2026-cı ildə dünya üzrə ərzaq məhsullarının qiymətlərində yenidən artım ehtimalı gündəmdədir.
Musavat.com xəbər verir ki, xarici media və beynəlxalq araşdırma mərkəzlərinin yaydığı son hesabatlara görə, qlobal iqtisadi qeyri-müəyyənlik, iqlim dəyişiklikləri, enerji xərclərinin yüksək qalması və geosiyasi risklər ərzaq bazarına birbaşa təsir göstərir. Mütəxəssislər bildirirlər ki, xüsusilə əsas istehlak məhsulları üzrə qiymət artımı bir çox ölkədə ailə büdcələrini daha da sıxa bilər.
Kanada mediasında yayımlanan “Food Price Report 2026” hesabatında qeyd olunur ki, gələn il bu ölkədə ərzaq xərcləri orta hesabla 4–6 faiz arta bilər. Hesabata əsasən, ən çox bahalaşma riski ət, süd məhsulları və təzə tərəvəz qruplarında müşahidə olunacaq. Analitiklər bunu istehsal xərclərinin artması, logistika problemləri və iqlim şəraitinin təsiri ilə əlaqələndirirlər. Xarici mediada yayılan məlumatlara görə, oxşar tendensiya Avropa ölkələrində də gözlənilir.
Böyük Britaniya və digər G7 ölkələri ilə bağlı beynəlxalq maliyyə qurumlarının proqnozlarında da ərzaq inflyasiyasının 2026-cı ildə yenidən sürətlənə biləcəyi vurğulanır. Beynəlxalq Valyuta Fonduna yaxın mənbələrin açıqlamalarında deyilir ki, qlobal inflyasiya təzyiqləri tam aradan qalxmayıb və bu vəziyyət ərzaq qiymətlərində dalğalanmanı davam etdirəcək. Xüsusilə taxıl məhsulları, bitki yağları və şəkər kimi strateji məhsulların qiymətində artım riski ön plandadır.
Bununla yanaşı, Dünya Bankının əmtəə bazarları ilə bağlı hesabatlarında qlobal miqyasda ümumi ərzaq qiymət indeksinin kəskin sıçrayış etməyəcəyi, lakin ayrı-ayrı məhsullar üzrə bahalaşmanın qaçılmaz olduğu qeyd olunur. Hesabatda vurğulanır ki, iqlim dəyişiklikləri səbəbindən kənd təsərrüfatı məhsullarının istehsalında yaranan problemlər bəzi regionlarda təklif çatışmazlığı yarada bilər və bu da qiymətləri yuxarı çəkəcək.
Xarici ekspertlərin fikrincə, 2026-cı il ərzaq bazarı baxımından asan il olmayacaq. Qiymət artımı hər ölkədə eyni səviyyədə olmasa da, qlobal bazarda baş verən proseslər idxaldan asılı olan ölkələrə daha çox təsir göstərəcək. Bu baxımdan, beynəlxalq mediada yayılan proqnozlar göstərir ki, qarşıdakı il istehlakçılar üçün daha ehtiyatlı büdcə planlaması tələb olunacaq və ərzaq qiymətləri gündəmin əsas mövzularından biri olaraq qalacaq.
2026-cı ildə qlobal ərzaq bazarında gözlənilən bahalaşma dalğası Azərbaycandan da yan keçməyə bilər. Xarici media və beynəlxalq iqtisadi hesabatlarda yer alan proqnozlara görə, dünya üzrə əsas ərzaq məhsullarının qiymətində mümkün artımlar idxaldan asılı ölkələr üçün daha hissolunan olur. Bu baxımdan, qlobal bazarlarda baş verən dəyişikliklərin Azərbaycan daxili bazarına təsir etməsi ehtimalı yüksək qiymətləndirilir.
Mütəxəssislərin fikrincə, Azərbaycan bir sıra əsas ərzaq məhsulları, xüsusilə bitki yağları, şəkər, bəzi ət və süd məhsulları üzrə idxaldan asılıdır.
Beynəlxalq bazarlarda bu məhsulların qiymətinin artması, nəqliyyat və logistika xərclərinin yüksək qalması daxili bazarda da qiymətlərin mərhələli şəkildə yüksəlməsinə səbəb ola bilər. Xarici analitiklər bildirirlər ki, qlobal inflyasiya təzyiqləri zəifləsə belə, ərzaq sektorunda risklər 2026-cı ildə də qalacaq.
İqlim dəyişiklikləri də Azərbaycan üçün risk faktorlarından biri kimi göstərilir. Xarici kənd təsərrüfatı hesabatlarında qeyd olunur ki, hava şəraitindəki qeyri-sabitlik məhsuldarlığa mənfi təsir göstərdiyi halda, daxili istehsalın azalması idxala tələbatı artıra bilər. Bu isə qiymətlərin daha da bahalaşması ilə nəticələnə bilər. Xüsusilə tərəvəz, meyvə və yem məhsulları üzrə mövsümi qiymət artımlarının 2026-cı ildə daha kəskin hiss olunacağı istisna edilmir.