Medianews.az
Yanğınlar niyə artıb? Xəbəriniz varmı ki... –
294 baxış

Yanğınlar niyə artıb? Xəbəriniz varmı ki... – AÇIQLAMA

Son günlər Bakıda baş verən yanğın hadisələrinin artması nəyin göstəricisidir? Bunun əsas səbəbləri nələr ola bilər? Yanğın baş verəndə bina sakinlərinin atmalı olduğu ilk addım nədən ibarət olmalıdır? Ən çox rast gəlinən səhvlər hansılardır?

Medianews.az bu və digər suallarla təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyevə müraciət edib.

E.Nurəliyev bildirib ki, binalarda yanğın təhlükəsizliyi məsələsi hər zaman ön planda olmalıdır: “Yanğın təhlükəsizliyi haqqında qanun, lazımi qədər digər hüquqi aktlar var. Bu sənədlərdə hər bir məsələ əksini tapıb. Yanğın təhlükəsizliyinə dair təchizatların olması mütləqdir: ehtiyat su çəni, yanğın hidrantları, yanğın dolabları, siqnalizasiya, ilkin od söndürmə vasitələri, təxliyə yolları... Bunların hər biri işlək və saz vəziyyətdə olmalıdır. Həmçinin binanın həyətinə sərbəst giriş üçün yollar, təhlükəsiz toplanış məntəqələri olmalıdır. Bu qaydalar, normativlər hansısa yanğın hadisəsi zamanı insanların daha az zərər görməsi üçündür. Bunlara ciddi riayət edilməlidir.

Ümumiyyətlə, biz yanğınların statistikasına baxanda görürük ki, böyük əksəriyyəti elektrik qısaqapanmasından baş verir. Təbii ki, yanğınların müxtəlif növləri var: bərk materialların alışmasından törəyən yanğınlar. Yaxud maye, qaz halında olan, partlamaya meylli digər maddələrin ucbatından baş qaldıran hadisələr. Elektrik qısaqapanması və sair. Qısaqapanmalar üstünlük təşkil edir. Ona görə elektrik təsərrüfatı daima saz vəziyyətdə saxlanmalıdır. Elektrikin normadan artıq yüklənməməsinə diqqət edilməlidir. Elektrik təsərrüfatı hər il yoxlanmalıdır. Yoxlama ixtisaslaşmış müəssisə tərəfindən aparılmalı və sınaq protokolu tərtib edilməlidir. Əgər nöqsanlar varsa, aradan qaldırılmalıdır ki, risk azalsın”.

E.Nurəliyev qeyd edib ki, elektrik şəbəkəsinin nasaz vəziyyətdə olması, normadan artıq yüklənməsi qızma, qısaqapanma, alışma riski doğurur: “Təbii ki, bu, çoxmərtəbəli binalara aid olduğu kimi həyət evlərinə də aiddir. İstənilən yaşayış yerində elektrik şəbəkəsi diqqətdə saxlanmalıdır. Vətəndaşlar həm özlərinə, həm digər şəxslərə qarşı məsuliyyətli davranış sərgiləməlidirlər.

Binaların birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinin sahibləri, işçiləri də yanğın təhlükəsizliyinə dair normativlərə əməl etməyə borcludur.

Eyni zamanda insanlar heç olmasa ilkin təhlükəsizlik qaydaları haqqında məlumatlı olmalıdırlar ki, insident baş verəndə vəziyyətdən daha az zərərlə çıxa bilsinlər. Əvvəla, panikaya düşməmək lazımdır. Litdən istifadə edilməməlidir. Bəzən olur ki, təlaşdan yuxarı mərtəbənin eyvanından, pəncərəsindən atılmağa cəhd edənlər olur. Bu, yolverilməzdir. Hadisə vaxtı hər kəsin eyni anda pilləkən qəfəslərinə çıxması da sıxlığa, yekunda isə tüstüdən zəhərlənənlərin artmasına gətirir. Dəsmalı yaş edib nəfəs yollarına tutmaq, bu qaydada hadisə yerindən çıxmağa çalışmaq gərəkdir. Təbii ki, burada vəziyyəti mümkün qədər düzgün qiymətləndirmək çox vacib nüansdır. Əgər çölə çıxmağa imkan varsa, şərait onu tələb edirsə, çıxmaq lazımdır. Əksinə, belə bir imkan yoxdursa, pəncərə olan hissəyə yaxınlaşmaq köməyə çata bilər. Əmin olsunlar ki, xilasetməyə gələn qruplar tərəfindən xilas ediləcəklər. Bir məqamı da bilmək gərəkdir ki, evdə yanğın zamanı qapı-pəncərəni açmaq içəri daxil olan hava kütləsinin yanğını daha da alovlandırmasına səbəb ola bilər. Ona görə bu halda qapı-pəncərəni bağlı saxlamaq lazımdır”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun