Medianews.az
Uşaqpulu haqqında
98 baxış

Uşaqpulu haqqında film

Bugünlərdə dünya kino festivalları arasında, şübhəsiz, ən nüfuzlusu olan Kann festivalı bitdi və baş ödülü (mükafatı) rumın rejissor Kristian Mungiu “Fyord” filmi ilə aldı. Film bizim üçün də çox aktual olan uşaq pulu mövzusunda çəkilmişdir...

Zarafat edirəm, əlbəttə, “Fyord” uşaqlar, ailə münasibətləri temasında olsa da, yanılmıramsa (baxmamışıq, nə bilirik), orada uşaqpulu mövzusu işıqlandırılmamışdır.

Yeri gəlmişkən, bəlkə zəhmətkeşlərimizin bəzisi bu “fyord” sözünün anlamını (mənasını) bilmir, ancaq öyrənmək lazımdır. Nəyə görə? Lazım olar. Yenə “nəyə” soruşsanız, təklif edirəm bu bazar, yəni dünən DİM-in qayırdığı qəbul imtahanlarında iştirak edən cocuqları danışdırın. Orada coğrafiya fənnindən qoyulan sualın biri təxminən “Norveçdəki ən hündür dağın adını yazın” şəklində idi.

Buyurun. Halbuki, şəxsən mən heç inanmıram Norveçin paytaxtı Oslo şəhərində universitetə qəbulda belə sual qoysunlar: “Bazardüzü dağı hansı ölkənin ərazisindədir?”. Yəni, yetim azərbaycanlı uşaqlardan qəbul imtahanında Skandinaviya dağlarında əsən küləklərin adını soruşmaq (belə sual da var idi) eynilə paraşüt anekdotundakı vəziyyətdir. Qısa yazım, hamı bilsin: təyyarə qəzaya uğramaqdadır, pilot deyir ki, cəmi 1 paraşütümüz var, kim Madaqaskarın paytaxtını söyləsə, ona verəcəyik. Sərnişinin biri deyir ki, ta denən paraşütü vermirəm də.

Bax, həmin fyord da Norveçdə quruya girən xüsusi relyef forması, yarıq-yuruq körfəzlərdir. Çox gözəl mənzərəli yerlərdir, pensiyanı alan kimi mütləq gedin, gəzin.

“Fyord” filminə gələndə isə, resenziyalardan öyrəndiyimə görə, bu əsərdə Norveçdəki dövlət uşaq hüquqlarını qoruma təşkilatı – Barnevarn müəyyən dərəcədə tənqidi analiz edilibdir. Yenə bilməyənlərə çatdırım ki, Barnevarn-ın Norveçdə fövqəladə səlahiyyət və hüquqları var. Məsələn, uşağa çırtma vursan, götürür zəng edir ora, gəlib uşağı ailədən alıb aparırlar, ya dövlət himayəsinə götürür, ya başqa ailəyə verirlər. Yəni, Norveçdə heç bir lotu “uşaq mənimdir, özüm bilərəm neyləyirəm” deməyə qələt edə bilməz. Barnevarn uşaqların qidalanması, oxuması, tərbiyəsi, oynaması, əylənməsi – uzun sözün qısası, bütün proseslərə qarışmaq hüququna malikdir. Nəticədə Norveçdə uşaqlar daim arxalarında dövlətin, cəmiyyətin durduğunu hiss edərək böyüyür, əsl vətəndaş olurlar.

Bunu vurğulamağımın bir səbəbi də “Fyord” filminə prodüserlik edən fondların elə Skandinaviya, Norveç, Danimarka, Finlandiya, İsveç mənşəli olmağı idi. Kəsə yazsam, Norveç dövləti onun uşaq siyasətinə tənqidi yanaşan filmə sponsorluq etməkdən çəkinmir. Bizdə belə şey mümkündürmü? Yox.

Biz ancaq bizə bəy tərifi vuran sənətə pul ayırırıq. Tənqidi xoşlamırıq. Mirzə Cəlilin bu temada yaxşı bir fikri var, deyir, mən “Molla Nəsrəddin” jurnalını Tiflisdə yox, Bakıda dərc etməyə başlasaydım camaatımız məni çoxdan daşqalaq edib öldürərdi. (Təxminən məzmunu yazdım, tam sitat yadımda deyil).

Qaldı uşaq pulu məsələsi... Açığı, mən bu barədə çox düşünmüşəm və xalqımızı qınayıram. Axı bizdə uşaq pulu verilir! Kim deyirsə verilmir, səhv edir.

Məsələn, uşaq anadan olanda doğum evinə minimum 1000 manat-zad veririk. Sonra repetitora, pulluya düşsə universitetə bir ətək pul ödənilir. Ta ara-bərə xərcləri (əsgərlikdən saxlatdır, evləndir, nə bilim, iş tap, ev al) saymıram. Bunlar hamısı uşaqpulu deyilmi?

Düzdür, burda istiqamət yüngülvari fərqlidir, hökumət bizə yox, biz hökumətə uşaq pulu veririk, ancaq əsas mahiyyət – uşaqların qorunması və inkişafı məqsədi – dəyişmir.

Yaxşı olar bu temada film çəkib gələn il Kanna göndərək.

Zamin HACI 

Bizə qoşulun