Mayın 17-22-də Bakıda beynəlxalq tədbir - WUF13 keçiriləcək.
Medianews.az bildirir ki, WUF - Ümumdünya Şəhərsalma Forumunun ingiliscə adının (World Urban Forum) qısaldılmış formasıdır.
Dünyanın ən əsas qlobal şəhərsalma konfransı sayılan bu forum BMT-nin Məskunlaşma Proqramı (ingiliscə: UN-Habitat) çərçivəsində təşkil olunur.
Bakıdakı tədbir ona görə WUF13 adlanır ki, indiyədək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 12 sessiyası keçirilib.
13-cü sessiyanın Bakıda keçirilməsi haqda qərarı BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurası 2023-cü ildə qəbul edib.
2023-cü ilin dekabrında Azərbaycan hökuməti və BMT arasında Bakının WUF13-ə ev sahibliyi etməsinə dair saziş imzalanıb. Sazişi Azərbaycan hökuməti adından Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının (“UN-Habitat”) icraçı direktoru Maimunah Mohd Şərif imzalayıblar.
2025-ci ilin aprelində Prezident İlham Əliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevi WUF13-ün milli koordinatoru təyin edib.
2025-ci ilin iyununda isə ölkə Prezidenti WUF13-ün Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradıb. Təşkilat Komitəsinin sədri Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevdir.
BMT-nin 2001-ci il qərarına əsasən, Ümumdünya Şəhərsalma Forumu iki ildən bir keçirilir. İlk sessiya - WUF1 2002-ci ildə Nayrobi şəhərində (Keniya) olub. Sonralar hər iki ildən bir WUF2 Barselonada (İspaniya), WUF3 Vankuverdə (Kanadada), WUF4 Nankinqdə (Çin), WUF5 Rio-de-Janeyroda (Braziliya), WUF6 Neapolda (İtaliya), WUF7 Medellində (Kolumbiya), WUF9 Kuala Lumpurda (Malayziya), WUF10 Əbu-Dabidə (Birləşmiş Ərəb Əmirlikləri), WUF11 Katovitsedə (Polşa), WUF12 Qahirədə (Misir) keçirilib.
WUF13-də 20 mindən çox adamın iştirak edəcəyi gözlənilir.
Bakıdakı forumun mövzusu belə olacaq: “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri”.
Artıq WUF13-də iştirak etmək üçün akkreditasiyadan keçən media nümayəndələrinin sayı 800-ü ötüb. Onların yarıdan çoxu yerli jurnalistlərdir.
WUF13-ün keçiriləcəyi 17-22 may tarixlərində Bakıda fəaliyyət göstərən təhsil müəssisələrində (məktəbəqədər və internat tipli ümumi təhsil müəssisələri istisna olmaqla) tədris və təlim-tərbiyə prosesinin təşkilində bəzi dəyişikliklər ediləcək. Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üzrə tətil 1-5 may tarixləri əvəzinə 18-22 may tarixlərində olacaq.
Bundan başqa, Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna olmaqla, Bakının digər rayonlarında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin V-XI siniflərində dərslər mayın 18-dən 22-dək distant (məsafədən) formada keçiriləcək.
Eyni zamanda, paytaxtda yerləşən peşə, orta ixtisas və ali təhsil müəssisələrində də tədris mayın 18-dən 22-dək distant (məsafədən) formada olacaq.