29 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanan “Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi fərman və sərəncamlarda dəyişiklik edilməsi haqqında” Fərman təsadüfi və situativ qərar deyil.
Bu sənəd uzunmüddətli müşahidələrin, praktiki təcrübənin, qiymətləndirmələrin və qeyri-hökumət təşkilatları sahəsində real vəziyyətin dərindən öyrənilməsinin nəticəsi kimi formalaşıb. İllər ərzində tətbiq olunan mexanizmlər təhlil edilib, mövcud boşluqlar, təkrarlanan problemlər və institusional uyğunsuzluqlar müəyyənləşdirilib. Nəticədə dövlət–vətəndaş cəmiyyəti münasibətlərində yeni mərhələyə keçidi nəzərdə tutan sistemli qərar qəbul olunub.
Bu Fərman təkcə ayrı-ayrı qaydaların dəyişdirilməsi deyil, QHT-lərə dövlət dəstəyi sisteminin bütövlükdə yenidən qurulmasıdır.
Konseptual yeniliklər: Fərman nəyi dəyişir?
Fərmanın əsas mahiyyətini sadə dillə belə ifadə etmək olar:
QHT-lərə dövlət dəstəyi sahəsində pərakəndə və əlaqəsiz mexanizmlərdən vahid, əlaqələndirilmiş sistemə keçid təmin olunur.
Bu sistem dəyişikliyi bir neçə əsas istiqamətdə özünü göstərir.
- QHT-lərin maliyyələşdirilməsində “bir pəncərə” prinsipi tətbiq edilir
İndiyədək qeyri-hökumət təşkilatları müxtəlif dövlət qurumları, fondlar və agentliklər tərəfindən, bir-birindən asılı olmayan mexanizmlərlə maliyyələşdirilirdi. Bu isə maliyyə axınlarında pərakəndəlik, mövzu və prioritetlərin üst-üstə düşməsi, habelə dövlət siyasətinin icrasında koordinasiya problemləri yaradırdı.
Fərman bu vəziyyəti köklü şəkildə dəyişir. Bundan sonra:
QHT-lərin bütün növ dövlət maliyyələşməsi vahid koordinasiya prinsipi əsasında həyata keçirilir;
maliyyə mənbələri saxlanılır, ləğv edilmir;
lakin proseslər vahid sistem daxilində uzlaşdırılır.
Bu yanaşma mərkəzləşmə deyil, nizamlı və planlı əməkdaşlıq modelidir.
- Vahid informasiya sistemi yaradılır
Fərmanla “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi” adlı vahid informasiya sistemi təsis edilir. Bu sistem QHT-lərin maliyyələşdirilməsi sahəsində şəffaflığı, izlənə bilənliyi və institusional yaddaşı təmin edən əsas alətə çevrilir.
Yeni sistem vasitəsilə:
maliyyələşmə prosesləri ardıcıl şəkildə izlənilir;
təkrarlanan layihələrin qarşısı alınır;
prioritet sahələr üzrə dövlət siyasətinin icrası ölçülə bilən hala gətirilir.
Bu, QHT sahəsində rəqəmsal idarəetməyə keçidin institusional əsasını yaradır.
- QHT Agentliyinin funksional rolu genişləndirilir
Fərman Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rolunu keyfiyyətcə dəyişir. Agentlik artıq yalnız maliyyə ayıran qurum deyil, dövlət–özəl–QHT əməkdaşlığını əlaqələndirən sistem qurucu və koordinasiyaedici mərkəz funksiyasını daşıyır.
Agentlik:
bütün dövlət qurumları ilə birgə maliyyələşmə proseslərində iştirak edir;
mövzu və prioritetlərin müəyyənləşdirilməsində rol alır;
QHT sektorunun səriştəliliyinin və dayanıqlı inkişafının təşviqində iştirak edir.
Bu dəyişiklik Agentliyin institusional məsuliyyətini və idarəetmə yükünü əhəmiyyətli dərəcədə artırır.
- İdarəetmədə sistem dəyişikliyi: kollegial modelə keçid
Fərmanın mühüm yeniliklərindən biri idarəetmə modelinin dəyişdirilməsidir. İcraçı direktor modelindən imtina edilərək İdarə Heyəti institutu tətbiq olunur.
Bu dəyişiklik:
qərarların tək şəxs tərəfindən deyil, kollegial şəkildə qəbul edilməsini;
məsuliyyətin bölüşdürülməsini;
institusional sabitliyin və davamlılığın gücləndirilməsini təmin edir.
Bu, QHT sahəsində idarəetmə mədəniyyətinin yüksəldilməsinə yönəlmiş məqsədli və düşünülmüş addımdır.
- Şura və icra mexanizmləri arasında səlahiyyət bölgüsü və ictimai iştirakçılıq
Fərmanla Şura və icraedici strukturlar arasında funksional bölgü aydın şəkildə müəyyən edilir:
Şura ictimai nəzarət və strateji baxış funksiyasını yerinə yetirir;
İdarə Heyəti gündəlik idarəetmə və qəbul olunmuş qərarların icrasına cavabdeh olur.
Eyni zamanda bu yanaşma Şuranın formalaşmasında ictimai iştirakçılığın real və institusional əsasda gücləndirildiyini açıq şəkildə göstərir. Şuranın 7 üzvdən ibarət tərkibində 4 üzv vətəndaş cəmiyyəti institutlarının nümayəndələrindən, 3 üzv isə dövlət orqanlarının nümayəndələrindən formalaşdırılır. Daha mühüm məqam ondan ibarətdir ki, Şuranın sədri məhz vətəndaş cəmiyyəti nümayəndələri arasından seçilir.
Bu model ictimai iştirakçılığı formal təmsilçilik səviyyəsində saxlamır, onu qərarların formalaşmasına təsir edən institusional mexanizmə çevirir. Beləliklə, QHT-lərə dövlət dəstəyi sahəsində qəbul olunan qərarlar ictimai baxışın iştirakı ilə formalaşır, bu isə siyasətin legitimliyini və ictimai etimadı gücləndirir.
- Yeni yanaşma: dövlət dəstəyi və məsuliyyət balansı
Fərman dövlətin QHT sektoruna münasibətində yeni yanaşmanı ortaya qoyur. QHT-lər artıq yalnız maliyyə alan subyekt kimi deyil, ictimai problemlərin həllində tərəfdaş kimi qiymətləndirilir.
Eyni zamanda bu tərəfdaşlıq:
hesabatlılıq,
səriştəlilik,
dayanıqlılıq tələbləri ilə müşayiət olunur.
Bu yanaşma vətəndaş cəmiyyəti üçün yeni imkanlar açmaqla yanaşı, sektora daha yüksək institusional məsuliyyət də yükləyir.
Nəticə
29 dekabr 2025-ci il tarixli Prezident Fərmanı mexaniki dəyişikliklər toplusu deyil. Bu sənəd QHT-lərə dövlət dəstəyinin fəlsəfəsinin dəyişdiyini nümayiş etdirir.
Artıq əsas sual “kim nə qədər qrant aldı?” deyil.
Əsas sual “ictimai problemlərin həllində daha səmərəli, şəffaf və dayanıqlı sistem necə qurulur?” sualıdır.
Bu Fərman həmin suala verilmiş sistemli, ölçülmüş və düşünülmüş cavabdır.
Əliməmməd Nuriyev,
“Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri