Medianews.az
Tramp niyə Yaponiyaya tərif deməyi düşünür?
109 baxış

Tramp niyə Yaponiyaya tərif deməyi düşünür?

ABŞ Prezidenti Donald Trampın Çinə səfərini ən azı altı həftə təxirə salması İrana qarşı müharibənin yekunlaşmaması ilə əlaqəlidir. Donald Trampın martın sonlarında, aprel ayının ilk günlərində Çinə səfər edəcəyi barədə xəbər ABŞ-ın İrana müharibəyə başlamadan öncə yayılmışdı. Görünür, Tramp və onun ətrafı düşünürdü ki, Çinə səfərə qədər İran təslim olacaq. İran zəifləsə də, müqavimətini davam etdirir. Belə vəziyyətdə Donald Tramp İranla məsələləri bitirmədən Çinə səfərin doğru olmayacağı qənaətinə gəlib.

Tramp Çinə səfərin təxirə salındığını martin 19-da Ağ Evdə Yaponiyanın baş naziri Sanae Takaiçi ilə görüş zamanı bildirib. “Çinə səfərim zamanı Yaponiyanı tərifləyəcəyəm” – deyən Tramp Pekinlə Tokio arasında gərginliyin qaldığını vurğulayıb. Tramp bunu ona görə xatırladıb ki, bu gərginliyi də yalnız o aradan qaldıra bilər.

ABŞ Prezidenti ilə Yaponiyanın baş naziri iki ölkə arasında iqtisadi əməkdaşlığı dərinləşdirəcəkləri barədə razılığa gəliblər. Sanae Takaiçi Yaponiyanın ABŞ iqtisadiyyatına 73 milyard dollar yatırım qoyacağını vəd edib. Bundan başqa Yaponiya ABŞ-dan idxal etdiyi neftin həcmini artıracaq. İki ölkənin liderinin görüşündə beynəlxalq mövzular da müzakirə edilib. Sanae Takaiçi İran məsələsində ABŞ-ı dəstəklədiyini bildirib. Yaponiyanın baş naziri Hörmüz boğazındakı mürəkkəb vəziyyətin Yaxın Şərqlə yanaşı Hind və Sakit Okean bölgəsinə də mənfi tsətirləri olduğunu söyləyib.

Donald Tramp Hörmüz boğazı məsələsində Tokiodan əməli dəstək gözlədiyini gizlətməyib. “Yaponiyanın 45 min hərbçisi var” – deyən Tramp yaponiyalı hərbçilərin Hörmüz boğazının təhlükəsizliyində iştirakını arzuladığını bildirib. Tokio üçün bu məsələdə qərar vermək çətindir. Yaponiyanın baş naziri sözdə ABŞ-ı dəstəklədiyini bildirsə də, İrana qarşı müharibədə rol almaq istəmir. Ancaq Tokionun manevr imkanları məhduddur. Tokio Trampın dəstək çağırışlarına səssiz qalarsa, ABŞ-ın Yaponiyanı hərbi sahədə dəstəyi zəifləyə bilər. Bu isə bölgədə hərbi gücünü artıran Çinin işinə yarayacaq ki, bu halda Yaponiya üçün ciddi təhlükəsizlik problemi yaranacaq. Tokio həm də ondan narahatdır ki, Donald Tramp Çinə səfəri zamanı Yaponiyanın maraqlarını arxa plana ata bilər. Çinin hərbi gəmiləri Yaponiya sahillərinə yaxın sularda hərbi təlimlərinin sayını artırıb. Çinin Tayvanı nəzarətə götürmək siyasəti də Tokionu ciddi narahat edir. Yaponiya təkbaşına Çinin artan gücü ilə bacarmayacaq. Tokionun Vaşinqtonun dəstəyinə ehtiyacı var. Belə olan halda Tokio Vaşinqtonun istəklərini nəzərə almaq məcburiyyətindədir.

Elxan Şahinoğlu,
politoloq

Bizə qoşulun