ABŞ-ın nüfuzlu "Wall Street Journal" nəşrində dərc olunan məqalə və Donald Trampla aparılan müsahibə ABŞ prezidentinin sağlamlıq məsələlərinə yanaşması ilə bağlı diqqətçəkən məqamları üzə çıxarıb.
Medianews.az-ın məlumatına görə məqalədə qeyd olunur ki, Tramp bir sıra tibbi mövzularda həkimlərinin tövsiyələrini dinləməkdən imtina edir və sağlamlığını əsasən valideynlərindən miras qaldığını dediyi “yaxşı genetika” ilə izah edir.
Nəşrin yazdığına görə, Donald Tramp fiziki məşqlərlə məşğul olmağı sevmədiyini gizlətmir. O, qolfdan başqa heç bir idman növü ilə məşğul olmur və bunu “darxdırıcı” hesab etdiyini açıq şəkildə bildirir. Bununla yanaşı, Tramp artıq 25 ildir ki, ürək-damar xəstəliklərinin qarşısını almaq məqsədilə gündəlik 325 mq aspirin qəbul etdiyini deyir. Halbuki tibbi praktikada standart profilaktik doza adətən 81 mq təşkil edir.
Məqalədə vurğulanır ki, ABŞ prezidenti az yatması ilə də tanınır. Tramp özü heç vaxt çox yatmadığını bildirir və bəzən gecə saat 2-də belə köməkçiləri ilə yazışdığını etiraf edir. Onun gündəlik iş qrafiki adətən səhər saat 10-da Oval kabinetdə başlayır və axşam 19–20 radələrinə qədər davam edir.
Qidalanma vərdişləri də həkim tövsiyələrinə zidd olaraq qalır. "Wall Street Journal" yazır ki, Tramp tərkibində yağ və duz olan qidalardan, xüsusən də McDonald’s-da hazırlanan hamburger və kartof qızartmasından imtina etmir.