Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı çıxış edərək Azərbaycan–Ermənistan münaqişəsinin guya onun birbaşa təzyiqləri nəticəsində qısa müddətdə “həll edildiyini” iddia edib.
Medianews.az-ın xəbərinə görə, ABŞ prezidenti bildirib ki, bu qarşıdurma onilliklər boyu davam edib və onun sözlərinə görə, məsələni həll etmək əvvəlki liderlər üçün mümkün olmayıb.
Tramp çıxışında Rusiyanın prezidenti Vladimir Putin ilə söhbətinə də istinad edib.
Onun iddiasına görə, Putin bu münaqişəni illərlə nizamlamağa çalışsa da, buna nail ola bilməyib:
“Bu müharibə 35 il davam edib. Putin mənə dedi: ‘İnanmıram ki, sən bu müharibəni həll etdin, çünki mən 10 il cəhd etdim’. Mən isə bunu sözün əsl mənasında bir günə həll etdim”.
Trampın açıqlamalarında ən diqqətçəkən məqam isə Azərbaycan və Ermənistan üçün səsləndirdiyi iqtisadi təhdidlər olub. ABŞ prezidenti deyib ki, hər iki tərəfə açıq şəkildə ticarəti dayandırmaqla hədələyib:
“Mən hər ikisinə dedim ki, ticarəti dayandıracağıq, artıq heç bir ticarət olmayacaq. Bundan sonra isə 200 faizlik gömrük rüsumları tətbiq edəcəyik”.
Onun sözlərinə görə, bu sərt iqtisadi təzyiq mesajından sonra vəziyyət dərhal dəyişib və ertəsi gün tərəflər Vaşinqtonla əlaqə saxlayaraq razılaşmağa hazır olduqlarını bildiriblər:
“Növbəti gün zəng edib dedilər: “Yaxşı, razıyıq”.
Lakin Trampın bu açıqlamaları ABŞ prezidentinin Azərbaycan–Ermənistan münasibətlərinə və ümumilikdə Cənubi Qafqazdakı proseslərə yanaşmasının nə qədər dayaz, bəsit və reallıqdan uzaq olduğunu bir daha göstərir. Onun bu mövzuda səsləndirdiyi fikirlər faktlara söykənmədiyi üçün hər dəfə həm siyasi, həm də tarixi baxımdan gülünc təsir bağışlayır.
Əslində isə bunu hər kəs bilir: Azərbaycanla Ermənistan arasında 30 ildən artıq davam etmiş münaqişəni Tramp həll etməyib. Bu münaqişəni Azərbaycan xalqı həll edib - müharibə meydanında, döyüşərək, şəhidlər verərək, qan tökərək və “dəmir yumruq”la işğalçı ordunu darmadağın edərək status-kvonu dəyişib. Tarixi reallıq ondan ibarətdir ki, 2020-ci ildə əldə olunan hərbi-siyasi nəticələr Cənubi Qafqazda yeni vəziyyət yaradıb və bu reallıq artıq beş ildən çoxdur ki, qüvvədədir.
ABŞ prezidenti Donald Tramp isə bu prosesə sonradan, dəyişmiş vəziyyət fonunda cəlb olunub. Onun mövzuya daxil olması yalnız müəyyən fraqmentlərlə - xüsusilə də kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı müzakirələr çərçivəsində mümkün olub. Məhz bu istiqamətdə Trampa müəyyən rol verilib və müraciətlər edilib. Bundan sonra isə ABŞ prezidentinin bu cür şişirdilmiş, reallıqla uyğun gəlməyən açıqlamaları müşahidəçilər arasında haqlı təəccüb doğurub.
Bu fikirlərdəki sadəlövhlük, faktların kobud şəkildə təhrif edilməsi və proseslərin mahiyyətinin anlaşılmaması o qədər açıqdır ki, bunu izləyən istənilən şəxs heyrətlənməyə bilməz. Ancaq bu, Trampdır - o, həm Rusiya–ABŞ münasibətləri kontekstində, həm də regional münaqişələrin “həlli” ilə bağlı çıxışlarında dəfələrlə qeyri-adekvat yanaşmalar sərgiləyib və reallıqdan uzaq bəyanatlarla gündəm yaradıb.