Medianews.az
Yaşın fərqi - Hikmət Sabiroğlunun 60 illik yubiley yazısı
322 baxış

Yaşın fərqi - Hikmət Sabiroğlunun 60 illik yubiley yazısı

Redaktoru olduğum iki saytda yubiley söhbətlərinə “Yaşın nə fərqi var” sualı ilə giriş vermək ənənəsi vardı. Maraqlı cavablar olurdu. Yaşın fərqini canımda duyandan bildim heç asan sual deyilmiş.

Açığı, yaşı çox da yaxın buraxmaq istəmirəm. Nədənsə inanıram qarşıda uzun yol var. Yaradan yaşanmamış illərin əvəzini verər, buna ümid eləyirəm.

Bir yandan baxanda 60 az yaş deyil. Atam bu yaşı görmədi. Neçə əzizimi, dostumu bu yaşın çox altında itirdim.

O biri yandan görürəm ömür bir göz qırpımı kimidir. Cavanlıqda 50-ni keçəni yaşlı sanırdım. Elə deyilmiş...

İşğal əzabı içində keçmiş illərə deyirəm yaşanmamış, getsin gəlməsin. Nə nisgil çəkirdim. İndi o ağırlıq yoxdur. Hər il məni mayın 8-də arayıb hal-əhval tutan dost-tanış indi Şuşadan zəng vurub salamlayır. Bundan böyük səadət ola bilməz.

Xəritəmizə baxa bilmirdim. Amma göz önündən də getmirdi. O talesiz günləri ananda hər məyusluğa dözmək istəyirəm, deyirəm şükür bu günə, adam naşükür olmaz.

Ona görə jurnalistikadan danışmağım gəlmir. Bu mövzuda indi yalnız dərin sükuta ehtiyac duyuram. Bir onu deyim ki, 1966-cı ilin ilk günü Şuşada doğulmuşam. Tale mənə bir məbəddə - Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almağı nəsib eləyib.

Bir qərinəni ötən jurnalist ömrümdə “Azadlıq” və “Avropa” qəzetlərinin, “III Sektor” jurnalının, Mediaforum.az və Novator.az saytlarının möhürü var.

Onların heç biri mənim bu yaşa çatdığımı görmədi...

Hikmət Sabiroğlu

Bizə qoşulun