Türkiyədə Daxili İşlər Nazirliyi koordinasiyası ilə İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyatlar həyata keçirilib.
Medianews.az xəbər verir ki, rəsmi açıqlamaya görə, 56 əyalətdə eyni vaxtda keçirilən əməliyyatlar nəticəsində təşkilatla əlaqəsi olan və ona maliyyə dəstəyi göstərən ümumilikdə 525 şübhəli saxlanılıb.
Əməliyyatların Təhlükəsizlik Baş İdarəsi, Milli Kəşfiyyat Təşkilatı və Baş Prokurorluq orqanlarının koordinasiyası ilə həyata keçirildiyi bildirilib. Sahə əməliyyatları isə əyalət polis idarələri və terrorla mübarizə bölmələri tərəfindən icra olunub.
Saxlanılan şəxslərin İŞİD daxilində aktiv fəaliyyət göstərdiyi, təşkilata maliyyə dəstəyi verdiyi və bəziləri barəsində əvvəldən həbs qərarlarının olduğu qeyd edilib.
Nazirliyin açıqlamasında terrorla mübarizədə qətiyyət vurğulanıb:
“Terrorizmə qarşı birliyimiz, həmrəyliyimiz və gücümüzlə İŞİD terror təşkilatına qarşı əməliyyatlarımızı qətiyyətlə davam etdirəcəyik.”
Qeyd olunur ki, eyni vaxtda bu qədər geniş coğrafiyanı əhatə edən əməliyyat təhlükəsizlik qüvvələrinin terrora qarşı koordinasiyalı və sistemli mübarizəsinin davam etdiyini göstərir.