Rusiya-Ukrayna müharibəsinin nizamlanması ilə bağlı Prezident Volodimir Zelenski 20 maddəlik sülh planı açıqlayıb.
1. Volodimir Zelenskinin açıqladığı 20 bəndlik sülh planı zahiri cəhətdən ABŞ-nin 28 maddəlik nizamlama prinsiplərindən fərqlənir.
Bununla belə, yeni sülh planının 12 və 14-cü maddələri – Zaporojye Elektrik Stansiyasına nəzarət və Donbas bölgəsinə nəzarət – ilə bağlı suallar açıq qalmaqdadır. Üstəlik, Kiyevin planında da NATO-ya üzvlük məsələsi qeyd olunmur, sadəcə olaraq NATO-nun 5-ci maddəsinin ekvivalentində Kiyevə təhlükəsizlik zəmanətlərinin verilməsi prinsipləri irəli sürülür.
Fərqlər:
- ABŞ-nin 28 bəndlik sülh planında Ukraynanın Donetsk və Luqansk (Donbas) vilayətlərinin işğal olunmamış ərazilərindən geri çəkilməsi təklif edilirdi. Əvəzində Donbasda beynəlxalq səviyyədə faktiki olaraq Rusiya ərazisi kimi tanınan silahsızlaşdırılmış zonanın yaradılması və Zaporojye və Xerson vilayətlərindəki mövcud cəbhə xətti boyunca müharibənin dondurulması tələb edilirdi;
- 28 bəndlik plan həmçinin sülh dövründə Ukrayna ordusunun sayını 600.000 nəfərlə məhdudlaşdırırdı və Ukraynanın NATO üzvlüyünə can atmaq səylərindən əl çəkməsinə çağırırdı. 20 bəndlik plana gəlincə, o, müqavilənin imzalandığı tarixdən etibarən cəbhə xətti boyunca Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərində müharibənin dondurulmasını tələb edir. Ukraynanın sülh dövründəki ordusunun sayını 800.000 nəfərə qədər qaldırılmasını təklif edir;
- Vaşinqton təklif edirdi ki, Zaporojye nüvə stansiyası Ukrayna, Rusiya və ABŞ tərəfindən birgə idarə olunsun, hər bir ölkə 33%-lik səhmə nəzarət etsin və stansiyanın əsas nəzarətçisi ABŞ olsun;
- Ukrayna Rusiyanın stansiya üzərində nəzarətini rədd edir. Əvəzində Kiyev stansiyanın ABŞ və Ukraynadan ibarət birgə müəssisə tərəfindən idarə olunmasını təklif edir. Təklifə əsasən, burada istehsal olunan elektrik enerjisinin 50%-i Ukraynanın nəzarətində olan ərazilərə gedəcək, digər 50%-in bölüşdürülməsini isə ABŞ müəyyən edəcək.
Hər iki yanaşmada, Krımın taleyindən bəhs edilmir və ümumilikdə de-yure Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstək olsa da, faktiki bölgü Ukraynanın Rusiyanın nəzarətində olan əraziləri necə qaytaracağına dair təfsir vermir. Yeni sənəd yekunda münaqişənin həllinə dair ABŞ-Ukrayna-Avropa təkliflərini ümumiləşdirir və prosesi Kiyevin xeyrinə çox da böyük olmayan dəyişikliyə yönəldir. Bu gedişat Ukraynanın parlaq qələbəsi yox, Rusiya ambisiyalarının yumşaldılması üçün məqamlarıifadə edir. Təbii ki, Rusiya 20 bəndlik plana adekvat cavab verərsə.
2. Ukrayna müttəfiqləri və tərəfdaşları ilə işləyərək Rusiyanın ambisiyalarını geri oxutmaq istəyir. Lakin ABŞ-nin qlobal dominantlığını qorumaq üçün Rusiya və Çin ilə açıq rəqabət mövqeyindən qaçdığı görünür. Bu, ABŞ-nin fərqli bir anlayışlardan yola çıxaraq yeni dünya nizamının formalaşmasına verdiyi strateji reaksiyadır. Bu yeni istiqamətləndirmə ilə ABŞ-nin qlobal təhlükəsizlik siyasəti üçün genişmiqyaslı nəticələr hesablanır:
- ABŞ Avropanı öz müdafiəsini təşkil etmək üçün maliyyə və təhlükəsizlik yükünü Avropanın üzərinə qoymağa cəhd edir,
- ABŞ qarşıdakı çətinliklərlə üzləşəndə prosesə daha yaxşı mövqedən müdaxilə etməyi strukturlaşdırır. Bu, onun Rusiya və Çinlə münasibətlərindəki uzunmüddətli rəqabət trayektoriyasının bir hissəsi olaraq yeni mərhələdə əməkdaşlıq modelinə üstünlük verdiyini prioritetləşdirir. Bu, gücə əsaslanan qlobal mübarizə taktikasında dəyişiklik kimi başa düşülə bilər.
