“Biz Şuşadan belə öyrəşmişik ki, sonuncu ilaxır çərşənbəni bayram kimi qeyd edək. O vaxt Şuşa sakinləri evlərində qovurğa qovururdular. Onun içinə quru meyvələr, qoz-fındıq, ləpələr əlavə olunurdu. Biz heç vaxt papaq atmamışıq. Xüsusi torbalarımız olurdu, üstünə adımızı yazırdıq ki, bilsinlər kimindir və yaxşı hədiyyə qoysunlar (gülür). Tonqal qalanırdı, üstündən hoppanırdıq. Tonqal mərasimindən sonra torba atmağa gedirdik. Qızlar oğlan paltarı geyinirdi, kömürlə üzlərini bəzəyirdilər, oğlanlar başlarına yaylıq bağlayırdılar ki, tanınmasınlar. Mən də üzümü kömürlə qaralayırdım, özümə bığ çəkirdim. Məhəllə-məhəllə gəzirdik. O torbadan yığdıqlarımız on gün bəsimiz idi. Məktəbə də aparırdıq, dostlarımızla da bölüşürdük”.

Bunu Medianews.az-a açıqlamasında xalq artisti, Akademik Milli Dram teatrının aktrisası Firəngiz Mütəllimova deyib.
O daha sonra Bakıda keçirilən bayramlardan danışıb:
“Bu il də ilaxır çərşənbəni ailəmizlə birlikdə evdə qeyd etdik. Düzdür, tonqal görmədik. Çünki biz tərəfdə binalar bir-birinə yaxındır deyə ehtiyat edib yandırmadılar. Həm də həyətdə çoxlu maşın var idi. Süfrənin üzərinə 7 nemət qoyduq, plov dəmlədik. Necə lazımdırsa qeyd etdik. Amma etiraf edim ki, Bakıda bayramlar Şuşadakı kimi keçmir”.

Xalq artisti deyir ki, 11 günlük tətildə istirahət edə bilməyəcək:
“Heç yerə gedə bilməyəcəm. Çünki biz tətil günlərində işləyirik. Martın 22-də mənim “Varlı qadın” tamaşam var. Şuşaya yaz gələndə, güllər, çiçəklər bitəndə gedəcəm. Şuşadakılarla hər gün əlaqə saxlayıram, orada yaxınlarım, doğmalarım var. İndi ora gözəl qar yağır. Ürəyimin bir hissəsi Şuşadadır. Bütün xalqımızı, tamaşaçılarımızı, sənət dostlarımızı ürəkdən təbrik edirəm. Qoy bu Novruz, müqəddəs Ramazan bayramı həmişə onları bənövşə çiçəyinin ətiri kimi təravətli etsin. Ən əsası ölkəmizdə əmin-amanlıq, sülh olsun. Hər kəsə can sağlığı arzulayıram. Can sağlığı olandan sonra hər şey mümkündür”.
Əli Əsgər,
Medianews.az
