Medianews.az
Ali savadlıların sayı - Azərbaycandakı vəziyyət narahatlığa əsas verirmi? -
203 baxış

Ali savadlıların sayı - Azərbaycandakı vəziyyət narahatlığa əsas verirmi? - Ekspert rəyləri

Azərbaycanda 25 yaşdan yuxarı əhalinin 17,67%-nin ali təhsili var. Qonşu Gürcüstanda bu göstərici az qala iki dəfə çoxdur: 33,69%. Eyni zamanda Gürcüstanda gələn ildən dövlət ali məktəblərinin hamısında dövlət dilində təhsil tam pulsuz olacaq.

Azərbaycanda ali təhsilli əhalinin faiz göstəricisinin aşağı olması hansı əsas səbəblərlə izah oluna bilər? Təhsil haqqının yüksək olması bu rəqəmlərə necə təsir edir? Dövlət universitetlərində dövlət dilində təhsilin tam pulsuz olması təhsilin əlçatanlığını artıra bilərmi?

Mövzu ilə bağlı Medianews.az-a danışan təhsil eksperti Elçin Süleymanov bildirib ki, Azərbaycanda ali təhsillilərin sayının çoxaldılması üçün son illərdə plan yerləri artırılır: “Hazırda rəqəm 75 min nəfərə çatıb. Hər il orta məktəbləri təxminən 110-120 min adam bitirir. O baxımdan 75 min yaxşı rəqəmdir. Kolleclərə, peşə məktəblərinə qəbul olunanları da əlavə etsək, orta məktəb məzunlarının 75-80 faizinin təhsilini davam etdirdiyini görərik.

Qonşu Gürcüstanla müqayisədə əhalinin 25 yaşdan yuxarı hissəsi arasında ali təhsillilərin sayı az ola bilər. Amma 18-25 yaş arası qrupları müqayisə etsək, Azərbaycanın göstəriciləri digər postsovet ölkələrindən geri qalmaz. Çünki son illərdə plan yerləri əvvəlkindən iki dəfə çoxdur. Dövlət sifarişli yerlərin də sayı artıb. Təhsil Tələbə Krediti Fondunun dəstəyi ilə maddi cəhətdən çətinlik çəkənlərin təhsil almasına da imkan yaradılır. Ali təhsillilərin sayının çoxalması faydalıdır. Bir cəmiyyətdə ali təhsililər nə qədər çox olarsa, o qədər inkişaf olar".

Ekspert vurğulayıb ki, inkişafın daha yaxşı olması üçün ali təhsil proqramları da yenilənməli, əmək bazarının tələbatına uyğunlaşmalıdır: “Proqramlar dünyadakı müasir çağırışlara cavab verməlidir ki, ali təhsil məzunları iş tapa bilsinlər. Hazırda ali təhsil məzunlarının əhəmiyyətli hissəsi rəsmi olaraq çalışır. Eyni zamanda xaricdə təhsilini davam etdirənlər var. Bəziləri öz işini qurur, yola belə davam edir. Bəzi məzunlar isə iş tapmaqda çətinlik çəkirlər. Belə şəxslərlə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çox effektli proqramları da var. Dövlət Məşğulluq Agentliyi peşə hazırlığı kursları və digər vasitələrlə işsiz əhalinin iş qurmasına və ya peşə dərəcəsini artırmasına dəstək verir.

Bəzi insanlar var ki, ya işləmək istəmir, ya da qeyri-rəsmi işləyirlər. Fərdi təşəbbüslər çox az olur, daha çox dövlətdən iş yeri tələb edilir. Əmək bazarında rəqabətin olması normaldır. Yeni açılan iş yerlərinin dəstəklənməsi məsələsində müvafiq dövlət orqanları əməkdaşlıq şəraitində işləməlidir. Hazırda işğaldan azad edilmiş ərazilərimizin bərpasında kifayət qədər məşğulluğa dəstək verəcək layihələr həyata keçirilir. Həm enerji, həm tikinti, həm də infrastruktur sahələrində”.

Mövzu ilə bağlı Medianews.az saytı sosioloq Mail Yaquba da müraciət edib.

Ali təhsilli əhali sayının artması uzunmüddətli dövrdə ölkənin iqtisadi inkişafına necə təsir göstərir? Təhsilin keyfiyyəti ilə yanaşı, onun maliyyə baxımından əlçatanlığı arasında balans necə qurulmalıdır? Dövlətin bu sahədə atmalı olduğu addım nə ola bilər?

Mail Yaqub bildirib ki, dövlətin iki cür xərcləri var: “Biri geri dönüşü olmayan xərclərdir. Məsələn, hərbi sahədəki xərclərin geri dönüşü yoxdur. O pul yenidən dövlətə qayıtmayacaq. İkincisi isə yenidən dövlət büdcəsinə qayıdacaq, yəni geri dönüşü olan xərclərdir. Həmin xərclərdən biri təhsildir.

Təhsilə qoyulan investisiya batmır. Bunu bilməliyik. Dövlətin ali təhsilə yatırım etməsi çox vacibdir. Çünki dövlətin gələcəyi, iqtisadiyyatı, inkişafı təhsildən asılıdır. Kim təhsilin əleyhinə çıxırsa, demək, Azərbaycana xidmət etmir. Əksinə, ziyan vurur. Təəssüflər olsun ki, son vaxtlar bəzi çıxışlarda belə bir tendensiya müşahidə olunur. Guya təhsil almaq, kitab oxumaq insanın inkişafına xidmət etmir. Qətiyyən belə deyil. Bizim təhsildən başqa yolumuz yoxdur.

Əlbəttə, təkcə təhsil kifayət etmir. Tərbiyə də bunun yanında olmalıdır. Bu başqa məsələdir. İstənilən halda təhsil birinci yerdə durur. Dünyanın inkişaf etmiş ölkələrinə baxın. Görün orada ali, orta təhsilin səviyyəsi necədir?

Bu səbəbdən 25 yaşdan yuxarı ali təhsillilərin faiz dərəcəsində Gürcüstandan da geridə qaldığımızı əks etdirən statistika məni bir azərbaycanlı kimi narahat edir.

Təhsilin ölkəyə gətirdiyi üstünlük başqadır. Biz istifadə etdiyimiz avtomobilləri, mobil telefon cihazlarını baha qiymətə alırıq. Tutalım, telefonun maya dəyəri 50 manatdır, biz isə onu 1000 manata alırıq. Niyə? Cihazdakı texnologiyalara görə. Bəs onu istehsal edən ölkələr həmin texnologiyanı necə öyrənib? Təbii ki, təhsillə.

Ona görə təhsilə mütləq xüsusi diqqət ayrılmalıdır. Sosial xərcləmələr olmalıdır. Ola bilsin, bir gəncin çox savadı var, amma pulu yoxdur. Həmin gəncə dövlət dəstək versə, az sonra o gənc Azərbaycana böyük bir qazanc gətirə bilər”.

Nailə Qasımova,
Medianews.az

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusunda hazırlanıb.

Bizə qoşulun