İngiltərədə azyaşlı qızlara qarşı illərlə davam edən cinsi istismar işi üzrə 20 təqsirləndirilən şəxsə ümumilikdə 277 il həbs cəzası verilib.
Medianews.az xəbər verir ki, Qərbi Yorkşir polisinin apardığı uzunmüddətli araşdırma nəticəsində üzə çıxan hadisələrin əsasən Dyusberi və Batli bölgələrində baş verdiyi bildirilib.
Məlumata görə, cinayətlər 1995–2003-cü illər arasında törədilib.
İstismara məruz qalanlardan birinin hadisə zamanı cəmi 12 yaşında olduğu açıqlanıb. İş üzrə məhkəmə prosesi 2023-cü ilin iyulunda Lids Kral Məhkəməsində başlayıb və bir neçə dinləmə keçirilib.
Məhkəmə sənədlərinə əsasən, təqsirləndirilən şəxslər zorlama, cinsi zorakılıq, narkotik vasitələrin verilməsi, məcburi fahişəliyə cəlbetmə və qanunsuz saxlanılma kimi ağır cinayətlərdə təqsirli biliniblər. Bəzi şəxslərə 28 ilə qədər həbs cəzası verilib.
İş üzrə 87 yaşlı bir təqsirləndirilən də iki zorlama ittihamı ilə 11 il həbs cəzasına məhkum edilib. Bir qadın təqsirləndirilən isə fahişəliyin təşkilinə nəzarət ittihamı ilə 3 il həbs alıb.
Polis hadisəni azyaşlı qızlara qarşı törədilmiş ağır və sarsıdıcı istismar işi kimi qiymətləndirib. Hüquq-mühafizə orqanları bildiriblər ki, cinayətlərin üzə çıxmasında zərərçəkənlərin ifadələri və göstərdiyi cəsarət mühüm rol oynayıb.

