çəkmək məqsədilə istifadə etməyə çalışdığını söyləyib.

Yasmin Pəhləvi 2023-cü ildə Azərbaycan Respublikasında olub. Öz “İnstaqram” hesabında Bakıdan video paylaşaraq yazıb: “İlk dəfə Xəzər dənizinə girdim. Öz ölkəmin sahillərindən cəmi bir neçə saatlıq məsafədə olduğumu bilmək çox qəribə idi. Vətənimə yaxın olmaq məni çox sevindirdi. Kaş İran sahillərinin qumuna ayaq basa biləydim".

Xatırladaq ki, Pəhləvilər sülaləsi 1925-1979-cu illərdə İranı idarə edib. Rza Pəhləvi ikinci və sonuncu İran şahı Məhəmmədrza Pəhləvinin böyük oğludur.

Rza 1960-cı il oktyabrın 31-i Tehranda doğulub. 1967-ci ildən şahzadə sayılır. 1978-ci ildə ABŞ Hərbi Hava Qüvvələrində hərbi təlim keçmək üçün İranı tərk edib. Bir neçə ay sonra, 1979-cu ildə islam inqilabı nəticəsində monarxiya devrilib, Məhəmmədrza Pəhləvi ailəsinin qalan üzvləri ilə birgə ölkədən qaçıb. O vaxtdan Rza Pəhləvi ailəsi ilə birgə ABŞ-da yaşayır. Hazırda Los-Anceles şəhərində məskunlaşıb. Cənubi Karolina Universitetində politologiya üzrə ali təhsil alıb. 

İran İslam Respublikası 1979-cu ildə, inqilab dalğasında yaradılıb. Dövlət başçısı səlahiyyətlərini Üləmalar Məclisinin seçdiyi ali rəhbər həyata keçirir. 1989-cu il iyunun 3-dən bu postu 1939-cu il təvəllüdlü Əli Xamneyi tutur. Hökumət başçısı funksiyası daşıyan İran prezidenti ümumxalq səsverməsində 4 il müddətinə seçilir. 2024-cü il iyulun 28-dən 1954-cü il təvəllüdlü Məsud Pezeşkian prezidentdir. 290 nəfərlik ölkə parlamenti (İslam Şurası Məclisi) 4 ildən bir majoritar sistemlə (dairələr üzrə) seçilir. İndiki parlament 2024-cü ilin yazında formalaşıb.

Toğrul Əli,
Medianews.az

Yasmin Pəhləvinin 2023-cü ildə Bakıdan paylaşdığı foto

Bizə qoşulun