Azərbaycan televiziyalarında, kinoteatrlarında dünyanın çox ölkəsinin bədii filmləri, serialları nümayiş olunur. Bəs əcnəbilər də Azərbaycan filmlərinə baxırlarmı? Xarici ölkələrin TV-lərində, kinoteatrlarında Azərbaycanın bədii filmləri nümayiş edilirmi? Azərbaycan kinosu dünya kinosuna inteqrasiya olunubmu?

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, kinorejissor Əli İsa Cabbarov Medianews.az-a açıqlamasında vurğulayıb ki, Azərbaycan kinosunun dünya kinosuna inteqrasiyası çox aktual məsələlərdəndir: “İnteqrasiya dedikdə söhbət ilk növbədə beynəlxalq film festivallarında iştirakdan, xarici ölkələrin kinoteatrlarında Azərbaycan filmlərinin nümayiş olunmasından gedir. Festivallarda iştirak çox vacibdir. Kinematoqrafçılar İttifaqı “Kinosəyyah” proqramı həyata keçirir. Bu proqram çərçivəsində biz kinematoqrafçılarımızın xaricə səfərlərini dəstəkləyirik. Eyni işi Azərbaycan Respublikasının Kino Agentliyi də görür. Amma təəssüf ki, aidiyyəti strukturların bu sahədə konseptual fəaliyyəti yoxdur.
Xaricdə Azərbaycan kinosu günləri keçirilməlidir. Ölkəmizdə yeni filmlər çəkildikcə xaricdəki tamaşaçıları da həmin filmlərlə tanış etmək gərəkdir. Kinoteatrlarda nümayiş üçün isə dünyadakı prokat şirkətlərinin kommersiya marağı olmalıdır. Onları bizim filmləri göstərməyə məcbur edə bilmərik. Amma Azərbaycan kinosu günləri çərçivəsində biz qeyri-kommersiya xarakterli təqdimatlar reallaşdıra, film mərasimləri keçirə bilərik. Bu işə də vəsait ayrılmalıdır. Kinematoqrafçılar İttifaqı da belə işlərdə iştirak etmək istəyər, öz dəstəyini göstərər”.

Əli İsa Cabbarovun sözlərinə görə, sonuncu dəfə 2022-ci ilin fevralında Moskvadakı “İllüzion” kinoteatrında Azərbaycanın Mədəniyyət Nazirliyi ilə birgə layihə əsasında Azərbaycan kinosu günləri olub: “O zaman bir neçə gün ərzində müxtəlif dövrlərdə Azərbaycanda çəkilmiş 19 ekran əsəri “İllüzion”da göstərildi. Çox maraqlı, əks-sədalı bir tədbir oldu. Mətbuatda geniş işıqlandırıldı. Eyni addımı, tutalım, Fransada, İtaliyada, Almaniyada, başqa ölkələrdə də atmaq lazımdır. Azərbaycan kinematoqrafçıları ayrı-ayrılıqda, fərdi qaydada kinomuzu dünyada təmsil edirlər. Amma fundamental təbliğat üçün məxsusi kino günləri keçirilməlidir. Bunun çox xərc aparan variantı olduğu kimi, az büdcə tələb edən variantları da var”.
Əli İsa Cabbarovun fikrincə, kino günlərində mövzu rəngarəngliyi olmalı, fərqli mövzularda ekran əsərləri təqdim edilməlidir: “Dünyanın kino ekspertlərinin diqqətini cəlb etmək vacibdir. Məsələn, biz Kinoyazar.az saytı yaratmışıq, ingilis dilində versiyası da var. Dünyanın hər hansı nöqtəsində Azərbaycan kinosu haqqında bilgi almaq istəyən şəxs ingilis dilində buradan məlumat toplaya bilər. Mövzu maraqlı olduğu halda filmin özünə də baxa bilərlər. Ona görə də bu sahədə konseptual iş aparmaq lazımdır. Filmlərin kefiyyəti olmasa, dünya kinosu bizimlə maraqlanmayacaq. Filmlərin kefiyyətini, mövzuların rəngarəngliyini, rejissor dəst-xəttini ustalıqla qurmaq gərəkdir ki, dünya biziə maraq göstərsin”.