3. Bunların fonunda, hətta Ukraynanın özünün də təqdim etdiyi sülh formulu Kiyevlə NATO arasında möhkəm təhlükəsizlik zəmanətləri prinsiplərinin reallaşmaması ilə nəticələnə bilər. Həm də ona görə ki, Ukrayna artıq təsir dairələri bölgüsünün daxilindədir. O, indi Rusiya ilə bərabər, ABŞ tərəfindən də sıxışdırılır və gələcəkdə prosesə Çinin qoşulacağı təqdirdə əlavə təzyiq dalğası ilə üzləşə bilər. Volodimir Zelenskinin bu dəfə həmişə olduğundan daha ağır yük və məsuliyyətlə ABŞ-yə (Florida) səfər edəcəyi gözlənilir. O, Donald Tramp administrasiyasını Kiyevin narahatlıqlarının bütün spektrlərinə inandırmağı bacarmalıdır.
4. Rusiya Prezidenti Vladimir Putin və Kremlin təbliğat aparatı Moskvanın ambisiyalarını ardıcıl təkrarlayaraq müharibə məqsədlərinə sadiqlik göstərir. Ancaq fərqli bir mənzərə yaranması ehtimal olunandır. Bu, Rusiyanın bəzi ərazilərdən geri çəkilərək bunu “sülhün qarantiyası” üçün Moskvanın “jesti” kimi qiymətləndirə bilər. Ancaq həmin ərazilər taktiki və strateji əhəmiyyət kəsb etməyən zonalar ola bilər. Rusiyanın müharibə formullarının kardinal dəyişikliyə məruz qalması əsasən iki faktorla əlaqəlidir:
- Ukrayna Rusiyanın işğal zonalarında güclü əks-hücum əməliyyatları həyata keçirərək Moskvanı müharibədən çəkinməsi üçün onu ciddi itkilərə məruz qoyur.
Ancaq ABŞ-nin NATO-dakı səfiri Mett Uitaker 23 dekabrda “Fox News”a bildirib ki, Rusiya qüvvələrinin döyüş meydanında “çox kiçik” qazanc müqabilində aldığı yüksək itkilər Kremli müharibəni bitirməyə məcbur etmir. Bura, Ukrayna ordusundakı şəxsi heyət defisitini də əlavə edəndə Kiyev üçün hərbi əməliyyatların çətinliyi və mürəkkəbliyi aydınlaşır. Başqa yandan isə, Putin nüvə silahları ilə hədələmə taktikası Qərbi ehtiyatlı davranmağa məcbur edir.
- Rusiyanın quru sərhədləri və dəniz ərazilərində Ukraynanın güclü kəşfiyyat əməliyyatları aparması Kiyevə daha güclü uğur gətirə bilər. Ukraynanın “Rusiyadaxili əməliyyatlar” profilində sərgilədiyi performans bu mövzuda Kiyevin əlini bərkidir. Lakin bu, müharibənin bitməsi səviyyəsinə o anda çata bilər ki, Vladimir Putin hakimiyyətinin qorunub-saxlanmasına təhlükə yaradan risklər çoxalsın. Rusiya daxilində bu dinamika başlayıb, lakin o, kritik həddə deyil və müharibənin gedişatı ilə əlavə istiqamətlərin yaranacağı isə istisna deyil.
5. Rusiya ilə ABŞ-nin Ukraynanın sülh planı üzərindən razılığa gəlməsi daha çox, Kremllə Ağ Evin biznes əsaslı geosiyasi sövdələşmələrinin hansı səviyyədə baş tutmasından asılı qalır. Rusiya ilə ABŞ arasında əvvəl əldə edilmiş razılığa əsasən, dondurulmuş Rusiya aktivlərinin təxminən 300 milyard dollarını üç mərhələyə bölünərək maliyyə əməliyyatlarına cəlb ediləcək.
“Euromaidan Press”, bu razılıq üzrə detalları təsvir edir:
- 300 milyard dolların üçdə biri ABŞ-ın nəzarəti altında Ukraynanın yenidən qurulmasına xərclənəcək və bu investisiyalardan əldə edilən mənfəətin 50%-i ABŞ-a çatacaq,
- Əlavə 100 milyard dollar kimi təsvir edilən ikinci tranş Avropa vergi ödəyicilərindən gələcək,
- Qalan 200 milyard dollar isə ABŞ-Rusiya birgə investisiya mexanizminə yerləşdiriləcək və hərbi əməliyyatların dayandırılması müqabilində Moskvaya əhəmiyyətli kapital qaytarılacaq.
Ehtimalla, Rusiya ilə ABŞ indi bu mövzu üzərinə daha çox fokuslanıb, ancaq prosesdə razılıq əldə edilməsə, Ağ Evlə Moskvanın Ukrayna ilə əlaqədar oxşar yanaşmaları dəyişə bilər...
Aqşin Kərimov,
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı