“Mən Aygün Bəyləri və ailəsini çox gözəl tanıyıram. Onun bacılarının səsləri əvvəldən olub. Elə bilirsiniz ki, onların səsi yox idi? Aygün qoymurdu onları efirə çıxmağa, ondan qorxurdular. Aygün onların arasında ən tanınan və üzə çıxmış tanınmış sənətçi idi. Atası heç Aygünü də oxumağa qoymurdu. Aygün müğənni olanda atasının evindən çıxdı. Getdi orada-burada qaldı. Aygün mənim yetirməm olub. Ona o qədər mahnılar öyrətmişəm ki.. Ağabacı Rzayeva, Səid Rüstəmov, Hökümə Nəcəfovanın mahnılarını onunla məşq etmişəm. Gəlib bizə Mərdəkana, bağda onunla məşğul olmuşam. Kağız, qələm gətirib yazırdı, mahnıları köçürürdü. O vaxt cavan qız idi. Bəylərlə gəlirdi mənim yanıma. Bəylər toylarda qarmon çalırdı. Qardaşı Xanlar da klarnet ifa edirdi”.
Bunu Medianews.az-a açıqlamasında tanınmış müğənni Əli Mirəliyev deyib.

O daha sonra əlavə edərək Aygün Bəylərin müqayisəsiz müğənni olduğunu bildirib:
“Aygün əvəzsiz müğənni və xanəndə olub. Bunu indi yox, əvvəl də demişəm. Aygün muğamı muğam kimi, mahnını mahnı kimi ifa edib. Elgizin verilişində Aygün Röya haqda danışanda mən də orada idim. Aygün düz deyirdi. Röya yaxşı estrada oxuyur, Aygün isə muğamdan estradaya gəlib. Muğam oxumaq çətindir. Müğənniyə zəngulə, avaz lazımdır. Siz elə bilirsiniz muğam oxumaq asandır? Xeyr! Aygün Bəylər fəxri ad almağa da gecikdi. Təəssüf ki, Aygün aramızdan çox tez getdi”.
Aygün Bəylərin bacısı Zümrüd Hümbətova saytımıza açıqlama verərək bildirib ki, Əli Mirəliyev dəfələrlə efirlərdə ondan bacısının mahnılarını oxumamağı tələb edib.

“Əli Mirəliyevlə birlikdə verilişdə iştirak edirdik. O mənə dedi ki, “Aygün mahnılarının peçatını vurub gedib, sən onları oxuma”. Bu sözü dəfələrlə deyib. Sonra mən durub başqa bir mahnı oxudum, Əli müəllim ağladı. O görüntü sosial şəbəkədə də var. Əli müəllim yaşlı nəsildir, keçmiş dövrün sənətkarıdır. Keçmişdə sevilən müğənni olub. İndi müğənnilik etmir, sadəcə söz atmaqla, kiminsə ünvanına söz deməklə “tuzuzdurmaq”, reytinq qazanmaq istəyir. Mən heç vaxt özümdən böyük insanlara qarşı hörmətsizlik etmərəm, amma mədəni formada sözümü deyərəm. Aygünün bacıları 30 ilə yaxındır ki, sənətdədir. Demirəm ki, 30 ildir səhnədəyəm. Vacib olan sənətdir. Səhnə indi var, sənət isə hər zaman olacaq. Əvvəl toyxanalar idi. Biz 15-16 yaşımızdan toylardayıq. Mən musiqiçi olmuşam, qoşanağara, sintezator ifa etmişəm, Aynur bacım da qoşanağara, sintezator ifa edib, indi də oxuyur. İllərdir oxuyuruq. Aygün özü də qoşanağara ifaçısı olub. O öz möhürünü vurub. Bu sənətdə Aygün kimi sənətkar yoxdur. İçi Əli Mirəliyev olmaq şərtilə.. Aygünün bacıları sənətkar deyil, amma sənətdədir. Biz ola bilər ki, 2 ildir efirdəyik. Aygün sağ ikən məni efirə çıxarıb, deyirdi ki, “məndən sonra sənsən”. Burada başqa söhbət ola bilməz. Aygün mənim üçün dünyada tək insan idi ki, desəydi çıx çıxacaqdım, oxu oxuyacaqdım, oxuma desəydi oxummayacaqdım. Aygündən sonra kimlər nə deyirsə-desin. Əli Mirəliyev heç vaxt Aygün kimi sənətkar deyil, heç vaxt da olmayıb. Aygün tək gəlib, tək də gedib", - deyə o bildirib.
Əli Əsgər
Medianews.az