Hər işin təbliğata ehtiyacı olduğunu söyləyən Əli İsa Cabbarov bir daha vurğulayıb ki, kinomuzun təbliğatı işinə konseptual yanaşma yoxdur: “Xaricdə həyata keçirilən mədəniyyət tədbirləri siyahısına Azərbaycan kinosu günləri də salınmalı, filmlərimiz dünya paytaxtlarında göstərilməlidir. Musiqimiz bu sahədə daha şanslıdır. Ona daha çox vasait ayrılır. Vaxtaşırı Avropanın konsert zallarında, telekanallarında Azərbaycan musiqisi eşidilir. Həqiqətən də musiqimiz dünya səviyyəsindədir. Amma kinomuza da daha artıq diqqət, təbliğat, dəstək ayrılsa, müəyyən qədər Avropa kinosu ailəsində özünə yer tuta bilər. Bizim bu cəhətdən təqdimat xarakterli tədbirlərə ehtiyac var.
Deyim ki, özəl prodüserlərimiz kino bazarında ilk addımları atmaqdadır. Məsələn, hazırda Ramil Ələkbərovun rəhbərliyi ilə “Kinobiz” şirkəti Birləşmiş Ərəb Əmirliklərində kino bazarında iştirak edir. Orada bir neçə Azərbaycan filmi satışa çıxarılıb. Aidiyyəti qurumlar belə təşəbbüsləri də dəstəkləməlidir. Məsələn, onların səfərlərinə dəstək verilməlidir. Kino bazarında aktiv iştirak Azərbaycan filmlərinin dünyaya çıxışına kömək edir”.

Rejissor, ssenarist, prodüser Valeh Əhmədov Medianews.az-a deyib ki, filmlərimizin xaricdə yayımlanmasına dair bir neçə nümunə var: “Bunlar təbii ki, böyük uğurdur. Amma sənaye halına gəlib oturuşması üçün başqa işlər də görülməlidir, bu, həm də daha çox vaxt tələb edən prosesdir. Məncə, bu istiqamətdə artıq sistemli işlər görülür. İstər Mədəniyyət Nazirliyində, istərsə də Azərbaycan Respublikasının Kino Agentliyində gələcəyə hesablanmış yaxşı planlar var”.
Valeh Əhmədovun fikrincə, xaricdə Azərbaycan filmlərinin nümayişi üçün ən vacib məsələlərdən biri keyfiyyətli dublyajdır: “Bu işin də üstünə düşülüb. Bizim dünya standartlarına cavab verən çox istedadlı rejissorlarımız, ssenaristlərimiz, aktyorlarımız və digər sənətçilərimiz var. Görülən işləri nəzərə alaraq deyə bilərəm ki, yaxın gələcəkdə Azəbaycan filmləri həqiqətən dünya arenasına çıxacaq. Öncə yaxın coğrafiyada, daha sonra meydan genişlənəcək. Festivallarda bizim bir çox filmlərimiz uğur qazanıb. Lakin bayaq vurğuladığım kimi prosesin sənaye halına gəlməsi üçün zamana ehtiyac var. O zaman çox da uzaqda deyil.

Seriallara gəlincə, televiziyalarda, elə çalışdığım “Space” televziyasında da bununla bağlı mühüm işlər görülür. Gələcəkdə bizim seriallarımız digər coğrafiyalarda yayımlanacaq. Bununla bağlı ciddi iş gedir. 4-5 il ərzində filmlərimizi, seriallarımızı dünya arenasında görəcəyik. Hətta yaxın aylarda, bir-iki ilə xaricdə yayımlanma şansı olan ekran əsərləri var. İndi bununla bağlı geniş məlumat vermək istəmirəm, amma konkret iş gedir. Bizim də istədiyimiz odur ki, dünyada anlaşılan, başa düşülən hekayələr yazaq, filmlər çəkək, seriallar istehsal edək”.
Nailə Qasımova,
Medianews.az
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusunda hazırlanıb.
